Orta məktəblərdə dərs ili sona çatanda adətən müəllimlər şagirdlər üçün ekskursiyalar təşkil edirlər. Doqquz ayın yorğunluğunu, stresini, həyəcanını, gərginliyini, səhər yuxusundan məhrumiyyətini, əlbəttə ki, bir-iki günlük ekskursiya ilə nə müəllimlər, nə də şagirdlər çıxara bilər.

 

Fikir vermisinizsə, ana da övladını bətnində doqquz ay gəzdirdikdən sonra dünyaya gətirir, müəllim də şagirdlərinə bir sinifdə doqquz il dərs dedikdən sonra onları yeni həyata ötürür (gətirir). Bir az sentimental bənzətmə olsa da, müəllimə ikinci ana deyilməsi bəlkə də bu doqquz rəqəmi ilə bağlıdır (Ümumiyyətlə, bizdə müəllim deyəndə ilk ağla gələn qadın müəllim olur, həm də ibtidai sinif müəllimlərinin əksəriyyəti qadın müəllimlər olduqlarına görə belədir yəqin, mən kişi ibtidai sinif müəllimi tanımıram, görməmişəm, buna görə də xahiş edirəm “müəllim ikinci anadır” deyiminə kişi müəllimlər tolerant yanaşsınlar). Deyəsən mətləbdən uzaqlaşıb numerologiyaya ekskursiya etdik, halbuki, ekskursiyamız təbiət qoynuna və ya zooparka olmalı idi.

 

Necə ki bunu müəllimlərin bir çoxu edir. Ekskursiya deyəndə ya hansısa ağaclıq, çəmənlik yada düşür, ya da zoopark. Yazını diqqətlə oxuyun ki, söhbətin bütün müəllimlərə aid olmadığını öz gözlərinizlə görəsiniz (oxuyasınız).

 

Sosial şəbəkələrdə şagirdlərin ekskursiyaları ilə bağlı videolar, şəkillər qarşıma çıxdı. Sevindirinci bu idi ki, bəzi müəllimlər şagirdlərini muzeylərə, qalereyalara aparmışdı, təəssüf doğuran isə əksər müəllimlərin ekskursiya məkanı olaraq yenə də ağaclıq, göl ətrafı, çəmənlik və zooparkı seçmələri idi.

 

Axı, möhtərəm intelligentlər, hər il eyni ağacı, təpəni, heyvanı görməkdən bezmədinizmi? Şagird məktəbi bitirəndən sonra yadında qalan yeganə xatirəsi zooparkda gördüyü heyvanlar olur. On iki il buna görəmi oxuyurdu? Axı o akasiya ağacını, çinarı, şamı, palıdı, o təpəlikləri, keçini, qazı, atı, eşşəyi şagird hər gün görür, bunun üçün istidə əlli kilometr yol qət etməyə ehtiyac da yoxdur. Göl demiş, axı Təhsil Nazirliyi məktəblərə ekskursiyalarla bağlı göstərişində şagirdləri çay, su anbarı, göl ərazisinə aparmağı qadağan edib.

 

Belə çıxır ki, ya Novruzəli divanxananı tanıyan kimi bizim də paytaxtda tanıdığımız yeganə yer zooparkdı, ya da başımızı muzeylə, qalereyayla ağrıtmaq istəmirik, zooparkla yola veririk. Həm yolu-izi yaxşı tanıyırıq, həm də artıq zooparkdakı bütün heyvanlar bizi tanıyır.

 

Möhtərəm intelligentlər, axı Tbilisidə bir-birindən maraqlı gediləsi, görüləsi məkanlar çoxdur. Məsələn, şəhərin girişində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi qapılarını hamının üzünə açır, onun qarşısında Bülbülün büstü var, ondan bir az aralı Heydər Əliyev adına park, Nəriman Nərimanovun ev muzeyi, Cəlil Məmmədquluzadənin ev muzeyi, Tiflis Azərbaycan Dram Teatrı, ondan yuxarıda Tiflis Cümə məscidi, Nəbatat bağında M.F.Axundzadənin, Mirzə Şəfi Vazehin, Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin məzarlarının yerləşdiyi görkəmli azərbaycanlıların panteonu var. Parlamentin qarşısında tanınmış rəssamların əsərlərindən ibarət Gürcüstan İncəsənət Qalereyası, onun yanında Pirosmani, Kakabadze, Qudiaşvili kimi görkəmli rəssamların əsərlərinin sərgiləndiyi Milli Qalereya, bir az aralıda Lado Qudiaşvilinin ev muzeyi, Gürcüstan Parlamentinin Milli Kitabxanası, Gürcüstan Milli Muzeyi fəaliyyət göstərir. Ümumiyyətlə, yaxşı olar ki, ekskursiyalar təkcə dərs ilinin sonunda deyil, ildə bir neçə dəfə təşkil olunsun, muzeylərlə, qalereyalarla, tarixi və mədəni yerlərlə yanaşı, həmçinin paytaxtda yerləşən təhsil ocaqlarına, universitetlərə də ekskursiyalar edilsin ki, şagirdlər universitet seçimi edəndə məlumatsızlıqdan çətinlik çəkməsinlər və sair, və ilaxır.

 

Bəs biz nə edirik? Uşaqları “marşrutkalara” doldurub zooparka aparırıq. Axı şagird bu ekskursiyadan nə nəticə əldə etsin? Uzağı kənd eşşəyi ilə zooparkdakı şəhər eşşəyinin yaşayış şəraitini fərqləndirə biləcək, iki eşşəyin arpasını bölə biləcək, ya bilməyəcək yəni.

 

Möhtərəm intelligentlər, mən burada bildiyim, gördüyüm yerlərin adını qeyd etdim. Getməli, gəzməli, görməli yerlər çoxdur. Mənə inanmırsınızsa gürcüdilli məktəblərdə işləyən müəllim həmkarlarınızdan da soruşa bilərsiniz. Öyrənin, görün onlar öz şagirdlərini ekskursiyaya hara aparırlar.

 

Azər MUSAOĞLU