İnsanlar heyvanları əhliləşdirməyə və onlardan istifadə etməyə çox qədim vaxtlardan başlamışlar. Heyvanların əhliləşməyə uyğun olması bizim üçün olduqca mühüm bir hadisə olmuşdur. Hətta it kimi sahibinə çox sevgi bəsləyə bilən heyvanın əhliləşdirilməyə uyğun olduğunu sadəcə biz insanlar bilmirik. Bu barədə haradasa oxumuşdum ki, “babuin” meymunları küçələrdən köpək balalarını oğurlayıb, böyüdüb, yanlarında gəzdirərlərmiş.

 

İt, istər küçə iti olsun, istər qapı iti, digər heyvanlardan fərqlənməkdədir. Sahibi ölən itlərin sahibinin öldüyü yerdən illərlə uzaqlaşmayıb, onun nə vaxtsa qayıdacağını gözləməsinə sosial mediada dəfələrlə rast gəlmişəm.

 

Mənim üçün küçə itləri də maraqlı olub. Dəfələrlə rayondan yaşadığım kəndə gecə qayıdası olmuşam və rayondakı küçə itlərinin hücumuna məruz qalmışam. Əlbəttə, bu hücumlar yüyürüb dişləmək məqsədi daşımırdı, yəqin ki, qorxutmaq məqsədi daşıyırdı. Ancaq özüm üçün bu küçə itləri ilə də dostlaşmağın yolunu kəşf etmişdim. Hücumlarına məruz qaldığım itlərə əvvəlcə yaxınlaşardım ki, onlardan qorxmadığımı anlasınlar və mən bu cür hərəkət edəndə, təbii olaraq, itlər məndən uzaqlaşardı, yəqin ki, qorxduqları üçün. Sonra isə itlərin uzaqlaşdığını görüb mən də onlardan uzaqlaşardım ki, itlər cürət tapıb təkrar mənə sarı gəlsinlər, elə də olardı. Bu yaxınlaşıb-uzaqlaşmaqdan ibarət olan hərəkəti bir neçə dəfə təkrar etdikdən sonra itlər artıq məni aralarına alar və ətrafımda hamısı quyruq bulayar, bəziləri isə ayağımın altına yıxılardı.

 

Heyvanların bir qisminin ətindən istifadə etdiyimiz üçün həmin heyvanlara qarşı çox da mərhəmətli olmuruq, onların başını bədənindən ayırarkən “Allahu əkbər” deyərək vicdani məsuliyyətimizi Allahın boynuna yıxırıq və vicdan əzabından xilas oluruq. Quzu alıb saxlayıb onu özünə öyrədənlər yaxşı bilər, bu heyvanları körpə vaxtından özünə öyrəşdirirsən və bu heyvanlar hara getsən sənin dalınca gəlir, sən bu heyvan üçün sığına biləcəyi ən etibarlı məxluq olursan. Quzu vaxtı alıb özünə öyrətdiyin heyvan böyüyüb qoyun olur, amma yenə də səni ən etibarlı dostu bilir. Və sən böyüməyini gözlədiyin bu heyvanı kəsməyə hazırlaşırsan. Əlbəttə, özünə bu cür öyrətdiyi heyvanları kəsməyə qıymayanlar da var.

 

At və köpək kimi heyvanların etibarlılığından da xalq arasında olduqca çox danışılır. İnsanlar at, köpək, pişik kimi heyvanları özlərinin dostu bilirlər. Yeniyetmə yaşlarımda yazıçı İsmayıl Şıxlının “Dəli Kür” romanında prototipi öz babası olan Cahandar ağanın ona ədavət bəsləyənlər tərəfindən atının boynunun qırxılmasını oxuduğum yadıma gəlir. Bu hadisədən sonra Cahandar ağa öz atını güllələyir. Yəni öz etibarlı heyvan dostunu, həmiçinin də bu heyvanın etibarını namusuna qurban edir.

 

Köpək, pişik, at kimi heyvanlara isə ətlərindən istifadə etmədiyimiz üçün olduqca mərhəmətliyik. Məsələn, hansımızınsa itimizi öldürməyimizi təsəvvür belə etmərik. Bunu az qala insan öldürməyə bərabər sayırıq. Küçə iti olsa belə itlərə qarşı olduqca mərhəmətliyik. Yaşadığım kəntdə bir nəfərin səhvən ov tüfəngi ilə küçə itini vurduğunu və peşman olub hansısa bir din xadiminin qəbuluna getdiyini duymuşam.

 

Mən öz itimi adətən bağlı saxlayardım. Çünki açıq olanda hara getsəm dalımca gələrdi, bəzən toy məclisinə, bəzən yas məclisinə getməli olardım, it də gələrdi yanımca və toy, yas yerinin sahibindən söz eşidərdim. İtim son vaxtlar elə də möhkəm bağlamadığım üçün tez-tez açılardı.

 

Bir gün qonşunun oğlundan belə bir təklif gəldi ki, gəl itlərimizi boğuşduraq. Onun iti mənim itimdən azca böyük olmasına baxmayaraq, heç düşünmədən qərarımı verdim. Boğuşduraq dedim. İtimin dalımca gələcəyini bildiyimdən onu döyüş meydançasına aparacağımdan heç bir şübhəm yox idi. Elə də oldu, itimi döyüş meydançasına asanlıqla apara bildim. İtlər bir-birini görən kimi bir-birinin üzərinə şuğudu, qəflətən qonşunun iti qoçaq çıxıb mənim itimin ağzından yapışdı. Heç cürə ağzını açmağa imkan vermədi. Uzun müddət itimin ağzını buraxmadı. Heyvanın yazıq-yazıq zingildəməsi mənə təsir elədi, az qala qonşunun oğluna yalvarırdım ki, kömək elə itimi sənin itinin ağzından xilas edək. O da sağ olsun, kömək eləməyə çalışdı. Doğrudur, qonşunun iti mənim itimin ağzını buraxdı, ancaq bu dəfə qulağından yapışdı. Axırda haradan ağlıma gəldisə, qonşunun itinə möhkəm bir təpik ilişdirdim və itimi xilas etdim, evə apardım.

 

Qapıda qana bulaşmış başını sığalladım. İtimin belə bir xasiyyəti var idi, nə qədər çox çörək yesə yenə də istəyirdi. Onun bu xasiyyətini bildiyimdən öz vicdanımı rahatlatmaq üçün xeyli çörək qırıb verdim. Növbəti gün yazıq heyvana çörək verdim, əvvəlcə çörəyə yaxınlaşdı, iylədi, yemək istədi, yeyə bilmədi. Vicdan əzabı çəkdiyimi ailəmə bildirmək istəmədim. İtin çörək yeməməyi mənə olduqca təsir elədi. Evdəkilərə toyuq ətini sevməsəm belə ürəyimin toyuq əti istədiyini söylədim. Onlar əvvəlcə təəccübləndilər, sonra isə doğrudan da toyuq əti istədiyimə inandılar. Məqsədim xəstələnmiş heyvana toyuğun içalatını vermək idi. Toyuğun içalatını və ayaqlarını itin qabağına atdım, əvvəlcə mənə baxdı, quyruğunu buladı, sanki mənim bu yazıqlığımı başa düşdü və mənə əzab verməmək üçün çətin də olsa içalatı yedi. Çox keçmədi ki, yediyini qaytardı. İtimin bir xasiyyəti də var idi, təzə bişmiş çörəyi çox sevərdi. Təzə bişmiş çörəyi anam təndirdən çıxarıb qapıya gətirəndə səsi qapını götürərdi ki, o çörəkdən mənə də verin. Bu dəfə də elə oldu, çörək bişirildi və qapıya gəldi, ancaq heyvan heç bir reaksiya vermədi.

 

Artıq bir həftə idi ki heç nə yemirdi. Öləcəyinə əmin idim. Son bir ümidim var idi, deyirdim bəlkə təzə bişmiş çörəyi yeyə. Ancaq yeyə bilmədi. Özümü olduqca pis hiss edirdim. Bir neçə gün də keçdi və bir gün axşamdan qalmış duzlu kartof soyutmasını anam itin qabağına tökdü. Və it yeməyə başladı. Həyatımdakı ən sevindiyim anlardan biri idi bu. Artıq itin sağalacağına əmin idim və sağaldı da. Özümə söz verdim ki, artıq heyvanlara qarşı daha mehriban olacağam. Və ömrümdə ilk dəfə olaraq özümü bir heyvana qarşı minnətdar hiss elədim. Minnətdar hiss elədim ki, nə yaxşı ölmədi, sağaldı, məni vicdan əzabından xilas elədi.

 

Vüqar VƏKİLOĞLU