Günümüzdəki insanın hərəkət və davranışlarında ciddi şəkildə uyğunsuzluqlar müşahidə edirik. Davranışın nitqdən fərqliliyini görürük. Verilən sözlərə qarşı laqeydlik görülərkən, laqeydlik yetməmiş kimi, bu hərəkət qarşısında məhcubiyyət də görmürük. Bir sözlə, axır zamandakı insanda bir sıra bu kimi həkətlər görülür və hətta ikili münasibətlərdə də bu öz əksini tapmaqdadır. Sevirəm deyən insan sevginin meydana gətirməsi lazım olan davranışların əksini nümayiş etdirir, bu da qarşı tərəfdə bir güvən sarsıntısına səbəb olur. Sənin üçün dağları dələrəm deyənlərin sabahı gün dağlar yerinə, sözün əsl mənasında, sevdiyi insanın qəlbini qırmaqdadır. Yəni sevdiyinə xələl gətirməkdədir. Sevdiyi qadına  sevgisini etiraf edib, min bir bəla ilə onu sevdiyinə razı salıb, onun qəlbini qazanıb, tam da bərabər həyat yolunda xoşbəxtliklə addımlamaq anında yol ortasındaca yüz cür fitnə-fəsad içində qoyub uzaqlaşanları görürük. Və yaxud da sevdiyi, uğrunda hər cür çətinliyə dözdüyü kişini həyat adlı bu səhnədə başqası ilə dəyişdiyini görürük. Bu hadisələrin dərinliyində bir neçə amil yatır, onu bəlkə görə bilmirik, amma mən bu gün gördüklərimizdən söz açmaq istəyirəm.

 

Deməli, bu yaxınlarda qulağıma ilişən bir neçə musiqidən söz açmaq istəyirəm, deyəcəksiniz yuxarıda yazılanın musiqi ilə nə əlaqəsi var? Əlaqəsinin olduğunu mövzunun sonuna doğru gedərkən şahid olacağıq. Musiqinin sözlərində deyilir ki, “baxma ki, sevirəm səni, zəhləm gedir səndən”. İnsanı seviriksə ondan necə zəhləmiz gedə bilər axı, bu necə bir uyğunsuzluqdur? Bu nədir, nə musiqidir, bəlkə də bir komediya məqsədli ifa olunub dedim və açıb internetdə baxdığımda komediya məqsədli olmadığını gördüm, hətta səhnədən onu dinləyənləri də gördüm, ağlı başında insanlara bənzəyirdilər. İzləyicilər arasında gənc nəsillə bərabər orta yaşlı, yetkin insanlar da əylənərək izləyirdilər. O zaman məndə belə bir sual yarandı: bu insanlar nə dinlədiklərini anlayırlarmı görəsən? Bu musiqinin mənasını hansı misrada görürlər görəsən? Və ya bu musiqidən nə anlayırlar? Bu musiqidə eşqə, məhəbbətə, insana verilən dəyər haradadır? Burada sadəcə musiqinin bir cümləsini qeyd etdim, musiqi başdan sona qədər uyğunsuzluq toplusudur.

 

Bu musiqidən yola çıxaraq son zamanlarda ifa olunan və sevilən musiqilərin bir neçəsini incələməyə başladım, əksər musiqilərdə “məni sevən insan mənim olmalıdır” deyilir, sanki insan bir əşyadır, standart sözlər, cümlələr dəfələrlə təkrarlanır. Nə məna, nə qeyri-adilik görünmür. Üç cümlə irəli-geri oxunur, bununla da musiqi bitdi. Bəs nəyə görə bu qədər maraq oyanır izləyənlərdə, dinləyənlərdə? Bunu sizlərlə birgə incələyək.

 

Musiqi üç hissədən ibarət olur: sözlər,  ritm və görünüş. Son zamanlarda sözlər ön planda deyil, ritm və görünüş göz önünə çıxarılıb və bunun sayəsində dinləyici və izləyici toplamaq daha asan olur. Ritm daha çox hərəkətli olur və buna görə sevilir, görünüşdə də daha çox diqqət cəlb edə bilmək üçün qadınlar üzərindən yola çıxılır. Oxuyan qadındırsa özü, oxuyan kişidirsə klip yoldaşı üzərindən, yəni qadınlar üzərindən daha çox diqqət mərkəzinə gətirilir. İzləyicilər də iki kütlədən ibarətdir: qadınlar və kişilər. Qadınlar klipləri izləyərək orada olan qadınlara bənzəmək həvəsinə bürünərkən, kişilər də görüntüdən xoşlandıqları üçün izləyirlər.

 

Yuxarıda yazılan abzasla daha sonrakı abzas arasındakı bağlılığa aydınlıq gətirmək istəyirəm. Bu dinlədiyimiz musiqi və bunu kimi məna daşıyan səslər, musiqilər bizim şüuraltına birbaşa təsir edir. Şüuraltında olan hər bir məlumat da bizim hərəkətlərimizə birbaşa yansımaqdadır. Yəni şüuraltında nə varsa o bizim hərəkət, davranış və eləcə də sözlərimizə yansıyar. Bu kimi musiqiləri dinləyən bir nəslin nümayəndələri də, təbii ki, musiqidə olduğu kimi uyğunsuzluqlar sərgiləməkdədirlər. Birilərinin maddi çıxarları üçün etdiyi işin bizləri gətirdiyi nöqtəyə diqqət çəkmək istəyirəm. Təbii ki, bu kimi hadisələrin  zamanla üzərimizdə təsiri daha da sərt olur.

 

Və beləliklə bu gün gəldiyimiz nöqtənin səbəblərindən birini sizlərlə aydınlatmış olduq.

 

Hər zaman olduğu kimi bu dəfə də millətimə səslənirəm, millətin və cəmiyyətin öz paklığını, saflığını və milliliyini qoruması üçün gəlin birlik içərisində olaq, bizlərə mənfi təsir edən amilləri bərabər aradan qaldıraq. Bərabər qaldıraq ki, təkin buna gücü yetməz. Atalar sözündə deyildiyi kimi: “Güc birlikdədir”.

 

Yazının başlığının “Məsum görünən qəbahətli” olmasının səbəbi də budur: musiqi məsumdur, safdır, hüzur verəndir deyilir, ancaq belə mənfi yönlü istiqamətə xidmət edən musiqilər, əfsuslar olsun ki, məsum deyillər, qəbahətlidirlər.

 

Məsum görünən qəbahətli hər hansı sahədə olursa olsun, mənfi təsiri varsa, insan üzərində, insanlıq üzərində onun təkan tapmasına fürsət verməməliyik.

 

Lamiyə HACIYEVA

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri