Öncəliklə hər kəsə yeni təqvim ilində uğurlar arzulayıram! Hər keçən il kimi 2020-ci ili də qarşıladığımız kimi də yola saldıq. Pandemiya səbəbi ilə demək olar ki, həyatın durma nöqtəsinə gəldiyi ötən il bir çox əhəmiyyətli hadisələrlə də yadda qaldı. İnşallah ki, qədəm basdığımız 2021-ci ildə virusun da vaksini tapılar və normal həyatımıza qayıdarıq.


Gələk əsas mövzumuza.


İslam dini insanlığa göndərilmiş olan son ilahi dindir. Bu dinə mənsub olanlara müsəlman, dinin əmrlərini yerinə gətirərək ibadət edənlə isə mömin deyilir. İslam dininin banisi son Peyğəmbər olan Həzrət Məhəmməd (s.ə.s), müqəddəs kitabı isə Qurani-Kərimdir. Bilirəm, bir çoxunuzun düşüncəsində “bunları sadalamağına nə ehtiyac vardır” kimi suallar yarandı. Amma bəzən xatırlatmalara ehtiyac duyur insan. Dünyaya uyub əsas təməlləri unuda bilirik. Necə ki, bu gün Allahın əmri olan ibadətləri arxa plana alaraq var-dövlət dalınca qaçırıq. Ancaq ruzini verən həmin o ibadətləri verən Allah olduğunu unudaraq. Biz Allaha tərəf yönəlib onun istədiyi kimi doğru-düzgün, halal yaşasaq ruzumizi də yetirəcək.


Son zamanlarda dünyada İslam dininə və İslam Peyğəmbəri Hz. Məhəmmədin (s.ə.s) mənəvi şəxsiyyətinə yönəlmiş aşağılayıcı və möhtərəmliyinə xələl gətirəcək hərəkət və davranış formalarının sistemli bir şəkildə ortaya çıxması bir müsəlman olaraq bizləri də narahat etməkdədir. Məhz bu səbəblə istədim ki, həm dinimiz, həm də Peyğəmbərimiz haqqında qısa da olsa bir təkrara yol verək.


Tarix boyu bu cür anti-İslam yönlü hadisələr çox baş vermişdir. Ancaq o mübarək insan yaşadığı dövrdə belə onu təhqir edən, ona qarşı tərbiyəsizlik edənlərə qarşı öz fərdi varlığına istiqamətli olub, müsəlman cəmiyyətin dini və ictimai həyatını sarsıdacaq səviyyəyə çatmayan əziyyət və hörmətsizliklərə reaksiya verməyərək, ictimai narahatlıqların ortaya çıxmasına meydan verməmiş, özünə edilən bu əziyyətlər qarşısında kədərini ürəyində basdıraraq Allahın sonsuz mərhəmətinə sığınmışdır. O, elə bir gözəl əxlaqa sahib idi ki, Allah Qurani-Kərimin “Hicr” surəsinin 72-ci ayəsində “(Ey Peyğəmbər!) Sənin həyatına and olsun ki,…” deyə and içir. Başqa bir ayədə isə “Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik!” (Ənbiya, 107) deyə xitab olunur.


Həzrəti Peyğəmbər həyatı boyunca heç bir millətin və dinin müqəddəs saydığı şəxsləri və ya məkanları təhqir etməmiş, ümmətinə də bunu qadağan etmişdir. Bütün peyğəmbərləri öz qardaşaları olaraq zikr etmişdir. Bir başqa dinin nümayəndəsinin cənazəsi keçəndə belə ona hörmət olaraq ayağa qalxmış və bununla da digər din nümayəndələrinin dirilərinə olan hörmətini, ölülərinə belə göstərmişdir. Bu da İslam dininin nə dərəcədə tolerant bir din olduğunun göstəricisidir.


Ancaq bu gün heç müsəlman olmayan biri özünü İslam Peyğəmbərinə bənzədərək digər şəxslərin Allahdan və Peyğəmbərdən çəkindikləri kimi ondan da çəkindiklərini ifadə etmişdir. Bəli, deyə bilərsiniz ki, bu bir bənzətmədir. Bənzətmə olsa belə bir millətin, bir inancın müqəddəsləri ilə bənzətmə etmək düzgün deyil. Müsəlmanları təhqir etmədən başqa cür və ya başqa şəxslər üzərindən bənzətməsini edə bilərdi.


Bu hadisə bir provokasiya da ola bilər. Belə hadisələr qarşısında müsəlmanlara yaraşan təmkinli olmaları, İslamın gözəl əxlaqını sərgiləyərək o insanlara həqiqi İslamı göstərməlidirlər.

 

Hacı BƏKİROĞLU