Bu gün cəmiyyətin qarşısında duran iki əsas sual var: dəyərlərimizi kim qoruyacaq və gənclik əslində nə axtarır? Bu suallar sadəcə müzakirə mövzusu deyil, onlar birbaşa bizim gələcəyimizin yolunu cızır.
Son günlər ard-arda bir neçə toy mərasimində iştirak etmək məni bu mövzu barədə daha dərindən düşündürdü. Gənclərin bir-birindən fərqli davranışları mənim üçün həm narahatlıq, həm də ümid doğurdu.
Bəzi gənclərin avtomobil idarə etməsindəki qaydasızlıq, insanların təhlükəsizliyini heçə sayaraq etdikləri təhlükəli manevrlər, yaşlarının kiçik olmasına baxmayaraq ifrat miqdarda spirtli içki qəbul edib özlərinə nəzarəti itirmələri, davranış və danışıqda hiss olunan hörmətsizlik – bunlar cəmiyyətin dəyərlər sistemində yaranan çatların kiçik bir göstəricisi kimi göründü mənə.
Ancaq eyni toyda başqa mənzərə də vardı: özünü çox ədəbli aparanlar, mədəni və məntiqli danışan, spirtli içkidən uzaq duran, səliqəsi və halı ilə hörmət oyadan gənclər. Bu iki zidd mənzərə bir daha onu göstərdi ki, gənclik yekcins bir kütlə deyil – kimisi axtarış içindədir, kimisi istiqamətini tapıb, kimisi isə hələ də hansı dəyərlərin arxasıyca düşəcəyinə qərar verməyib.
Məhz bu nöqtədə “dəyərlərimizi kim qoruyacaq” sualı öz cavabını tapmağa başlayır. Dəyərlər gənclərə sərt qadağalarla deyil, nümunə ilə ötürülür. Gənc davranışını toplumun ondan nə tələb etdiyinə görə deyil, gördüyü nümunələrin ona nə öyrətdiyinə görə formalaşdırır. Toylarda, küçədə, ailədə, sosial mediada, gəncin hər yerdə gördüyü nümunələr onun kimlik kompasını yenidən tənzimləyir.
Gənclik axtarır, amma nəyi?
Onlar özünü ifadə edə biləcəyi bir mühit, soruşduqları suallara səmimi cavab, yeni dünyanın sürəti içində itirməyəcəkləri bir kimlik arayırlar. Cəmiyyət isə bəzən ya onlara qulaq asmır, ya da yalnız tənqid etməklə kifayətlənir. Halbuki gəncin davranışı tənqidə deyil, istiqamətə, anlayışa və düzgün nümunəyə ehtiyac duyur.
Əslində bu proses iki tərəfli məsuliyyətdir: cəmiyyət dəyərləri gənclərə təqdim etməli, gənclik isə onları öz həyatına daşımağı öyrənməlidir. Bu körpü qırıldıqda gənclərin bir qismi ifrat sərbəstlikdə özünü itirir, digər qismi isə sağlam dəyərlərlə yüksəlməyə davam edir.
Bir həqiqət dəyişməzdir: gənclər dəyərlərimizi qoruyacaq, amma biz onlara hansı dəyərləri göstəririksə, onlar da onu yaşadacaqlar.
Hacı BƏKİROĞLU