Səhər açılır, gecə olur, günlər keçib gedir. Zamanın necə keçib getdiyini hiss etmirik. Hər gün minlərlə insan dünyaya göz açıb ilk nəfəslərini alırlar və yenə minlərlə insan gözlərini sonsuzadək yumub sonuncu nəfəslərini verirlər. Yaşamaq bir anlıqdır, bu gün varıqsa sabah da mütləq olacağıq deyə bir qanun yoxdur. Gözəl və pis hər şeyin bir sonu var, ancaq hər şeyə görə insan yaşamağı bacarmalıdır, çətin olsa belə.

 

Həmişə biz insanlar asan nə isə axtarırıq, amma bu dünyada asan əldə edilən nəyinsə olmadığını unuduruq. Əgər varsa belə, əmin olun ki, necə asanlıqla əldə etmişiksə, bir o qədər asanlıqla əlimizdən itirərik... Bu dünyada həqiqətən yaşamaq lazımdır, çətinliyi, xoşbəxtliyi, bədbəxtliyi, sevinci, xəyalı, arzusu, səbri, ümidi ilə, ən əsası dözümlülüklə yaşamaq lazımdır. Əgər bir insan hər şeyə rəğmən dözüb yaşaya bilirsə, həmin insan yaşamağı bacarır – səbr etməkdən yorulsa da, ümidsizliyə düşsə də. Bəli, hər yaşın özünə görə problemləri olur, əgər biz bir gənclə qocanın yaşadığı nələrisə müqayisə etsək, təbii ki, qocanın yaşadığı bizə daha təsirli gələr, nəinki gəncin. Amma bu o demək deyil ki, hər bir gəncin həyatı eynidir, hər bir insanın uşaqlığı eyni keçib. Xeyr, çox insan uşaqlıqda yaşadığı hadislərdən dərs çıxarır və gələcəyini onun əsasında qurur, insan səhv etdikdən sonra bir daha o səhvi təkrarlamağa çalışmır.

 

Yenə yaxşısı və pisi ilə bir ilin sonuna gəldik, dönüb bu ildə yaşadığım hadisələrə baxanda bir çox nələrsə yaşadığımı görürəm. Düzdür, mənimçün bir az çətin və yorğun bir il oldu və bu ilin sonu, deyə bilərəm ki, mən böyüdüm. Öncədən elə zənn edirdim ki, bütün həyatlar bir-birinə bənzəyir, hər kəsin uşaqlığı, yaşadığı hadisələr bir-birindən o qədər də fərqlənmir, ancaq çox təəssüf ki, düşündüyüm kimi deyilmiş. Çox insan tanıdım bu bir il içərisində, həmçinin keşməkeşli həyat hekayələri ilə tanış oldum. Elə insan gördüm üzündə təbəssüm, gözlərində isə həyata ümidlə baxan işıq deyilən bir şey yox idi, ancaq hər şeyə sahib idi. Bununla yanaşı, üzündə daima təbəssüm, gözləri ümid, sevinc dolu insanlar da gördüm – nə qədər çətin həyatları olsa da gülməyi bacarırdılar. Həmin insanlara afərin dedim.

 

Belə bir ifadə var: yaşayan ölü... Dərsdən evə qayıdarkən metroda yaşlı bir qadın gördüm, vəziyyəti pis idi, hiss olunurdu ki, yaşamaqdan bezib, hər şeydən ümidini itirmiş bir şəkildə idi. Qatar sonuncu dayanacaqda dayandı, qadın nə qədər çətinliklə də olsa ayağa durub qatardan düşdü. Yaxınlaşıb köməyə ehtiyacınız varmı deyə soruşdum. Sakit səslə “əlimdən tutsan pis olmaz” dedi. Əlindən tutub asta adımlarla yeriyirdik. Təcili yardım çağırmağı təklif etdim, ancaq istəmədi, yaxınlarından kiminsə telefon nömrəsini bilib-bilmədiyini soruşdum, üzümə kədərli gözlərlə baxaraq kimsəsiz olduğunu dedi. Bax elə həmin an dünyanın üzdən yaxşı görünüb, amma daxildən nə qədər pis olduğunu bir daha anladım. Qadın sanki yaşayan bir ölü kimi sakitcə əlini əlimdən buraxıb “çox sağ ol, qızım, narahat olma, özüm həll edərəm, sən get” deyib yavaş-yavaş yeriyərək getdi. Qadın gedənə qədər durub baxdım, ətrafdakı səslər bir anlıq yox olmuşdu sanki, həyatın çətinliyi ilə tanış olurdum, yuxu kimi gəlirdi, ancaq yuxu deyildi, elə həyatın özü idi bu...

 

İnsan sevdiyini itirərkən böyüyürmüş – mənə bu il bunu öyrətdi. Bir çox dost, fərqli düşüncəyə sahib müəllimlər qazandım, amma qazandıqlarımla yanaşı itirdiklərim də oldu – dostumu itirdim, rəfiqəmi, yaxınımı, ən əsası həyata ümid dolu baxan bir gənc qızı. Günlər keçib getdikcə hər kəs unudulur deyirlər, ancaq, Maya, səni heç vaxt unutmayacam. Nə qədər ki yaşayacağam, yalnız özüm üçün deyil, bu dünyada həyat hekayələri yarımcıq qalmış bütün gənc qızların adına yaşayacağam, ömrümün yetdiyi qədər...

 

Həmişə sevdiklərimizin yanında olaq, onsuz da həyat çətindir, onları tək qoyub daha da çətinləşdirməyək. Kimin nə yaşadığını bilmədən kənardan baxaraq rəy bildirməyək, qəlb qırmayaq. Sizi səsi ilə, nəfəsi ilə, ürəyi ilə qucaqlayan insanların qiymətini bilin. Onlar göydəki ulduzlar kimidirlər. Bir dəfə söndülərsə, bir də heç vaxt işıqlarını görə bilməzsiniz.

 

Bilmirəm sabah başmıza nə gələcək, amma tək arzum və diləyim sevdiklərimin hər an yanımda olmağı və mənim də həmişə sevdiklərimin ehtiyacı olduqda onların yanında olmağımdır...

 

Yeni ildə hər kəsə ilk öncə sağlamlıq və sonsuz xoşbəxtlik diləyirəm, sonrası isə öz əlimizdədir, nə qədər çalışsaq bir o qədər çox nələrəsə nail ola bilərik. Ümidinizi itirməyin, daima gülümsəyin və sevinc dolu qalın.

 

Müəllif: Alina Fətullayeva