Səhər oyanıb həyətə çıxdıqda ilk eşidilən nə sərin səhər küləyi, nə də quşların cəh-cəhidir. Gözümüzə dəyən, burnumuza çarpan ilk şey ağır bir zibil qoxusudur. Bəlkə hər səhər deyil, amma yetərincə tez-tez rastlaşırıq ki, artıq adi hala çevrilib.
Zibil qabı çoxdan öz funksiyasını itirib. Tullantılar yola yayılıb. Orada-burada it-pişiklərin dağıtdığı parçalanmış torbalar, tökülmüş yemək qalıqları, boş plastik qablar gözə dəyir. Küçənin mənzərəsi ürəkbulandırıcı vəziyyətdə olur. Hər kəs burnunu tutaraq zibil qutusunun yanından keçir. Məhlənin uşaqları zibillərin üstündən keçir. Bəzən zibili futbol topuna çevirərək məktəbə gedirlər. Küçə susur. Zibilin qoxusu isə hər yeri bürüyür. Amma sanki hamı bu mənzərəyə və bu qoxuya alışıb. Heç kimdən səs çıxmır. Küçənin dili yoxdur, bəs bu küçədə yaşayan sakinlərin?
Kimə nəsə desən cavab eynidir: “Kimdir bizi eşidən?”, “Özləri görüb gələrlər”, “Heç kimə deməyək, birdən bizə cərimə yazarlar”, “Deyəcəklər bu qədər zibili siz tökmüsünüz...” Başa düşə bilmirəm, bu nəyin qorxusudur? Zibil qutusunu ora qoyublar ki, zibil ataq, yoxsa zibil qutusunu təmiz saxlayaq?
Əvvəllər, ümumiyyətlə, məhlədə zibil qabı yox idi. İnsanlar zibilini iki məhlə uzaqda olan qutuya aparıb atırdılar. Bir neçə nəfər, necə deyərlər “ürək yeyib” narazılığını bildirdi. Onda da seçki ərəfəsi idi. Zibil qabı gətirib qoydular. İndi “arada” gəlib təmizləyirlər. Amma bu yetərli deyil. Gecikmiş təmizlik küçənin gündəlik vəziyyətini dəyişmir.
Zibil qabı dolu olduqda hər kəs zibili sadəcə qabın yanına tökür. Sual verəndə ki, “Zibili niyə qırağa tökürsən?”, cavab həmişə olduğu kimi hazırdır: “Bəs hara ataq? İçində yer yoxdur”.
Əgər zibil qabı doludursa bu, bəhanə deyil ki, zibili yerə ataq. İnsanlar bir zəng vurmağa belə tənbəllik edirlər. Vətəndaş olmaq təkcə seçkidə səs vermək deyil, ətraf mühitə sahib çıxmaq da vətəndaşlıqdır. Amma görünür çoxumuz bunu ya heç anlamırıq, ya da vecimizə deyil.
Zibilin günlərlə yığılması sadəcə tənbəllik deyil, məsuliyyətsizlikdir. Bələdiyyələr büdcədən vəsait alır, maaşlar verilir, amma nəticə? – Küçələr zibil içində qalır. Kimlər nə işlə məşğuldur?
Zibilin daşınmaması təkcə yayılan pis qoxu ilə bitmir. Bu sağlamlıq problemidir. Bu mədəniyyət problemidir, həm də məsuliyyət məsələsidir. Məktəbə gedən uşaqlar, həyətə çıxan yaşlılar, səhər işə tələsənlər, bir sözlə, hamı bu zibilin üfunəti ilə nəfəs almağa məcburdur. Ən acınacaqlısı odur ki, bu rüsvayçı mənzərə artıq heç kimi təəccübləndirmir. İnsanlar o qədər öyrəşib ki, üfunətlə nəfəs almaq normal qəbul olunur. Susmaq sanki yeni həyat tərzinə çevrilib. Sanki hamı bu iylə yaşamağa məhkum olduğunu qəbul edib.
Zibil problemi təkcə görünən çirkli mühit deyil, həm də içimizdəki laqeydliyin göstəricisidir. Bu hal insanlar arasında olan münasibətlərə də təsir göstərir. Necə? – Qonşular bir-birinə irad bildirməkdən çəkinmir. Kimsə nəyisə düzəltmək istəyəndə ətrafdakılar ona qəribə baxır, “özünü yorma, heç nə dəyişməz” deyirlər. Hansı ki, dəyişiklik bir insanla başlayır. Biri addım atsa, digəri ona mane olmaq yerinə onunla birlikdə addım ata bilər. Əgər hər kəs zibilini düzgün yerə atsaydı (zibil qabı dolu olduqda yerə atmaq əvəzinə aidiyyəti qurumlara bu vəziyyəti bildirsəydi) küçələr bu hala düşməzdi.
Yayda bu qoxunun nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil. Hər şeyin başlanğıcı isə kiçik bir addım və məsuliyyətdir. Sadəcə bir addım atmaq böyük dəyişikliklərə səbəb olur. Necə deyirlər: “Bir damcı su bir dəniz olar”. Zibili zibil qabına atmaq, dolubsa gözləmək, ehtiyac varsa zəng etmək və sair çətin deyil. Sadəcə istəyimiz və iradəmiz olmalıdır. Bəlkə küçənin dili yoxdur, amma biz ki danışa bilirik. Səssiz qalmaqla problemi yox etmirik, əksinə, daha da dərinləşdiririk.
Məhləmizdə insan-məkan münasibətini yaxşı bilən, təbiət və ətraf mühit haqqında dərindən düşünə bilən, dünya xəritəsini əzbər bilən insanlar var. Amma coğrafiya təkcə dağ silsilələri, çay adları və paytaxt şəhərlərlə məhdudlaşmır. Coğrafiya yaşadığımız mühitdir, nəfəs aldığımız havadır, ayaq basdığımız küçədir... Əgər biz bu küçəyə laqeyd yanaşırıqsa, demək ki, coğrafiyanı yalnız dərsliklərdə saxlamışıq, həyatda yox.
Validə FƏTULLAYEVA