Son illər texnologiyanın sürətlə inkişaf etməsi və həyatın zahirən asanlaşması insanın gündəlik yükünü azaltsa da, daxili rahatlığını eyni ölçüdə artıra bilməyib. Əksinə, bu gün cəmiyyətdə ən çox eşidilən ifadələrdən biri “yorğunluq”dur. Bu yorğunluq fiziki yox, daha çox ruhun yorğunluğu olaraq ifədə edilməkdədir. Xüsusilə gənclər arasında məqsədsizlik, ünsiyyət çətinliyi və daxili narahatlıq artıq adi hala çevrilmişdir.

 

Mütəxəssislərin fikrincə, problemin kökü yalnız sosial və iqtisadi səbəblərlə izah oluna bilməz. Psixologiyada qəbul edilən yanaşmaya görə, insan sadəcə maddi ehtiyaclarını qarşılayan bir varlıq deyil. Abraham Maslounun ehtiyaclar nəzəriyyəsində də vurğulandığı kimi, insanın ən dərin ehtiyaclarından biri həyatına məna verə bilməsidir. Bu məna olmadıqda rifah da, rahatlıq da yetərli olmur.

 

Bugünkü sürətli həyat tərzi insanı daim nəyəsə çatmağa məcbur edir, amma “niyə yaşayıram?” sualına cavab vermək üçün vaxt buraxmır. Sosial şəbəkələrdə qurulan süni uğur obrazları, fərdiyyətçiliyin həddindən artıq qabardılması insanı cəmiyyət içində tək qoyur. Ailə bağlarının zəifləməsi və dəyər anlayışlarının arxa plana keçməsi bu boşluğu daha da dərinləşdirir.

 

Maraqlıdır ki, müasir elmin gəldiyi nəticələr mənəvi yanaşmalarla ziddiyyət təşkil etmir. Dini düşüncədə insanın qəlb rahatlığı anlayışı onun özü ilə, ətrafı ilə və ali dəyərlərlə qurduğu münasibətlə izah olunur. Müasir psixologiyada isə bu, “daxili harmoniya” və “emosional tarazlıq” kimi ifadə edilir. Terminlər fərqli olsa da, məzmun eynidir.

 

Bundan əlavə, müasir insanın informasiya bolluğu içində yaşaması da daxili qarışıqlığı artıran amillərdəndir. Gün ərzində yüzlərlə xəbərə, görüntüyə və fikir axınına məruz qalan fərd bunları süzgəcdən keçirməyə vaxt tapa bilmir. Nəticədə düşünmək, dərinləşmək və özünü dinləmək bacarığı zəifləyir. Səssizliyin azalması isə insanın öz daxili aləmi ilə əlaqəsini kəsir.

 

Digər tərəfdən, uğurun yalnız maddi göstəricilərlə ölçülməsi cəmiyyətdə gizli təzyiq yaradır. İnsan dəyərini və mənliyini əldə etdiyi statusla eyniləşdirdikdə uğursuzluq qorxusu daha da dərinləşir. Bu qorxu isə zamanla daxili gərginlik və mənəvi boşluq kimi özünü göstərir. Halbuki elmi tədqiqatlar da təsdiqləyir ki, insanın psixoloji sağlamlığı üçün özünü olduğu kimi qəbul etməsi və real gözləntilərlə yaşaması mühüm əhəmiyyət daşıyır.

 

Burada söhbət dini çağırışdan yox, insanın həyatına istiqamət verən dayaq nöqtələrindən gedir. Araşdırmalar göstərir ki, mənalı həyat sürən, sosial əlaqələri möhkəm olan və dəyərlər sistemi formalaşmış fərdlər stresə qarşı daha dözümlü olurlar.

 

Nəticə etibarilə demək olar ki, müasir insanı yoran həyatın sürətli olması deyil, bu sürətin içində itən mənadır. Cəmiyyət olaraq bu boşluğu yalnız maddi inkişafla deyil, elmi düşüncə ilə uzlaşan mənəvi dəyərlərlə doldura bildiyimiz halda daha sağlam gələcəkdən danışmaq mümkün olacaq.

 

Hacı Bəkiroğlu