Bir müəllim kimi yox, sıradan valideyn kimi, bir övlad kimi bütün məsuliyyəti ilə deyirəm ki, heç bir valideyn öz övladı üçün qırx beş dəqiqə eyni mövzunu danışmır, heç bir övladın da valideyni eyni mövzuda qırx beş dəqiqə dinləməyə səbri çatmaz (xüsusən də indiki zəmanədə).
O müəllimdir, o müəllimdir ki, ömrününün neçə-neçə qırx beş dəqiqələrini xalqının, dövlətinin balaları üçün xərcəyir. Ömrünü şam kimi əridir bu deməkmiş. Bu dəyərlər o zaman qiymətli olar ki, müəllimin elmi, savadı, hərtərəfli mənəvi səviyyəsi, mədəniyyəti, milli təfəkkürü, qeyrəti, əxlaqı, tərbiyəsi bu dəyərləri qarşılaya. Ən məsuliyyətsiz şagird belə nə qədər dərsə qulaq asmasa da hər gün o müəllimdən eşitdiyi bircə cümlə onun həyat pilləkanlarında dəstək çəpərinə bir kərpic ola bilər.
Mənim tanıdığım bir rəssam var. O, tək müəllim deyil, o, tək vətənpərvər deyil, o, tək bacarıqlı texnologiya-sənədləşmə işçisi deyil, həm də bir ləyaqətli Azərbaycan qızıdır. Qadına məxsus bütün xüsusiyyətləri özündə cəmləyən Xəyalə müəllim təpədən-dırnağa nümunəvidir. Xəyalənin yaradıcılığına daxil olsan oradan çıxmaq çox çətindir, çünki səni ağuşuna alan rənglər dünyasında itirsən.
Dilimizdə minlərlə söz var, amma o sözlər muncuq kimi öz yerində düzüləndə cümlə yerində alınır. Yaradıcı insanlarla sıravilərin fərqi odur ki, yazarlar o sözlərdən cümlələri təfəkkürünün təqlidiylə şeirini, hekayəsini; bəstəkarlar yağışın səsindən, suyun şırıltısından, qayaların uğultusundan notları uzlaşdıraraq musiqisini yazırsa; rəssam da əsrarəngiz təbiətin saysız çalarlarını kətana çevirir.
Xəyalə müəllimin yaradıcılığını izləyərkən, sanki, ədəbiyyat, musiqi və rəssamlıq onun ifadə üslübu – palitrası ilə birləşir. Rəsmlər həzin musiqi səsiylə danışır, rənglər ifadə edir. Necə də möhtəşəm! Bunu canlı müşahidə etmək üçün gərək sərgidə olasan.
İllərdir öz rəng dünyasıyla addımlayan Xəyalə öz yaradıcılığını gizlin saxlayırdı. 2021-ci ildə Gürcüstanda Azərbaycan Səfirliyi “Müstəqilliyə aparan yol – 9 Aprel-20 Yanvar” esse və rəsm müsabiqəsi elan etdi. Bütün iştirakçılar səfirlik binasında yığılmışdılar. Nəticə elan olunmamışdan qabaq təqdim olunan rəsmlər və esselər sərgilənmişdi. Düzü, esseləri oxumadım, amma rəsmlərə maraqla və diqqətlə baxdım. Müsabiqələrdə mənə çox maraqlı olur, düşünürəm ki, görəsən, münsiflərlə eyni qərarı verə biləcəmmi? Sərgidə bütün rəsmlər maraqlı və fərqli idi, ən çox iki rəsmi bəyəndim. Birində nəhəng bir ayı təsvir olunmuşdu, qəfəsə saldığı quşlar çırpınıb çıxırlar, ağ göyərçinlər qırmızı rəngə boyansalar da qırmızı çalarlıydı, amma dimdiklərində müstəqillik bayrağı vardı – Azərbaycan və Gürcüstan.
İkinci rəsmdə isə 20 Yanvar və 9 Aprel səhnələri təsvir olunsa da davamı vardı, o davam Xocalı soyqırımına istiqamətlənirdi. Ssenarinin davamı, ardıcıllığı müəllifin rəsmiylə, həmçinin tarix və zaman ardıcıllığını göstərirdi. 9 Aprel rəsmində isə 9 rəqəmi şəhidlərin rəsmləriylə çəkilmişdi. Hətta nazir müavini belə “sən bunu necə düşündün” deyə təəccüblənmişdi.
Sərgidən sonra Gürcüstan rəsmisi – mədəniyyət nazirinin müavini və Azərbaycan səfiri geniş çıxış etdilər. Mənimsə fikrim rəsm müsabiqəsinin nəticəsində idi. Özüm də esse müsabiqəsində iştirak edirdim, amma məni kövrəldən və qürururlandıran rəsmlərin müəlliflərinin kimliyi məni rahat buraxmırdı. Nəhayət, elan olundu. Həmişəki kimi yenə də seçimimdə yanılmamışdım. Seçdiyim əsərlər qalib oldu. Xəyalə Mustafayevanı onda tanıdım. Marneulidən Tbilisiyə bir-birimizi tanımayan iki iştirakçı kimi getdik və geri müsabiqədə qalib gəlmiş iki tanış kimi qayıtdıq.
İkinci dəfə 2021-ci ilin iyununda Nizaminin yubileyi ilə əlaqədar yenə Azərbaycanın Gürcüstandakı səfirliyinin elan etdiyi müsabiqədə qalib olan gənc rəssamın ilk sərgisi 5 oktyabr 2022-ci ildə Axundov adına Tbilisi Azərbaycan Mədəniyyəti Mərkəzində oldu. Müəllimlər Günündə səfirimiz Faiq Quliyev müəllimimizin sərgisini təşkil etdirməklə bütün Gürcüstandakı azərbaycandilli müəllimləri təbrik etdi.
İkinci sərgi 2023-cü ilin yanvarında Nərimanov adına Marneuli Mədəniyyət Evində oldu. Nəhayət, üçüncü sərgi Marneuli rayonu Qaçağan Mədəniyyət Mərkəzində baş tutdu.
“Qafqaz-Türk Media”nın təşkil etdiyi bu sərgi daha fərqli idi. Açıq havada, həyətdə, yol qırağında olan sərgi hətta yoldan keçənlərin də marağına səbəb olurdu. Şagirdlərin, müəllimlərin, müxtəlif kəndlərdən olan qonaqların, kənd camaatının ruhunu oxşayan rəsmlər 3 saata yaxın sərgiləndi.
Xəyalə xanımın yaradıcılığını izlədikcə özün də hiss etmədən mükəmməlləşirsən, çünki mənən qidalanırsan.
Düşünürəm, nə yaxşı ki, Xəyalə xanım müəllimdir. Nə yaxşı ki, onu dinləyən onlarla şagirdi var. Hər şagirdin müəlliminin mənəvi dünyasından aldığı bircə cümlə nümunə onun öz həyat yolunun pilləkanlarında kərpiclər yaradacaq.
Xəyalə müəllim, sənə fırçandan kətana hopan rənglər dünyanda uğur arzu edirəm! Həyatda hər şeyin bir ölçu dəyəri var ki, onun da mənəvi və maddi tərəfləri var. Çox istərdim ki, o həyatda mənən qiymətləndiriləsən. Layiq olduğun yerdə olasan həmişə. Yaradıcı adamlara ən böyük dəyər qiymətləndirilməsidir. Qiymətli olasan!
Sağlığında qiymət verək insanlara!
Müəllif: Esmira Ələkbərli