İnsan yaşa dolduqca elmin, savadın və təhsilin dəyərini daha aydın şəkildə dərk edir. Zaman keçdikcə başa düşür ki, bilik insanın həm özünü, həm də həyatını qoruyan ən güclü silahdır. Təəssüf ki, bu həqiqət uşaq yaşlarında hiss edilmir. Uşaqlar üçün isə elm səbir tələb edən və bəzən də mənasız görünən bir anlayışdır. Məhz bu səbəbdən savadın əhəmiyyətini onalara ilk olaraq valideynlər öyrətməli, bunu təkcə sözlə yox, davranışları ilə də göstərməlidirlər. Lakin yaşadığımız dövrdə bu olduqca çətin məsələdir. Bu gün uşaqlar deyilən sözə qulaq asmır, məsləhəti eşitmir, ətrafındakı digər uşaqların təsiri altında qalır, hətta xeyirinə deyilən cümləni belə tərsinə qəbul edirlər. Valideyn “can” deyəndə də uşaq “çor” eşidir. Çünki uşaqların diqqəti artıq deyilən sözdə deyil.

 

Bu laqeydliyin və savadsızlığa meyilliliyin bir çox səbəbi var. Təəssüf ki, uşaqlar dərk etməsələr də bəziləri təhlükəli səbəblərdir. Bu təhlükəli səbəblərdən biri zorakılıq üzərində qurulmuş mobil oyunlarıdır. Bu cür oyunlar uşaqların zehnini inkişaf etdirmir, əksinə, aqressiyasını artırır və oxumağa, düşünməyə olan marağını öldürür. Bununla yanaşı uşaqların psixologiyasını çox ciddi şəkildə pozur. Artıq uşaqlar elə düşünürlər ki, hər məsələ zorakılıqla həll olunur, hər çətinliyin öhdəsindən vurub-dağıtmaqla gəlmək olur. Beləcə, uşaq dönüb olur od parçası və zorakılığa meyilli biri.

 

Digər ciddi problem isə “TikTok” kimi sosial platformalardır. Qısa və məzmunsuz videolar uşaqları düşünməkdən uzaqlaşdırır, diqqət dağınıqlığı yaradır və onları kitaba, elmə yadlaşdırır. Nəticədə uşaq öyrənən yox, sadəcə baxan və təkrarlayan varlığa çevrilir. Bu isə gələcək üçün təhlükəli siqnaldır.

 

Telefondan asılılıq uşaqlarda diqqət dağınıqlığı, disleksiya kimi xəstəliklərlə yanaşı fiziki sağlamlıqlarında da ciddi fəsadlar yaradır. Belə ki, boyun sümüklərində əyrilik, skolioz, göz zəifliyi və başqa problemlərə səbəb olur.

 

Bəzi valideynlər bunun fərqində olub uşaqlarını telefondan uzaq tutmağa çalışırdı. Amma 2020-ci ildə əsrin bəlası kimi qəbul etdiyimiz “COVID–19” pandemiyası zamanı məktəblər məcbur onlayn təhsil sisteminə keçdi. Uşaqların telefon asılılığı da elə bununla başladı. Dərsdən geri qalmasın deyə valideynlər məcbur olub borc-xərc, kredit – nə yolla olur olsun uşağa telefon aldılar. Onlar da telefonda vaxt keçirməyin dərs oxumaqdan daha asan olduğunu görüb heç əllərindən yerə qoymadılar. Sonra valideynlər nə qədər çalışsalar da uşağı telefondan ayıra bilmədilər.

 

Uşaqların savadsızlığa meyilliliyinin digər bir mühüm səbəbi də ailələrdir. Kitab oxunmayan, öyrənməyə dəyər verilməyən bir mühitdə böyüyən uşaq üçün bilik üstünlük hüququ qazanmır. Valideynlərin “qiymət alsın, sinifdə qalmasın kifayətdir” yanaşması isə uşağın təhsilini məqsədsiz bir formaya gətirib çıxarır.

 

Məktəblərdə də problem az deyil. Əzbərləməyə əsaslanan təhsil sistemi uşaqların düşünmə qabiliyyətini zəiflədir. Dərs oxumaq artıq uşaqların gözündə inkişaf vasitəsi deyil, məcburi yük kimi formalaşır. Nəticədə uşaqlar oxumaqdan uzaqlaşır və daha asan yolla öyrənilən məlumatlara meyil edirlər. Beləcə, uşaqlardakı savadsızlığa meyillilik gələcəyin çox ciddi problemlərinin əsasını qoyur. Düşünməyən, analiz etməyən, oxumayan nəsil asan idarə olunan kütləyə çevrilir.

 

Yaxından tanıyıb xüsusi hörmət bəslədiyim bir xanım tez-tez uşaqlarının gələcəyi üçün narahatlığını dilə gətirir. Özü ziyalı ailənin qızı və savadlı bir qadın olduğu üçün övladlarından da eynisini tələb edir. Hər dəfə danışanda onun qorxusu gözlərində açıqca görünür. Deyir ki, “uşaqlara başa salıram biliyin, savadın nə qədər vacib olduğunu, ancaq onlar üzümə elə baxırlar, sanki sözlərini bitir get, biz də oyunlarımıza qayıdaq deyirlərmiş kimi”.

 

Savadsızlığa meyillilik təkcə uşaqların problemi deyil, cəmiyyəti də narahat edən çox ciddi məsələdir. Yaşadığımız dövrdə informasiya bolluğuna baxmayaraq uşaqlar arasında bu problem getdikcə artır. Biliyə çıxış imkanları genişləndikcə bilik əldə etməyə maraq da azalır. Bu hal da bütövlükdə cəmiyyətin intellektual səviyyəsinə təsir göstərir. Savadsızlıq yalnız oxuyub-yazmamaq deyil, düşünə bilməmək, nələrisə analiz edə bilməməkdir. Savadsız uşaq sabah savadsız cəmiyyət deməkdir. Bu gün uşağın dünyagörüşü yalnız ekranla məhdudlaşırsa, sabah onun düşüncə sərhədləri də o ekran qədər dar olacaq.

 

Bu problemin qarşısını almaq üçün ailə, məktəb və cəmiyyət birlikdə məsuliyyət daşımalıdır və bunu aradan qaldırmaq üçün yol tapmalıdırlar. Uşaqlara bilik sevgisi zorla deyil, nümunə və doğru yönləndirmə ilə öyrədilməlidir. Çünki savadlı uşaqlar yalnız öz gələcəyini deyil, cəmiyyətin sabahını da qururlar.

 

Afaq Azər