Bir məqalənin ərsəyə gəlməsi üçün əvvəlcə o məqalənin ərsəyə gəlməsinə səbəb olan bir məqsəd olmalıdır. Yəni mövzular, məqalələr özbaşına əmələ gəlmir. İnsan cəmiyyət içərisinə qarışdığı zaman baş verən hadisələri görür, bəzən bir xəbər oxuyur, insanların davranışlarını analiz edir və beləliklə ortaya çıxan nəticələrdən asılı olaraq insanın yazmaq, olanları anlatmaq ehtiyacı meydana gəlir. Məqalə yazılan zaman daxildən bir rahatlıq hissi gəlir insana, sanki insan fərəhlənir yazdıqca. Qələmi ilə dərdləşir bəzən insan...

 

Bu yazını yazmaq üçün uzun bir vaxt fürsət tapmağa çalışdım və nəhayət artıq daxildə olan burulğanlar yazıb rahatlanmağımın gərəkdiyinin fərqində idi.

 

İnsanın yaradılmasının səbəbi olduğu kimi, insanların davranışlarının da səbəbi və davranışların daşıdıqları məqsədin olması lazımdır. Bu, həyatın ən sadə və məqsədli düsturudur deyə bilərik. Müasir dövrdə insanların yaşam tərzi nəzərə çarpacaq dərəcədə dəyişib. Zaman keçdikcə davranışların arxasındakı səbəblər, məqsədlər və dəyərlər sanki arxa plana keçib, onların yerini isə ani zövq, keçici rahatlıq və “elə istədim” düşüncəsi tutur. Yəni insanlar davranışlarının səbəbini özləri özlərinə soruşmalıdırlar, hərəkəti bir səbəb lövhəsinə oturtmalıdırlar, o səbəbin də daşıdığı məqsəd olmalıdır. Əgər hərəkət zövq uğruna edilibsə onun doğurduğu nəticələr göz önünə alınmalıdır və düşünülməlidir.

 

Məqsəddən qopmuş hərəkətlər isə insanı məsuliyyət hissindən uzaqlaşdırır və nəticədə cəmiyyət daxilində mənəvi boşluq yaranır. Bugünkü insan davranışlarının böyük qismi daha çox zövqə doğru yönəlib. İnsanlar getdikcə “nə doğrudur?” sualından çox “nə xoşuma gəlir?” sualına cavab axtarırlar. Bu yanaşma bəzən o qədər güclənir ki, birinin eqosunu təmin etmək, özünü daha üstün hiss etmək istəyinə çevrilir. Məhz buna görə də günümüzdə elə insanlar var ki, öz eqosunu doydurmaq üçün qarşısındakı adama zərər verəcəyini bilə-bilə belə müəyyən davranışlardan çəkinmirlər. Sanki başqasının inciməsi onların daxili rahatlığının bir hissəsinə çevrilir.

 

Bu cür davranışların ən təhlükəli tərəfi isə onun səbəbsiz və məqsədsiz yaşama tərzinə çevrilməsidir. İnsan davranışı səbəbdən uzaqlaşdıqca nəticəyə görə məsuliyyət hissi də itir. Məqsədsizlik insanı zövqün arxasınca qaçan, daxili boşluğu anlıq həzzlə doldurmağa çalışan bir varlığa çevirir. Bu isə nə insanın özünə, nə də ətrafına xeyir gətirir. Əslində isə hərəkətin dəyərini onun niyyəti müəyyən edir. Niyyətsiz addım insanı irəli aparmaz. Məqsəd və məsuliyyət daşımayan bir davranış, nə qədər cazibədar görünsə belə, nəticədə mənəvi düşüşə aparır.

 

Cəmiyyət olaraq yenidən dəyərlərə qayıtmağımız, hərəkətlərimizin arxasındakı niyyəti soruşmağımız vacibdir. Zövq keçicidir, məqsəd isə insanın yolunu aydınladır. Gəlin eqomuzu deyil, insanlığımızı böyütməyə çalışaq. Addımlarımızı niyyətlə, sözlərimizi dürüstlüklə seçək. Çünki hər birimizin seçimi cəmiyyətin gələcəyini formalaşdırır. Doğruya yönələn hər bir insan öz həyatını gözəlləşdirər və nəticədə həyatların birləşməsinin cəmi olan dünya da gözəlləşər.

 

Lamiyə Hacıyeva