İnsanın geyimi onu soyuqdan, istidən qorumaq vasitəsi kimi düşünülmüşdür. Elə buradaca qeyd edək ki, tarixi inkişafın sonrakı mərhələlərində insan geyiminin bu funksiyalarından əlavə ona digər vəzifələrin daşıyıcısı kimi də baxılmış, geyim dəstinin müxtəlif ünsürləri əski insanın mifik-sakral dünyagörüşünü də ifadə etməyə başlamışdır. Məsələn, insanın baş geyimi müsbət-xeyir kimi dəyərlərin rəmzinə, ayaq geyimi isə mənfi-şər qüvvələrin təmsilçisinə çevrilmişdir.

 

Geyimin müxtəlif komponentlərdən ibarət olması bəllidir. Geyimi təyinatına görə bir neçə hissəyə bölmək olar. Biz insanın geyim dəstini bu cür sıralayaq: baş, üst, alt və ayaq. Bu sıraya yaylıq, kəmər kimi vasitələri isə köməkçi vasitə kimi əlavə edək.

 

Bu kiçik yazıda biz yaylıqla, daha doğrusu “burun yaylığı”, “cib yaylığı” adlandırılan köməkçi vasitə ilə bağlı fikirlərimizi vermək niyyətindəyik. Qadın baş örtüyü olan yaylıqla bağlı fikirlərimizi isə başqa bir yazıda verəcəyimizi indidən anons edirik. Bəri başdan deyək ki, yaylıq insanın əsas geyim kompleksinə daxil deyil. Yaylıq, məsələn, ayaqqabı kimi, köynək kimi insan bədəniylə birbaşa əlaqəsi olmayan bir geyim detalıdır. Və əslində onu geyim dəstinə daxil etməmizin özündə də bir yanlışlıq var.

 

Cib yaylığını insan istədiyi vaxt özündən kənarlaşdıra, onu ayrı tuta bilər. Hətta belə də düşünə bilərik: insan yaylıqsız da keçinə bilər, geyim dəstini yaylıqsız da tamamlamaq imkanı var. Yaylığın insan bədəniylə təması geyim dəstinin digər komponentləri qədər də deyil.

 

Yaylıq xalq inanclarımızda bir neçə funksional vəzifə daşıyıcısıdır.

 

Yaylığın yerinə yetirdiyi iş – bədənin təmizlikçisi olması da, onun mənfi semantik yük qazanmasına səbəb kimi anlaşılmışdır. Bu səbəbdən də o, mənfi emosiyaların daşıyıcısı bir metaforaya çevrilmişdir.

 

Bəşir Əhmədovun “Etimologiya lüğəti”ndəki yaylıqla bağlı fikirlərini burada diqqətinizə çatdırmaq məqsədim yaylığın mənfi semantikasını üzə çıxarmaq istəyimlə əlaqədardır. B.Əhmədov yazır: “(Yaylıq – A. M.) fars mənşəli dəsmal sözünün bizim dildəki qarşılığıdır. Mənbələrdə bu kəlmə yağlıq kimi əks etdirilib. Deməli, yayla yox, yağla bağlıdır (əlin, ağızın yağını silən vasitə). Dilimizdə yaylıq yerinə curamal (su silən) kəlməsi də işlədilib. Bəzi dillərdə yağ yerinə may, yaylıq əvəzinə isə maylıq işlədilir ki, bu da yuxarıdakı mülahizənin doğruluğuna dəlalət edir, heç fars sözü olan dəsmal (dəst və mal) sözünün özündə də “yay” əlaməti yoxdur. Bu sözün bir sinonimi də suvluq olub. Görünür, “suyu silən, qurulayan” deməkdir”.

 

Gətirdiyimiz misaldan da göründüyü kimi, yaylıq tərləmiş, kirlənmiş, yağlanmış ağız, burun, əl və digər bədən üzvlərinin təmizlikçisidir. Bu vəzifəni icra etməsi isə əski düşüncədə onun mənfi mənalar qazanmasına gətirib çıxarmışdır.

 

Yaylıq yelləmək kimisə çağırmaq, səsləmək funksiyasını da yerinə yetirmişdir. İnsan səsinin çatmayacağı bir yerdə dayanan şəxsin çağırılması məqsədilə yaylığın baş üzərinə qaldırılaraq yellədilməsi çağırışın, səsləmənin nişanıdır. Xalq mahnılarımızın birində deyilir: “Dəsmal elə, apar məni yanınca”. Dəsmalın farsca yaylıq mənası verdiyini artıq bilirik. Mahnıdakı “dəsmal elə” deyimi “yaylıq elə” kimi başa düşülməli və “məni çağır, məni səslə” anlamında qavranılmalıdır.

 

Xalq inamlarımızda yaylıq ayrılığın rəmzi yerində iştirak edir, eləcə də kiməsə yaylıq hədiyyə verilməsi yasaqlanır. Görünür, yuxarıda da qeyd etdiyimiz kimi, yaylıq insanın əsas geyim dəstinə daxil edilmədiyi, heç bir vasitə ilə əsas geyim kompleksinə bağlanmadığı üçün belə bir rəmzə çevrilmişdir. Duet şəklində ifa olunan “Yaylıq” Azərbaycan xalq mahnısında biz yaylığın ayrılıq rəmzi olmasını açıq-aydın görə bilirik. Mahnı mətnində qızın oğlana müraciətlə söylədiyi bu bənd maraq doğurmaya bilməz:

 

 

Anamdan bir yaylıq aldım,

Heç bilmirəm harda saldım.

Səndədirsə, ver yaylığı,

Yaylıq salar ayrılığı, (seçmələr bizimdir – A. M.) gülüm,

Gözəl oğlan, ver yaylığı.

Yaylıq salar ayrılığı, (seçmə bizimdir – A. M.) yarcan,

Gözəl oğlan, ver yaylığı.

 

 

Qızla zarafat edən, yaylığın onda olmadığını dilə gətirən gənc sonda yaylığı qıza qaytarmalı olduğunu anlayaraq deyir:

 

 

Qurban olum göz-qaşına,

Gedib demə qardaşına.

Sevgilinəm, gəl incimə,

Yaylıq məndədir, gözəllər gözəli,

Al, ay gözəl, al yaylığı.

 

 

Xalq düşüncəsi yaylığın ayrılıq rəmzi olmasına bu cür münasibət bəsləyir. Sanki, gənc oğlan yaylığı özündə saxlamaqla bu aksesuarın sevdiyi qızla qovuşmasına mane olacağından, etdiyi zarafatın pis sonluqla nəticələnə biləcəyindən ehtiyatlanaraq yaylığı qaytarır. Xalq düşüncəsində yaylığın ayrılıqla assosiasiya olunması gənc oğlanın yaylığı qaytarmasına təkan verir və onun başqa cür hərəkət edəcəyini güman etməmiz belə mümkün deyil.

 

Fikrimizcə, gətirdiyimiz misallar yaylıqla bağlı ehtimallarımızın, qənaətlərimizin inandırıcılığını təsdiqləmək baxımından yetərli sayılmalıdır.

 

Afiq MUXTAROĞLU