Bu günün gənci dünənin gəncindən fərqlidir. O, daha çox informasiya içində böyüyür, daha çox seçim qarşısında qalır və bəzən də bu seçimlərin arasında özünü itirmək riski ilə üz-üzə qalır. Müasir dövrdə gənclərin mənəvi dünyası əvvəlki nəsillərlə müqayisədə daha mürəkkəb təsirlər altında formalaşır. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və sosial medianın geniş yayılması gənclərin düşüncə tərzinə və dəyərlərinə birbaşa təsir edir.

 

Xüsusilə internet və sosial şəbəkələr gənclərin həyatında mühüm yer tutur. Bu platformalar vasitəsilə onlar yeni biliklər əldə edir, fərqli dünyagörüşləri ilə tanış olur və özlərini ifadə etmək imkanı qazanırlar. Maarifləndirici və motivasiyaedici məzmunlar bir çox gənc üçün ilham mənbəyinə çevrilir.

 

Lakin sosial medianın mənfi tərəfləri də az deyil. Tez-tez təqdim olunan “ideal həyat” görüntüləri ilə yanaşı, ideal bədən quruluşu, mükəmməl görünüş və süni həyat standartları gənclərə nümunə kimi aşılanır. Bu cür görüntülərə baxan bir çox gənc özünü həmin “standartlarla” müqayisə edir, öz görünüşünü və həyatını bəyənməməyə başlayır, hətta həmin görüntülərə bənzəmək üçün qeyri-real hədəflər qoyur. Bu isə onların həm psixoloji vəziyyətinə, həm də sağlam özünü dərk etməsinə mənfi təsir göstərir.

 

Eyni zamanda, ekran qarşısında uzun müddət vaxt keçirmək canlı ünsiyyət bacarıqlarının zəifləməsinə və diqqət dağınıqlığına gətirib çıxarır. Bəzi televiziya və onlayn məzmunlar isə aqressiyanı və səthi dəyərləri normallaşdıra bilir.

 

Bu səbəbdən gənclərə yalnız texnologiyadan istifadə etməyi deyil, onu düzgün və şüurlu şəkildə istifadə etməyi öyrətmək vacibdir. Onlara gördüklərini təhlil etməyi və hər informasiyanı olduğu kimi qəbul etməməyin önəmini anlatmaq müasir tərbiyənin əsas istiqamətlərindəndir.

 

Gənclərin mənəvi tərbiyəsində ailənin rolu isə dəyişməz olaraq qalır. Ailədə formalaşan hörmət, məsuliyyət və empatiya kimi dəyərlər gəncin həyat yolunu müəyyənləşdirir. Bununla yanaşı, məktəb və sosial mühit də bu prosesin ayrılmaz hissəsidir.

 

Gənclərlə işləyərkən onları dinləmək xüsusi əhəmiyyət daşıyır. Gənc öz fikrinin dəyərli olduğunu hiss etdikdə daha sağlam qərarlar verməyə meyilli olur və özünə inamı artır.

 

Eyni zamanda real həyat bacarıqlarının öyrədilməsi də vacibdir. Stresslə mübarizə, düzgün seçim etmə və sağlam münasibətlər qurma bacarıqları gənclərin mənəvi sabitliyini gücləndirir.

 

Nəticə olaraq qeyd etmək olar ki, gənclərin mənəvi dünyası müxtəlif amillərin təsiri ilə formalaşır. Ailə, məktəb və cəmiyyətin birgə dəstəyi isə sağlam və dəyərlərinə sahib çıxan gənclərin yetişməsində əsas rol oynayır.

 

Vüsalə Məmmədova