Biz bilirik ki, hər bir insan dünyaya gələrkən, necə deyərlər, heç nə anlamır; nə danışa, nə də yeriyə bilir. Yəni etdiyi hər bir davranışı müəyyən bir yaşa kimi şüurlu şəkildə etmir. Zaman keçdikcə isə bu bacarıqların hamısına yiyələnmiş olur. Çünki insan böyüdükcə öyrənməyə, çalışmağa, bir sözlə, özünü daha çox inkişaf etdirməyə çalışır. Ona görə ki, biz dünyada yaşadığımız müddətcə savadlı olmalıyıq. Savadlı olmaq üçün isə təhsil almalıyıq.

 

Təhsil dedikdə hər kəsin ağlına ilk öncə məktəb gəlir. Təhsil sadəcə bizim məktəbdə keçdiyimiz fənlərdən ibarət deyil. Eyni zamanda həyatda gördüklərimizin, eşitdiklərimizin, yaşadıqlarımızın və s. hamısı təcrübədir. Məsələn, biz hər hansı bir səhv etdikdə bunun düzgün davranış olmadığını başa düşür və bir daha etməməyə çalışırıq.

 

Biz ilk təhsilimizi uşaq baxçasında alırıq. Orada ən elementar biliklər öyrənilir – saymaq, rənglər, fəsillər və sair. Daha sonra isə ibtidai sinfə başlayırıq. İbtidai sinifdə oxumağı, yazmağı öyrənirik, əlimiz qələm tutur.

 

Müəllimim bizə hər zaman belə deyərdi: “Ev tikmək üçün birinci bünövrəsi qoyular, sonra ev tikilər”. İbtidai sinif də məhz ev kimidir. İlk öncə təməli qoyulur, sonra üzərinə təhsil inşa edilir. Orta məktəbdə biz artıq daha çox sosiallaşır, cəmiyyət içinə qarışırıq.

 

Ən sonunda isə bir çoxlarımızın xəyalı olan universitet həyatı başlayır. Ən azı 4-5 il universitetdə təhsil alıb bitirdikdən sonra isə seçdiyimiz ixtisas üzrə işləməyə başlayırıq.

 

Çoxları üçün 12 il orta məktəbdə, 4 il universitetdə oxumaq çətin gəlir. Elə ən çox eşitdiyim cümlə də budur: “12 il məktəbdə oxuduqdan sonra bir də 4-5 il universitetdəmi oxuyacaqsan? Bu qədər oxuduğun yetmirmi?” Ancaq universitetdə oxumaq istəyənlər təhsillərini zirvəyə çatdırmaq istəyirlər və bunun üçün də əllərindən gələnin ən yaxşısını edib universitetə qəbul olmağa çalışırlar. 12 illik orta təhsildən sonra əlavə 4-5 il ali təhsil almaq yük deyil, gələcəyə sağlam addım atmaqdır. Və bu addımı atdıqdan sonra bizim ali təhsil həyatımız başlayır.

 

Bizim təhsilimiz uşaq bağçasında başlayıb universitetdə bitir. Əgər inkişaf etmiş bir cəmiyyətdə yaşamaq istəyiriksə yaxşı təhsil almalıyıq. Şarl Lui Monteskyönun dediyi kimi: “Oxumağı sevmək, həyatdakı cansıxıcı saatları ən gözəl saatlarla dəyişməkdir”.

Validə Fətullayeva