Son illər texnologiya hər gün daha sürətlə inkişaf edir. Robotlar fabriklərdə işləyir, tibb sahəsində həkimlərə yardım edir, evlərdə gündəlik işləri yerinə yetirir. Bir sözlə, süni intellekt artıq yazır, danışır, analiz edir, hətta bəzi sahələrdə insandan daha sürətli nəticələr göstərir. Bütün bu yeniliklərin arxasında daha ciddi və görünməyən təhlükələrdən biri insanların robotlaşmasıdır.
Həyatımızın böyük hissəsini telefon ekranına baxmaqla keçiririk. Sosial şəbəkələr emosiyalarımızı idarə edir, alqoritmlər qərarlarımızı formalaşdırır, internet düşüncəmizi idarə edir. İnsan araşdırmaq əvəzinə hazır cavab gözləyir. Özü analiz etmədən verilən məlumatı qəbul edir. Bu isə beyinin passivləşməsi, yaradıcılığın zəifləməsi və insanın robotlaşmasıdır.
Artıq insanlar bir-biri ilə robot kimi davranırlar: ünsiyyət qısalıb, hisslər zəifləyib, emosiyalar standartlaşıb. Hər kəs eyni jestləri, eyni sözləri, eyni reaksiyaları təkrarlayır. Çoxları öz fikrini yox, gördüyünü və eşitdiyini kopiyalayır. Məsələn, adi “yaxşıdır”, “oldu” sözlərinin əvəzinə insanlar “tm”, “ok”, “pk”, “hmm” kimi qısa və emosiyasız “ifadələrdən” istifadə edirlər. Bu isə danışığın təbii axıcılığını pozur və ünsiyyətin insani tərəfini zəiflədir. Bir sözlə, hiss etmək və ifadə etmək bacarığımız sanki yavaş-yavaş yox olur. Bu, cəmiyyətin yavaş-yavaş proqramlaşdırılması kimi görünür. Çünki proqram da yalnız ən qısa, ən funksional reaksiyanı seçir. Biz də eyni modeli insan münasibətlərinə tətbiq etməyə başlamışıq.
Düzdür, texnologiya rahatlıq gətirir, amma eyni zamanda insanı düşünməkdən uzaqlaşdırır. Adi hesablamaları belə telefonla edirik, ünvanları yadda saxlamırıq, qrafik hazırlamağı, plan qurmağı, hətta yazmağı belə alqoritmlərə buraxmışıq. Bir çox sahədə robotlar işləyir, amma insanlarda da robotların “xarakteri” formalaşır; məsələm, sərtlik, avtomatik davranış, təkrarlanan hərəkətlər... Necə ki proqram yazarkən eyni funksiyanı bir neçə dəfə istifadə etmək lazım gələndə onu sıfırdan yaratmaq əvəzinə kopiyalayıb yapışdırırıq. İnsanların həyatı da sanki belə “kopiyalanmış funksiyalara” çevrilib. Hər kəs bir-birində gördüyünü təkrarlayır, davranışlar isə zamanla orijinallığını itirir.
Əslində robotlaşma fiziki deyil, zehni və emosional bir prosesdir. İnsan beyni məşq etmədikcə zəifləyir. Hisslərini yaşamaqdan qorxarsa, donur. Yaradıcılığını işlətməzsə, itirir. Bu isə insanı insan edən əsas xüsusiyyətlərin zəifləməsinə gətirib çıxarır. Necə ki təhsil insana təkcə bilik vermir, düşünməyi öyrədir. Oxuyan insan analiz edir, sual verir, fərqləndirir və öz fikrini yaradır. Yaradan insan isə heç vaxt robot olmaz, çünki robotun xəyal gücü yoxdur. Yəni hiss edən insan robotlaşmaz, çünki robotda sevinc, qorxu, həyəcan, mərhəmət və sevgi hissi yoxdur...
Əsas məsələ texnologiyaya sahib olmaq yox, texnologiyanın bizə sahib olmasına imkan verməməkdir. İnsan özünü robotlaşdırmadığı müddətdə robotlar sadəcə bir vasitə olaraq qalacaq. Gələcəyin cəmiyyəti texnologiya ilə yanaşı düşünən, hiss edən və yaradan insanlara ehtiyac duyacaq. Texnologiyanı alət olaraq istifadə edən, amma özünü robotlaşdırmayan cəmiyyət hər zaman üstün olacaq. Əgər biz öz dəyərlərimizi, emosiyalarımızı və düşüncə azadlığımızı qorusaq heç bir robot insanın yerini tuta bilməz. Çünki robotlar gələcəyin gücü olsa da insanlar gələcəyin ruhudur.
Validə FƏTULLAYEVA