Məcazi məna vasitəsi ilə dili daha canlı, daha zəngin-ifadəli, daha çoxçalarlı edən sabit söz birləşmələrinin – yəni frazeoloji birləşmələrin növləri arasında idiomlar, hikmətli sözlər-aforizmlər, ibarələr, zərbi-məsəllər əsas yer tutur. Belə frazeoloji birləşmələrin bir qisminə “qanadlı sözlər” də deyilir. Və həyata Sözlə, daha çox “qanadlı” sözlərlə bağlanan yazıçılara, şairlərə (əlbəttə, belə fikir-münasibət həqiqi söz adamlarını nəzərdə tutur) arada-sırada “qanadlı adamlar” da deyilir.

 

Anadilli ədəbiyyatımızdan bircə misal gətirməklə kifayətlənirəm: Vaqif Bayatlının 2007-ci ildə yazdığı “Qanadlan, uç, zalım Şuşa” adlı şeiri də var; yenə də məcazi mənada, sən demə, məşhur söz adamlarından dolayı, şəhərlər də qanadlana bilirmiş! Üstəlik də, indi Şuşanın zəfərlə azadlığa qovuşmağından sonra belə çıxır ki, sən demə, adi, sadə adamlar da, məsələn, əsgərlər də qanad çıxara bilirlərmiş! Vaqif bəyin daha bir şeiri var ki, “Güllü xəncər” adlanır. İthafda bu şəkildə yazılır: qanadlı Afaq Məsuda. Bu on iki bəndlik şeirin sonuncu bəndi belədir:

 

Vallah, gül də istəmirəm,

lap eşqlə də dolmuş olsa.

Bəsimdi – xəncərin üstdə

bir gül şəkli olmuş olsa.

 

Yəni ömürlük işi gil adamlardan gül adamlar “düzəltmək” olan şairə görə, əgər uçmaq, qanadlanmaq, ucalıqlar varsa, qalanı – təfərrüat deyilmi? Hətta xəncər yarası da!

Yoxsa mətləbdən uzaqmı düşdüm?

 

Bəlkə də iyirmi birinci əsrin 2021-ci ilində bir qədər qərib səslənir, hətta bəzilərinə qəribə-gülməli də gələ bilər. Amma “fil qulağında yatan” Fəxrəddini bəlkə də elə bu “qanadlı sözlər”lə “qanadlı adamlar” yıxdı! Atası erkən vəfat edən Fəxrəddini ilk dəfə kim “fil qulağında yatan” deyə çağırmışdı? Sanki kimsə xatırlamır. Sanki Fəxrəddin elə fil qulağında yatmaq üçün  könüllü gəlmişdi dünyaya!

 

Frazeoloji birləşmə olaraq, fil qulağında yatmaq – heç bir şeylə maraqlanmamaq, heç bir şeydən xəbəri olmamaq, müxtəsəri, “xəbərsiz” anlamını versə də, əslində, Fəxrəddin çox şeydən xəbərdar idi. Əlbəttə, yaxşı həvəskar  rəssam olmağından və zoologiyanı, onun bölmələrini əzbər bilməyindən  savayı...

 

Qohumları, qonşuları Bakıdan, Tiflisdən evlər, mənzillər alırdılar; ikisini alanda birini də mütləq kirayəyə verirdilər ki, qoyduqları məbləği diriltsinlər. Maraq alverindən mebel alverinə keçirdilər, maşınları partiya dəyişən kimi dəyişirdilər. Dar gün üçün yığırdılar, balalarına, hətta gözəl-göyçək sevgililərinə də ağ gün ağlayırdılar.

 

Kimə deyirsən?

 

Fəxrəddin fil qulağında yatmaqda idi. Bir filfilə köynəkdə qışda da ağartdığı ikiotaqlı ev sanki Süleyman mülkü idi ki, dururdu!

 

Mən Dəllərdə, Fəxrəddin Süsən-Sünbüldə yaşasaq da onu belə yaxın tanımağımın tək bircə səbəbi var idi: o da bundan ibarətdi ki, mən də filləri sevirdim. Məsələn, fillərin su altında üzə-üzə qarşı sahilə keçmələrinə dəqiqələrlə baxırdım, amma təbii ki, televizorda!

 

Görünür, Fəxrəddin ya “fil qulağında yatmaq” sindromundan qurtarmaq üçün çabalayırdı, ya da məcazi məna dolu bu  hissləri sonacan yaşamağa tələsirdi. Yəni bütün hallarda bu sualın bir mükəmməl cavabı olmalıydı axı: nədən, sözün məcazi deyil, həqiqi mənasında, az qala cəmi Süsən-Sünbül fil qulağında yata-yata, özünü elə göstərir ki, guya fil qulağında tək bircə nəfər yatır? Və doğrudan da həqiqi yatmaq, həqiqi korluq hansıdır?

 

Fəxrəddinin bir fil fobiyası-qorxusu da var imiş: qorxurdu ki, günlərin bir günü fillərin kökü də, məsələn, dinozavrlar misallı, kəsilə bilər. Üstəlik də, eşidəndə ki, Kar Kərimin (tamahının qulu olan ağır eşitməzmi?) ortancıl oğlu Qalib, Qahirə tərəflərdə fil dişi alverinə qurşanıb, az qalıbmış Fəxrəddinin nəfəsi kəsilə. İndi Fəxrəddinin deyil, bizim medal ölüsü olan məntiqlə belə çıxmırmı ki, “fil qulağında yatan” xəbərsiz ola-ola, fil qulağını adicə yelpik bilən kəs fil dişi alveri eləyir!

 

Bir dəfə Fəxrəddin mənə bir oyuncaq ağ fil bağışlayıb demişdi:

– Müəllim, bu gün (sentyabrın 22-si idi) Filləri Beynəlxalq Müdafiə Günüdür, eşitdim nəvəniz dünyaya gəlib, zəhmət olmasa, alın, bu hədiyyə onun üçündür.

Təşəkkür elədim.

 

Biz müəllim ola-ola fillərin ayaqüstə yatmağından tutmuş, o boyda məsum filin arıdan qorxmağına qədər, uşaqlar hamısını Fəxrəddindən eşitmişdilər: fillər həm də böyük etibar sahibi imiş, məsələn, məşhur fil təlimçisi vəfat edərkən onun cənazəsi üçün iki böyük fil dəstəsi (sürü deməyə dilim gəlmədi) təlimçinin evinəcən gəlibmiş. Bəzi ölkələrdə fillər üçün məxsusi Fillər günü də bayram edilirmiş!..

 

İndi bildim ki, vaxtı ilə güclü leysandan sonra daşqına məruz qalmış Tiflis zooparkına ilk köməyə gedənlərdən biri niyə məhz Fəxrəddin imiş?

 

...İndi həmin yay tətilindən sonra buralardan gedəli beş-altı il olar Fəxrəddinin. Onu fəfidi sayanlar var idi, amma o, bizim bölgə tarixində ilk olaraq zoopsixoloq oldu! Bu ixtisas nadir ixtisaslardandır. O, fillərin həyatını, davranışlarını öyrənməklə məşğuldur. Təsəvvür edirsinizmi?! Fillər yaşamayan məmləkətdən filhəqiqətləri öz həyat tərzinə çevirən adam da çıxırmış! 

 

Dünən xəbər yayıldı ki, bəs deməzsənmi, adını gizli saxlamağı xahiş edən bir nəfər soydaşımız öz halal pulu ilə hansı kasıb ölkənin zooparkı üçünsə Tailanddan iki fil alıb. Amma hələlik göndərə bilmir, çünki pandemiya ilə bağlı oralarda da bəzi məhdudiyyətlər var imiş. Sümüyümə nəsə damdı...

 

P.S.

Məhdudiyyətlər azalan kimi xəbər çıxdı ki, adı gizlin saxlanılan soydaşımızın aldığı iki fil, təkcə çörəyə yox, həm də fillərə ehtiyacı olan – amma bir nəfər də olsun milyarderi olmayan –  həmin kasıb ölkənin zooparkına təhvil verilib. Xəbər çıxan günün səhərisi mən də bir bağlama aldım: içində Portuqaliya yazıçısı Joze Saramaqonun (port. Jose Saramago) Türkiyə türkcəsində bir kitabı və üzərində ağ fil şəkli olan uşaq ayaqqabısı (təbii ki, nəvəm üçün) var idi. Kitab “Filin yolculuğu” adlanırdı.

 

...Oxumuş olanınız olar. Çünki filin yolu-səyahəti həm də Alp dağlarından, qarlı aşırımlardan  keçir. Siz də ki, bildiyim qədər, Alp dağlarının vurğunusunuz. Təbii ki, şəkillərdə də olsa.

 

...Az qala unutmuşdum. Kitabda bir avtoqraf da var. Özü də Saramaqonun öz sözləri ilə: həyatımızda heç də hər gün fil boy vermir!

 

...Yazılanlara görə, qürbətə aparılan fillər oralarda vətən üçün həzin-həzin, səssiz-səmirsiz, amma nisgil dolu sükutla qəribsəyirlər, daha bizim kimi... bəzən bağıra-bağıra yox...

 

İBRAHİMXƏLİL