Adət – gələcək nəslə atəş verməkdir, kül uzatmaq yox.

(Roma atalar sözü)

   

Bizim millətin əxlaq-namus anlayışı var, saxlanılıb, di gəl ki, yaxınlaşıb baxanda görürsən ki, çox eybəcər bir görünüşdədir. Bu görünüşə ürəyi yanan eşələyib, düzəltmək istəyib, xalqa səslənmək istəyir ki, “dayanın, aya, dayanın, bu bizim tərifləyəcəyimiz o mentalitet deyil, tərifləməyin”. Danışmaqdan bezən, yaxud ikiqat ağıllı olan isə qırağa çəkilib öz həyatınıca gözəl bir şəkildə yaşayır.

 

Olduğum toyda gəlinin qardaşı belinə qırmızı lenti bağlayanda, ondan soruşdular ki, bacına nə diləyirsən? Qardaş cavab verdi: “Gələn il qucağında uşaq tutmağını”. Hamı əl çalıb güldü. Öz-özümə düşündüm, görəsən nəyə gülürlər? Demir ki, bacıma xanım-xatın olmağı, sevib-sevilməyi, ərinin könül sultanı olmağını diləyirəm. Deyir, uşaq doğsun, əsas odur ki, bacısı gedib öz “arvad” funksiyasını yerinə yetirsin, qalanı elə də önəmli deyil.

 

Sözü nəyə gətirirəm, mənim yaxın qohumum həkimdir, danışır ki, klinikaya gələn cavan gəlinlər telefonla danışırlar və bəzən hiss edirsən ki, danışdığı nə qardaşı, nə atası, nə də əridir. Kim olmaq ehtimalını siz özünüz başa düşdünüz. Və bu qohumum – kişi o qızları qınayır. Haqlıdır, bu, təriflənəsi bir şey deyil. Mən bu yazımla onları dəstəkləmirəm. Amma və lakin...

 

Düşünürəm ki, o gəlinlərə pozğun demək yox, oturub hallarına ağlanasıdır. Qızı dünyadan xəbəri olmayanda – 14-15 yaşında ikən ona yatmağa kişi axtaran (tapan) atamı pozğundur, qızını fəxrlə qızıllara bürüyən anamı, yoxsa 5-6 ildən sonra ərindən iyrənməyə başlayan qızdırmı pozğun? Mövzu ilə bağlı dostlarımdan biri fikir bildirdi ki, “bəs sən onu vaxtında ərə verməsən, oxutsan, axı özü başlayacaq oğlanlarla danışmağa, bəs birdən adına ləkə gəldi?” Yəni onda belə çıxır ki, qızın özü özünə oğlan tapıb “xarab“ olmaqdansa, valideyn qızına uşaqkən evlənməyə kişi tapmalıdır? Niyə bu əsil pozğunluğu evlilik sözü altında bəzəyirsiniz?

 

Mənim uzaq bir qohumum var, oğlunu 30 yaşına yaxın 16 yaşlı qızla evləndirdi. Oğlan ağıldan kəmdi, buna əlavə qabaq dişləri də yoxdur. Oğlana baxanda Sabirin məşhur şeiri yada düşür:

 

Vay, vay! Deyəsən bəşər deyil bu!

Bir şəklə uyan təhər deyil bu!

Allahı sevirsən, ər deyil bu!

Ərdodu, qabandı, qoyma, gəldi!

Didarı yamandı, qoyma, gəldi!

 

Bir ay sonra o qızı bir qadınla yolu keçərkən gördüm. Hamı qıza baxırdı – hündür, ağ dərili, şabalıdı gözlü, cəhrayı dodaqlı, ağ müncüq kimi düzülmüş dişləri... Və o qız bayıra həmişə mütləq kiminsə müşayiətiylə cıxacaq, çünki onun əri instinktiv olaraq bilir ki, bu qız ayılsa onu bəyənməyib qacacaq. Ona görə də qız gözünü hər qaldırmaq istədiyində şapalaq yeyəcək, çünki əri bilir ki, o qıza ayılmağa imkan verilməməlidir. Çünki əri hər oğlandan xəflənəcək, elə biləcək ki, bunun arvadını əlindən almaq istəyirlər.

 

Vay o qızın halına ki, 4-7 ildən sonra ayılıb kimin yanında olduğunu başa düşəcək. Ayılmağımı daha böyük faciə olacaq, yoxsa ayılmamağımı? Bilmirəm... Başqalarının arvadlarına baxacaq, onların ərlərinə, özünə, sonra isə kiminlə yaşadığına. Eləcə bu sualaca qapanacaq: “Niyə?”.

 

Sabah onun gözləri başqa kişilərdə olanda söyərsiniz o qızı, sonra isə o qızı başından edən, ləyaqətsiz, sizin təbirinizcə desək “çesti“ olmayan atasını da söyərsiniz, çünki o, qızını vəhşi birinə ərə verəndə ömürlük söyüləsi oldu. Və o qız “xarab” olsa bilin ki, onu pozğun edən atası oldu!

 

İndi içinizdən biri durub deyəcək ki, “bu boyda xalq, çoxluq, biz böyüklər – hamımız səhv, sizsinizmi düz düşünən?” Axı siz niyə yaşınızaca arxalanıb özünüzü haqlı sayırsınız? Afrikanın ucqar adasında, bir tayfanın belə bir adəti var – toy gecəsi gəlin gərək əvvəl qayınata və qayını ilə ola, sonra isə öz əri ilə. Orada çoxluq elə edir deyə, bu, onların düz olması mənasınamı gəlir?


Bir cəmiyyətdə ki, ərə verib (gedib), arvad almaqdan başqa bir maraq olmasın... 7 yaşında uşağı görəndə “Qızımı sənə verimmi? Oğuluma alımmı səni?” deyə hırıldayaraq soruşursunuz, çünki başqa soruşacaq, danışa biləcək sözünüz, mövzunuz yoxdur.

 

Eva (Şənhəyat) SADİQ