Öncəliklə hər birinizi, gec də olsa, Ramazan bayramı münasibətilə təbrik edirəm! Bəli, bayramı keçirməklə Ramazan ayını başa vurmuş olduq. Ramazan Allahın əmr buyurduğu bir aylıq oruc ibadətini əda etmək deməkdir. Allah oruc tutan hər kəsin orucunu qəbul eləsin, tuta bilməyənlərə də tutmağı nəsib etsin!
Ramazan ayı bir məktəbdir. Oruc və iftarla acların halını anlamağı, sədəqə, zəkat və yardımlarla əlindəki malını paylaşmağı, namazlarla Allaha olan qulluğun üstünlüyünü öyrədən bir məktəb.
Oruc nemətlərin qədrini bildirərək insanda təşəkkür duyğularını dərinləşdirir. Hər gün rahatlıqla yeyib-içidiyimiz nemətlərdən günün müəyyən bir hissəsində məhrum qalmaq belə insana acizliyini xatırladır. Hər zaman Rəbbimizə möhtac olduğumuzu öyrədir. Oruc səbir təlimidir. Nəfsin istəklərini məğlub edə bilməmizlə iradəmizi gücləndirir. Oruc nəfsimizi cilovlayaraq ruhaniyyətimizi gücləndirməyimizə köməkçi olur. Oruc bizə gözəl əxlaq və təqva təlim edir.
Həzrət Peyğəmbər buruyub (s.a.s.): “Oruclunun sevinəcəyi iki sevinc anı vardır: biri iftar etdiyi zaman, digəri də orucunun savabı ilə Rəbbinə qovuşduğu an” (Buxari, Savm, 9; Müslim, Siyam, 163). Həmçinin orucluya iftar etdirmək fərasət sahibi möminlərin laqeyd qala bilməyəcəyi böyük bir əcr vəsiləsidir.
Ramazan gecələri sahurları ilə də müstəsna bir rəhmət iqlimidir. Ramazanda qazanılan sahur intizamı eyni zamanda təhəccüd və səhərləri əhya vərdişi qazanma təhsilidir. Ramazan gecələrini ibadətlərlə qiymətləndirmək, hər cür gərəksiz işdən çəkinərək dua və zikr ilə dili, istiğfar və gözyaşı ilə də ürəyi yumaq lazımdır.
Kasıblıq və zərurət içində olan möhtaclar Ramazanın gəlişini səbirsizliklə gözləyirlər. Çünki zəkat, fitrə və sədəqə kimi maddi ibadətlər təbəssümü unutmuş bir çox üzləri xüsusilə bu ayda sevincə qovuşdurur.
Yuxarıda da vurğuladığımız kimi, Ramazan ayına xas olan bir çox xüsusiyyətlər və gözəlliklər vardır ki, bunların ikisi daha üstünlük təşkil edir. Bunlar iftar süfrələri açmaq və ehtiyac sahiblərinə yardımlar paylamaqdır. Bunları həyata keçirənlərdən də Allah razı olsun və hər nə niyyətlə edirlərsə qəbul buyursun. Bu gün bu iki yardımlaşma ənənəsini ya hər hansısa təşkilatlardan və ya bəzi dövlət qurumlarından gözləyirik. Elə yerinə yetirənlər arasında bu iki qurumun üstünlük təşkil etdiyini də görürük. Burada da iki xüsusa diqqət etmək lazımdır. Birincisi, bu yardımları sadəcə hər hansısa bir qurum etməməlidir, bunu hər birimiz edə bilərik və etməliyik. İkincisi isə, bu cür aktivlikləri sadəcə Ramazana xas olaraq etməməliyik. Bunu ilin bütün zamanlarına yayaraq ehtiyac sahiblərinə dəstək olmalıyıq. Ona görə də böyüklərimiz buyururlar ki, Ramazan ayı bitdikdən sonra da Ramazandakı mənəviyyatı qoruya bilməyimiz şərtdir. Burada, fikrimcə, yenə də dövlər qurumlarımıza böyük iş düşür ki, bölgələrdəki ehtiyac sahiblərini təsbit edib mütəmadi yardımlar etsinlər. Axı onların ehtiyacları Ramazan ayında verilən bir qutunun içindəki üç-beş qaletlə və ya iki kilo unla bitmir. Bu ehtiyac sahiblərinin xəstələri var, körpələri var, yaşlıları var, onlara dəstək olmaq, yardım etmək lazımdır.
Bəli, Ramazan bir məktəbdir, ildə bir dəfə gəlir bizə dərsi verir və gedir. Ancaq bu dərsi çalışmaq, tapşırıqları il ərzində yerinə yetirmək bizə və bizim namusumuza qalmış bir işdir.
Deyirlər zəkat malı azaltmaz, əksinə, malı təmizləyərək bərəkətləndirər. Zəkata tabe olanlarımız zamanında zəkatlarını versələr, zəkata tabe olmayanlar da Allahın onlara lütf etdiyi imkandan ehtiyac sahibi insanlara dəstək olsalar, inanın ki, gözü vitrinlərdə qalan qəlbi buruq körpələrimiz olmaz. Əksinə, onlar da bizim körpələrimiz kimi şən olduqlarında Allah da onların sevinc gözyaşlarının hörmətinə bizim qazancımıza bir əvəzinə beş bərəkət verər.
Hacı BƏKİROĞLU