Bizim daşımız ağırdır. Daşımız ağır olsa da vətənDAŞ sözündəki DAŞımızın pərqu qədər çəkisi yoxdur niyəsə... Təkcə vətəndaş sözündəki daş deyil, soydaş, dindaş, qardaş, yurddaş sözlərindəki daş da öz topuğumuza dəyir, öz başımıza yağır əsrlərdir. Axı, daha daş dövrü, daş əsri deyil. İndi internet dövrüdür, hamı əlinin altında bir klaviatura oturub monitorun arxasında yetənə yetir, yetməyənə bir daş atır.

 

Daşımız o qədər ağırdır ki, hər daş dəymiş ayıya dönən bostanımıza bir daş atır. Axı, biz kimin toyuğuna daş atmışıq, kimin yurdunda daşı daş üstə qoymamışıq ki, daşımız belə ağırdır?..

 

Biz ki, çörəyi daşdan çıxanlarıq, halal əməyimizin daşdan yumşağına razı olub gündüzləri çalışıb, gecələri daş kimi düşüb qara daşı yastıq edirik. Bizim daş atıb başımızı tutmağa, əlimizdə daş saxlamağa, daşı dalımızda gizlətməyə, daşın böyüyündən yapışmağa, kimlərinsə başına daş salmağa, ayağına daş asmağa, qabağına daş dığırlamağa qızıldan qiymətli vaxtımız yoxdur. Olsa-olsa kimlərinsə ayağının altına daş qoymağa vaxtımız olar, duz-çörək kəsdiyimiz, dost dediyimiz kəslərin daş qoyduğu yerə baş qoyarıq.

 

Bəs siz, siz nə edirsiz? Dost deyib, qardaş deyib ağzımıza daş basırsız, başı əlhəd daşına dəyməyəninizdən tutmuş ürəyinə daş bağlayanınıza kimi içinizin kinini tökməyə fürsət axtarırsınız, daş atan düşmən axtarırsınız. Daşın haradan atıldığını bilmək istəyirsinizsə gedin İlia Cavcavadzenin daşlarının harayını dinləyin. Bizim daşımız ağırdır, əl ilə atılan deyil onsuz da.

 

Bizim daşımız o qədər ağırdır ki, onun-bunun bəd əməlini də adımıza çıxırsınız. Bizim milçəyimizdən fil düzəldib, onun-bunun filini bir daş altda, bir daş üstdə ört-bastır etməyə canfəşanlıq edirsiniz. Hər aşı daş çıxan, hər baltası daşa dəyən beynindən başqa digər orqanları ilə düşünüb fikirləşdiyi hər hətərən-pətərən sözü ünvanımıza yazır, təhqir edir. Alimindən cahilinə, möminindən kafirinə kinlə, nifrətlə köklənib bizə qarşı. Nədən əcaba? Pulumuzunmu nömrəsi yoxdur, çörəyimizinmi dadı, odumuzunmu istisi?.. Daş qəlbli insanları neylərdin, ilahi?! (M.Ə.Sabir)

 

Biz dil bilməyəndə savadsız oluruq, başqaları dil bilməyəndə təhsil sistemi günahkar olur. Biz haqqımızı istəyəndə vətən xaini oluruq, başqaları haqqı olmayanı qapanda mübariz olur. Biz dərdlərimizi danışanda “müxalifət partiyası” oluruq, başqaları müxalifət partiyası yaradanda hakimiyyət günahkar olur. Axalkalakidə evlər yandırılır, video xəbərin altında bizi söyür, təhqir edir, Bakıya “göndərirlər”; Həmin videoda yerli sakinlər öz dillərində danışırlar, “bunlar Gürcüstanda niyə türk dilində danışırlar” deyib yenə bizi söyür, təhqir edir, Türkiyəyə “göndərirlər”... Üzü daşdan bərk olmalısan ki, bu cür iftiralar yaxasan. Və təəssüf ki, ətəyində daş monitor arxasında oturub başqalarını təhqir etmək üçün vətənin “keşiyində” gözləyən belələri azalmaq əvəzinə günü-gündən törəyirlər. Hələ guya bizim “qeydimizə qalan”, hüququmuzu “qoruyan” qruplar da var ki, oğru yadına daş salmaqla, qurbağa gölünə daş atmaqla məşğuldurlar, bu da kəsəyin oturub daş üçün ağlamasıdır.  

 

Daşlar isə təkcə susmurlar, daşlar həm də danışırlar, min illərin yaddaşını özlərində qoruyub saxlayırlar və gələcək nəsillərə ötürürlər. Bəlkə YADdaşımızı DOĞMAdaşımıza çevirməyin vaxtıdır artıq?.. Onsuz da bizim daşımız ağırdır.

 

Azər MUSAOĞLU