İnsan günü-gündən elə şeylərlə qarşılaşır ki, hər dəfəsində gerçək həyatla yenicə tanış olurmuş, həyatın əsas üzünü indi görürmüş kimi hiss edir. Siz də təsdiq edərsiniz ki, bəzi tanışlıqlar olduqca sarsıdıcı olur. Bir də bu tanışlıqların anidən baş verməsi tamam başqa məsələdir. İndi danışacağım da belə tanışlıqlardan biridir.

 

Evdə idim, biri zəng edib çağırdı ki, kömək lazımdır, bizə gəl. Getdim. Dedilər ki, sənədlər, kağızlar var, lazımlı olanlarla lazımsız olanları ayırmaq lazımdır. Sıra ölmüş birinə aid olan sənədlərə gələnə qədər hər şey öz qaydasınca gedirdi. Attestat, doğum, evlilik şəhadətnaməsi, diplom, SSRİ dövrünün məşhur “qramotaları” və daha neçə-neçə nə yazıldığı tam anlaşılmayan sənəd. Attestatını vərəqlədim: fizika – 4, astronomiya – 4, riyaziyyat – 5, biologiya – 2...

 

O an ağlıma bir vaxtlar bu insan üçün bu rəqəmlərin nə qədər önəm daşıdığı gəldi. Hər 5 rəqəmini görəndə sevinəcəyi, 2-ni görəndə nə qədər kədərlənə biləcəyi gəldi gözümün önünə. Gözümü açanda isə o sevincin, kədərin zibil qutusundan mənə baxdığını gördüm. Artıq nə 5 sevindirmirdi adamı, nə də 2 kədərləndirmirdi heç kimi...

 

Sonra əlimə bir dəftər keçdi. Çiçəklərlə, şəkillərlə, şeirlərlə dolu incə bir dəftər. Üzümdə kiçik bir təbəssüm yarandı, maraqla vərəqləməyə başladım. Hər səhifəsində iki-üç sətir şeir var idi. Heç bir hiss əskik deyildi bu dəftərdə. Dostluğa, sevgiyə, vətənə, ayrılığa və ümidə yer verilmişdi. Ən gözəl yerində isə sevdiyi insanların adı yazılmışdı – böyük ulduzların çində. Sahibi sağ ikən, önəmli bir dəftər olduğu bəlli idi...

 

Mən bu fikrə dalmışkən adlar birdən-birə gözümün önündə bulanlıqlaşdı. Başımı qaldıranda isə dəftər artıq başqasının əlində idi. Mənim bayaqdan sizə heyranlıqla tərif etdiyim dəftəri o, dörd parçaya ayırıb zibil qutusuna atmışdı. Ən ağır tərəfi isə bunu edənin adının dəftərdə xüsusi diqqətlə qeyd olunması idi. Bu hərəkətinin səbəbi evdə “lazımsız şeylər” üçün yer olmaması idi. Maraqlı olan isə dəli kimi axtardıqladı kağız parçasının da, bu dəftərin də eyni insana aid olması idi. Belə başa düşdüm ki, bu dəftəri axtarılan kağız parçasından daha önəmsiz edən şey maddi qiymətində idi. Səhv etmirəmsə, axtarılan sənəd hansısa bir torpaq sahəsinə aid idi. Satmaq istəyirdilər, ona görə də bu sənədin tapılması mütləq idi.

 

Doğum şəhadətnaməsi və pasportunu tapmışdıq, amma axtardığımız sənədi tapa bilmirdik. Sənədi tapmaq şansı azaldıqca başladılar ölünün arxasından danışmağa: “Sağ olanda nəyi düzgün etmişdi, nəyi bacara bilmişdi ki, indi də asanlıqla tapa bilək o sənədi. Bəlkə də sağ olanda itirmişdi, bacarıqsız birindən nə gözləmək olardı...”

 

Arasından bir gün keçdi, həmin insan kövrək və hirsli halda bizə gəldi. Peşman olduğu görünürdü. Dedim yəqin o gün dediyim sözlər ona təsir edib.

 

“Səhər zibili atırdım, kağız-kuğuzun arasında torpaq sahəsinin ölçüsü yazılan bir sənəd gözümə dəydi. Tez çıxartmağa çalışdım, amma bircə sahənin yazıldığı yer qalmışdı, qalan hissəsi yanmışdı. Sən demə axtardığımız sənəd o gün üstündə mənimlə dalaşdığın şeir dəftərinin arasında imiş. Kaş yaxşı baxsaydım arasına”, – dedi və getdi...

 

Peşman olduğunu düşünməkdə haqlı idim, amma peşmançılığının səbəbində yanılmışdım.

 

Düzdür, o, sənədin dəftərin arasında olduğunu görə bilmədiyi üçün pis olmuşdu. Ancaq tək görə bilmədiyi şey o deyildi, adının o dəftərin ən önəmli yerində olduğunu da öyrənə bilməyəcəkdi heç vaxt. Mən bunu ona sonra da deyə bilərdim, amma öyrənməyə haqqı olduğunu düşünmədim, nə də öyrənməsinin bir şeyi dəyişəcəyini...

 

İnsanın var olmağı da, yox olmağı da çox təbiidir, amma bir insanın var olmamışcasına yox olması, yox ediməsi ağıla sığmazdır. Bir vaxtlar yaşadığın, sahib olduğun evdə sənə bir qarış yerin olmaması nə qədər acıdır.

 

İndi öz-özümə cavabını bilmədiyim suallar verirəm: Görəsən bu olacaqları bilsəydi yenə də yazardımı o sətirləri? Hisslərinin ondan daha tez torpağa qarışacağını ağlına gətirərdimi?..

 

Xatirələrin ölməsi ölümdən daha ağır imiş...

 

Hürnisə ƏHMƏDOVA