Nənəm saxlanccıl arvad idi. Hər şeyi qənaətlə işlədərdi. Allahın suyunu belə israf etməzdi.

 

Nənəmin ehtiyatda həmişə nələrisə olurdu. Nənəmin hardasa saxladığı pulu var idi. Hardasa deyəndə də nənəmin bizdən gizlini olmazdı. Nənəm pulunu elə yükdəki yorğan-döşəyin arasına dürtərdi. Onun pulu yastığın altında olardı, işlətmədiyi qab-qacağın içində olardı. Cib xərcliyini boynundan asdığı kiçik ağzıbüzməli kisəsində saxlayardı, bəzən cib yaylığının ucuna bağlayardı. Hərdən kağız əskinasları corabının içinə də qoyardı.

 

Nənəmin pulları beləcə dağınıq, ora-bura səpələnmiş vəziyyətdə idi. Nənəm tez-tez pulunu itirirdi, qoyduğu yeri yanılardı. Bəzən biz də onun itiyini axtarmağa məcbur olardıq. Pul da elə bil yağlı əppək olub, göyə çıxırdı, tapılmırdı ki, tapılmırdı. Nənəm bu il itirdiyini gələn il də tapa bilərdi və ya heç vaxt.

 

Nənəm maliyyə məsələlərini itirə-itirə yola verirdi.

 

Hərdən qonum-qonşuya, qohum-əqrabaya borc verdiyi pulu unudan nənəm, kimə verdiyini xatırlayanda uşaq kimi sevinirdi. Hərdən aldığı borc pulu qaytaranları yadına salıb, onlara alqış da edərdi. Elə bil nənəm gedib onlardan borc alıbmış, indi də borcunu qaytarıb dil-ağız edirdi. Nənəm borca gələni boş qaytarmazdı, varına yox deməzdi.

 

Nənəm yazı-pozu bilmirdi. Savadsızlığı ləğv etmə kursunda bir neçə hərf, bir neçə rəqəm yazmağı güc-bəla öyrənmişdi. Köhnə pulla təzə pulu qarışdırırdı, məsələn, on manata yüz manat deyirdi.

 

Nənəm imrənci adam idi. Qışlığa lazım olan ayın-oyunu ifçin-ifçin yığar, taxta qutulara, tərəcələrə yığıb saxlayardı. Rəngarəng torbalarda onun səpmək üçün toxumları olurdu, lobya-noxud torbaları böyüklüyü ilə digərlərindən seçilirdi.

 

Nənəm müxtəlif meyvələrdən qax qoyardı. Ərik qurusunu sinilərə düzərdi. Yetişmiş əriklərin ağzını ayırar, çiyidlərini götürərdi. Əriyin quruması uzun çəkirdi. Eşiyə çıxarı, içəri aparı beş-on gün vaxt alırdı. Quruyan əriklərin ağı ayrı, sarısı ayrı torbalara yığılırdı. Qurumuş ərik çiyidləri də ayrıca torbalara toplanırdı. Nənəm qışda ərik qurusundan, çiyiddən ovuc-ovuc bizə verərdi, yanında uşağıyla, nəvəsiylə gələnlərə verərdi. Biz də bu çərəzləri sevinə-sevinə dişimizin başına qoyub, ağzımızı dada gətirirdik.

 

Nənəm mövsümündə gilənardan, almadan, armuddan, gavalıdan, xirnikdən də qurudub, qış ehtiyatı görərdi. Dilimlənmiş almanı, armudu iynəylə sapa düzüb qurudardı. Nənəmin bu qax düzümləri dildə-ağızda deyilirdi, adla idi.

 

Nənəmin yığamatı bunlarla bitmirdi. Əldamının divarına vurduğu mismarlardan əvəlik hörükləri asılırdı. Qışda əvəlikdən bişirilən isti əvəzsiz olurdu. Niyəsini deyimmi? Əvəlikli isti soyuqdəymənin dərmanı idi. Burnunu çəkən, boğazı gələn oldumu nənəm isti qazanını ortaya çıxarar, maş lobyasını ayrıca qaynadıb bişirər, umacını hazırlayar, bəzən içərisinə cızdax, qovurma da qatardı.

 

Əldamına nənəmin bibər düzümləri də başqa bir gözəllik bəxş edirdi. Hardasa bir qom üzərlik, bir dəstə qaymaqçiçəyi, yarpız asması da gözə dəyirdi. Ayrı-ayrı bez parçalarında mənim unutduğum nələrsə olurdu. Nənəmin bu düyünçələrinin mistik bir enerjisi vardı. Əldamında mövcud olan xoş ətir bu mistikanı daha da gücləndirir, bu kiçik məkana əlavə əsrarəngizlik verirdi.

 

Buradakı xoş ətri payız gələndə qış üçün ağaclardan dənə-dənə toplanmış, divardan, tavandan asılmış payızlıq alma, armud, heyva salxımlarından yayılan qoxu daha da artırırdı. Ağacdan kiçik budaqları ilə qoparılmış heyva, nar dəstlərinin asıldığı divarların, tavanın yaratdığı mənzərə buranın xoş ətri ilə qəribə şəkildə uzlaşırdı.

 

Nənəm unutqan idi, saxladığı bir şeyi günlərlə axtarırdı. Bu axtarışlar ona özünün saxlanclarını, dür-düyünçələrini, torbalarını gözdən keçirmək, irdələmək, qurd düşüb-düşmədiyini, siçanların dəyib-dəymədiyini üzə çıxarmaq üçün gözəl fürsət verirdi. Nənəm xarab olan məhsulları ayırır, yığamatını sahmana salırdı.

 

Müəllif: Afiq Muxtaroğlu