Kasıbın pulu yoxdursa ölməlidir deyə qanun yoxdur. Amma burada həkimə verməyə pulun yoxdursa ölməlisən deyə bir qanun var.

 

İnsan robot deyil, hər kəs xəstələnə bilər. Bu normal bir şeydir. Özündə nasazlıq hiss etdiyində normal olaraq həkimə gedə bilərsən. Amma biz elə bir yerdə yaşayırıq ki, ağrımız olanda həkimə getmədən öncə pulu düşünməliyik. Dərman ən bahalı şeydir bu gün. Dərman alacaq pulu, həkimə, tibb bacısına verəcəyimiz pulu düşünməliyik.

 

Bu ölkədə insana dəyər o qədər aşağı düşüb ki, pulun yoxdursa ölməlisən. Budurmu xalqa göstərilən xidmət? 

 

Həkimə gedirsən, yoxlayır, əlinə bir kağız verir ki, bunları çıxışda ödəyin, daha sonra yazdığım dərmanları alıb qəbul edin. Başın da ağrısa, boğazın da ağrısa eyni proseduranı edirlər. İnternetdə axtarsaq ki, baş ağrısına hansı dərman yaxşıdır, həmin işi o da edir. Həkimə getmə səbəbin bu ağrının nəyə görə baş verməsidir.

 

Qarın ağrısı şikayətindən həkimə gedirsən, tək diaqnozları var: kor bağırsaq əməliyyat olunmalıdır. Hətta bu yaxınlarda tanıdığım gənc birinə xərçəng diaqnozu qoymuşdular. Daha sonra başqa xəstəxanaya gedib yenidən yoxlanışdan keçdi. Diaqnozun yalan olduğu ortaya çıxdı.

 

Evdə tək başına yaşayan biri həkimə gedə bilmirdi, məndən təcili tibbi yardıma zəng vurmağımı xahiş etdi. Gələn təcili tibbi yardım işçiləri zoğal mürəbbəsi ilə çay içməyi tövsiyə etdilər. Gülməlidir. Yazıq qadın dilləndi ki, bəs xəstəxanaya aparsanız olmazmı, zoğal mürəbbəsi ilə, limonlu çayla keçən şey olsa sizi məşğul etməzdik, neçə gündür qızdırmam enmir. Əsəbləşib heyiflərini yazıq qadından çıxdılar: “Biz sizə taksi şoferi deyilik, yaxşı, sizi xəstəxanaya aparaq, pulunuz varsa qalarsınız”. Özümü saxlaya bilmədim: “Buraxın qalsın evdə, öləndə zəng vuracam gəlib morqa apararsınız”.

 

Sonra mən də marağımdan onlarla bir yerdə xəstəxanaya getdim. Qapıdan içəri addım atmamış sənin nəyin olub-olmadığını soruşmamış sənə qiymətlərdən danışır. Pulun bunlara yetəcəkmi deyə sual verir. Hə, tutaq ki, yetmədi, nə etməliyəm? Evə gedib ayağımızı uzadıb ölməliyik?

 

Dövlətin xəstəxanasına niyə pul ödəməliyik? Dövlət vətəndaşından nə üçün pul almalıdır? Dövlətin maaşını ödədiyi həkim niyə yanına gələn xəstədən gizlindən əlavə pul götürməlidir?

 

Qardabaninin Kəpənəkçi kəndindən olan balaca Gülay üçün yardım toplanırdı. Hər yerdə şəkillərini paylaşırlar, hesab nömrələrini qeyd edirlər. Bir ümid yaşaması üçün əllərindən gələni edirlər. Xəstəliyi çox ağır bir xəstəlikdir – Hepatit B. Hələ 12 yaşındadır. Bu yaşda ölümün nə olduğunu artıq bilir. O hissin nə olduğunu yaşamış biri olaraq onu çox yaxşı başa düşürəm. Həyatın nə olduğunu başa düşmədiyi bir yaşdadır. Yaşıdları kimi gülüb-oynamalı olduğu dövrdədir.  Amma o, hazırda xəstəxana otağında qolunda sistem yatır. Ümidini itirməyən valideynləri isə çarəsizcə övladlarına baxırlar. Çünki müalicə üçün pul lazımdır. Hər şeyə pul lazımdır...

 

Pul hər şeydir bu insafsız dünyada. Pulun yoxdursa sən heç kimsən, şəxsiyyətsizsən. Çox gülüncdür, günümüzdə cəmiyyət içində bizi şəxsiyyət vəsiqəmiz yox, cibimizdəki pulumuz təsdiq edir...

 

Bu gün bəzilərimiz çox şanslıyıq. Hər şeyimiz var bəlkə, amma ən dəyərli hissləri unutmuşuq. Başqalarına, insanlığa, cəmiyyətə duyulacaq mərhəmət hissini unutmuşuq.

 

Xəstəlik bu dünyada hər kəsin qarşılaşacağı bir hadisədir. Kimin başına sabah nə gələcəyi ilə bağlı heç bir təsəvvürü yoxdur. Səmimiyyətsiz dostluq paylaşımlarına onlarla bəyənmə, onlarla mesaj yazılır. Qeyri-adi bir hadisə olduqda nə baş verdiyini soruşurlar. “Allah xoşbəxt eləsin” yazılı qız, oğlan şəklinə kimin qızıdır, kimin oğludur, harada işləyir, evi varmı, maşını varmı kimi suallar verib sonra da qeybətini edirlər. Tanımadıqları birinin şəkli ilə bu qədər maraqlananlar üzərinə bank hesabı qeyd olunmuş yardıma ehtiyacı olan birinin şəklini görmürlər sanki. Niyə? – Maraqlı deyil, nəyimizdi axı, bizə nə... 

 

Bəli, ola bilər pul insanın insan kimi yaşaması üçün çox vacib olan bir nəsnədir. Amma hər şey deyil. Pul hələ heç pis adamı yaxşı adam etməyib, pul hələ yalançını dürüst adam etməyib. Pulun o şeylərə gücü çatmır. Pul sadəcə yaxşı yaşamaq üçün lazımdır, insan kimi yaşamaq üçün lazım deyil.

 

Dünya fanidir. İmkan daxilində hər canlıya mərhəmət göstərilməlidir, heç bir canlı incidilməməlidir. İnsanlara yardım əlini uzatmaqda, yaxşılıq etməkdə yarışmaq lazımdır. Kimsə özünü kimdənsə üstün görməməlidir. Əsl izzət və ucalıq təvazökarlıqdadır. Nə qədər çox təvazökar olsaq bir o qədər ucalacağıq.

 

Aytən FƏTULLAYEVA