Bəzən marka düşkünü insanları görəndə dəli oluram. İki sözün arasında şalvarım filan markadır, pencəyim filan markadır, ayaqqabım “Lokisi” firmasındandır, alt paltarım 8 ulduzlu “Lavisi” firmasındandır. Amma heç düşünmür ki, ay bədbəxt, üstündən tövlə iyi gəlir. Get əvvəlcə düzgün bir ətir al, üstünə vur, sonra markadan danış. Bu nə markabazlıqdır axı? Güya dünənə qədər marka geyinirdin? Məsələ bir pencəyə 150 manat vermək deyil. Məsələ onu necə uyğunlaşdırmaqdır. Geydiyin qara şalvarla qırmızı ayaqqabı və ağ pencək tutuşmur axı. Hətta məsələ tək bu da deyil. Əsas məsələ o 150 manatlıq pencəyin içindəki adamın duruşu və səviyyəsidir. Sən ən yaxşısı özünə ilk növbədə ətir al, üstünə vur, sonra o əlindəki ayfonunu gözümə sox. Bilirsiniz da, ayfon xəstəliyi artıq kasıbından varlısına qədər çox adamın canına hopub. Görəsən 36 aylıq kreditə girib ayfon alan kasıbın dərdi nədir? Bir də masanın üstünə telefonu tərs qoymaları var, arada ekranın işığını yandırıb gözümüzə soxmaları var, yəni hamı görsün bunun ayfonu var, küçədə telefonu vertikal tutub arxa kamerasını camaata göstərmələr və s. Ay bala, bu görməmişlikdir axı? Sizin kimilərinə “ac dambat” deyirlər. İki-üç firma adı öyrəniblər, başlayırlar “Mən “Noziki”dən alıram, “Maziki”dən gətizdirirəm”. Aha, nə olsun?..
İnanın Allaha, bir-iki sual verib söhbətin dərinliyinə girsək, elə həmin “Maziki” dediyi firmanın içində itib-batacaq. Amma elə danışır, guya dünyanın bütün brendləri ilə şəxsən özü işləyir. Camaatın da başını zad edir haa. Hamı da ağzı açıq oturub qulaq asır. Elə bilir qarşısındakılar da özü kimidir – boş-boş söhbətlərə heyran qalacaq. Xəbəri yoxdur ki, oturub bunları qeyd edirəm, sabah qəzetə material olsun deyə.
Vallah, “Maziki”, “Taziki” söhbətlərinin hamısı təhsilsizlikdən və özünü göstərmək həvəsindən gəlir. Bunu niyə deyirəm, çünki firmaların adlarını belə səhv deyir. Yox, desinlər filankəs də firma adı bilir. Biz ölürük axı bu göstəriş xəstəliyindən ötəri. Filankəsin xanımı maşın sürürsə, sən də mütləq sürməlisən. Filankəs bahalı restorana gedibsə, sən də getməlisən. Axı niyə? Kiminsə etdiyini təkrarlamaq məcburiyyəti yoxdur. Niyə həyatımızı başqalarının həyatına uyğun qururuq? Niyə öz istəyimizlə yox, başqalarının baxışı ilə yaşayırıq? Elələri var ki, sırf kiməsə göstərmək üçün həyat yoldaşı ilə şəkil çəkdirib paylaşır: Qoy partlasınlar! – Kim partlasın? Niyə partlasın? Nəyə görə partlasın? Ərin “C-4”-dür, dinamitdir, yoxsa raket? Ər sənindir, türk demiş, “təpə-təpə kullan”. Hamının əri də var, arvadı da. Bu qədər əri reklam etməyə nə ehtiyac var. Ehh, kassir qadının sözü olmasın: “Nə qədər danışsan da, desən də xeyiri yoxdur”.
Axı niyə özümüz ola bilmirik? Özümüz demiş, mənim bir qohumum var, bunu da deyim sözümü bitirim. Deməli, qırx yaşına çatır, hələ də kim olduğunu bilmir. Açığı, biz də bilmirik. “Kurtlar vadisi” yeni başlayan vaxtlar uzun bir palto geyinib məhlədə “blatnoy-blatnoy” gəzirdi. Özünü Polad Ələmdara oxşadırdı. Sonra başqa seriallar başladı, bir ara “İçerde”nin qəhrəmanı oldu – Sarp. Oradan düşdü “Çukur”a, oldu Vartolu. İndi də eşidirəm sarı pencək geyinib olub “Abi”. Gələn mövsüm “Yeraltı” serialına düşməsə yaxşıdır. Uzun sözün qısası, bütün serial personajları oldu, amma hələ də bircə özünü oynaya bilmədi. Çünki özümüz ola bilmirik.
Niyə xoşbəxtliyi başqalarının gözü ilə ölçürük? Vallah, billah, bu qədər saxtalıq, bu qədər nümayiş insanı yorur.
Binəli İslamoğlu