Tarixdə bütün böyük imperiyaların, böyük orduların, böyük tərəqqilərin kökündə vahid ideologiya dayanıb. Hələ şumerlərin zamanından siyasi birliklər, şəhər-dövlətlər bir ideologiya ətrafında yaranırdı. Beləliklə, fərdlər cəm olaraq cəmiyyətləri, cəmiyyətlər isə dövlətləri yaradır. 11-ci əsrin böyük siyasi xadimi Xacə Nizamülmülk öz “Siyasətnamə” əsərində də qeyd edir ki, böyük dövlətlər vahid ideologiya əsasında qurulur. Orta əsrlərdə providensiyalizm əsas ideologiyaya çevrildiyinə görə bütün dövlətlər hansısa bir dinin əsaslarına görə yaranırdı. Beləliklə, din böyük imperiyaların, cəmiyyətlərin, müəyyən təmayüllərin, arxitekturanın, mədəniyyətin, mentalitetin və s. formalaşmasının əsas faili olurdu.
Babalarımız dinlərinin təbliği və qorunması uğrunda yaşayırdılar və bütün həyatlarını bu yola uyğunlaşdırırdılar. Deyə bilərik ki, din o dövrün əsas və vahid ictimai ideologiyası idi. Din ideologiyası geniş müstəvidə yayıla bilən, irqindən, cinsindən asılı olmayaraq bir çox cəmiyyəti birləşdirə bilən və birliyi tərəqqiyə çevirə bilən ideologiyadır. Milli ideologiyadan fərqli olaraq öz əsaslarını daha geniş müstəvidə tətbiq edir. Bəzən isə qurulu dövlətlərin bərpası və ya ayaqda qalması üçün din böyük rol oynayırdı. Məsələn, Roma imperiyası xristiyanlığın əsasında qurulmamışdı. Böyük Romanın süqutundan sonra yaranan Şərqi Roma və Qərbi Roma imperiyalarına nəzər salsaq görəcəyik ki, Qərbi Roma imperiyası öz varlığını davam etdirə bilmədi, amma ondan fərqli olaraq Şərqi Roma, yəni Bizans əsrlər boyu var oldu və dünyanın əsas gücünə çevrilə bildi. Bunun ən əsas səbəblərindən biri böyük Konstantinin Roma əhalisini bir qayə ətrafında cəmləməsi, vahid ideologiyanı, yəni xristianlığı gətirməsidir. Məhz xristianlıq Bizansın ayaqda qalmasının əsas səbəbkarıdır. Sual yarana bilər ki, bəs nə üçün Bizans yıxıldı? Çünkü ideologiya dövlətin qurulmasında böyük rol oynayırsa, həmçinin yıxılmasında da mühüm rol oynayır. Bir zaman vahid olan ideologiyada azacıq fikir ayrılığına düşsək, sonda düşmən belə ola bilirik. Məsələn, şiəlik və sünnilik, pravoslavlıq və katoliklik kimi. Vahid olan islam ideologiyası bir müddət sonra konkret dövlətlərə görə fərqli olaraq xüsusiləşmiş, fikir ayrılığı yaranmış və iki cinah bir-biri ilə əsrlər boyu müharibə etmişdir. İdeologiyanı qorumaq çətindir. Hər dövrə görə müvafiq düşüncə tərzi formalaşır və məhz tərzlər ortaq kökdən qopurlar. Qısacası, Bizansın Qərbi Romanın qədərini yaşamamasının birinci səbəbi ortaq din, yəni xristianlıq oldu. Milli ideologiya imperiya kimi böyük hədəflərdə aciz qalır, millətlər arasında uyumsuzluq yaradır. Amma din belə deyil. Din hamını bərabərləşdirir və idarəediciyə, dövlətə beyət etməyi əmr edir.
Türk-islam sintezinə nəzər salaq. Bu gün bəzi alimlər belə “islamın türklüyə faydası olmamışdır” kimi yanlış düşüncələrini səsləndirməkdən çəkinmirlər. Tarix bilgisi olan, obyektiv yanaşmağı bacaran sağlam təfəkkürlü insanlar isə islamın böyük türk millətinin tarixi fəaliyyətində hansı rolu oynadığını çox yaxşı dərk edə bilirlər. Əlbəttə ki, islamdan əvvəl də böyük türk imperiyaları mövcud idi. İslam türklərə savaşmağı, dövlət qurmağı öyrətmədi, islam türklərə qurulan dövlətin necə idarə olunacağını, millətlər üzərində necə hakim güc olunacağını öyrətdi. Dövlət qurmaq, torpaq işğal etmək o qədər də çətin deyil, tarixin ən böyük çətinliyi dövlətləri idarə edib, gücü əldə saxlaya bilməkdir. İslam dini türklərə məhz bu qabiliyyəti öyrətdi və başqa millətlərin də türkün hakimiyyətində qalmasına təkan yaratdı.
İslam tək siyasi fəaliyyətdə yox, yaşam tərzində türklər üzərində böyük təsirlərə malik olub. Mən deyə bilərəm ki, islamın türkə ən böyük faydası türk millətinin bir qismini oturaq həyata keçirməsi olmuşdur. Əlbəttə, tərəkəmə həyatı utanılacaq və ya yarğılanacaq bir həyat tərzi deyil, amma elmin, tərəqqinin yaranması üçün oturaq həyat tərzi şərtdir. İslam türkləri şəhərlərə uyğunlaşdırdı, arxitektura yaratdı, kitabxanalar yaratdı. Türk milləti islamdan əvvəl də böyük siyasi güc idi, amma tək güc bəzən hər şeyi həll etmir. Bu gün də türk millətinin hakimiyyətinə bütün müsəlman xalqların ehtiyacı var. Ərəb yarımadasının, İranın, Orta Asiyanın tərəqqisinin yeganə yolu türk millətinin hakimiyyəti altında, vahid ideologiya ətrafında birləşməkdir. Türk millətinin o səviyyəyə gəlməsi üçün isə birinci milli ideologiyadan keçməsi lazımdır.
Tarix insanın öz dini inancının tələbi ilə yozulmamalıdır. Tarixçi obyektiv olmalıdır. Buna görə islamın türklük üzərindəki böyük təsirlərini şəxsi təmayülümüzə uyğun deyil, olduğu kimi danışmalıyıq.
Cəlal YADİGARLI