Saat 3-ə qalırdı. Hər kəs öz yerində əyləşib sürücünün gəlməsini gözləyirdi. Özümü yorğun hiss edirdim, elə ətrafdakıların simasından da yorğunluq hissi duyulurdu. Elə bu an zoğalı rəngdə yuxa jaket geyinmiş orta yaşlı (təxmini 40-45), əli çantalı qadına gözüm sataşdı. İrəli gələrək yan oturacaqda saçları səliqə ilə toplanmış dəyirmi sifət, ağbəniz qadının yanında əyləşdi.
Qadın onu tanıyırmış kimi gülümsəyərək dedi:
– Ay Sürəyya, nətərisən, nə yaxşı belə?
– Yaxşıyam, ay Gülbəniz, sağ ol. Nə bilim, elə-belə, bazarlığa gəlmişdim. Səndə nə var, nə yox?
– Yaxşılıqdır. Qızlar necədir, Cəfər, Anya xala? Qızlar böyümüş olarlar, neçənci sinifdə oxuyurlar?
– Canın sağ olsun, yaxşıdılar. Xəbər sənə gəlib çatmayıbmı? Ayseli verdik, 1 aydı toyu olub. Aysel 10-cu sinifdə oxuyurdu, Nərgiz də 7-ci sinifdə oxuyur.
Gülbəniz həyəcanla:
– Mən Gürcüstanda deyildim, yox, xəbərim olmayıb. Nə danışırsan, ay bacı, uşaq deyilmi hələ, bəlkə könlündən oxumaq keçirdi?
Sürəyya etinasız şəkildə:
– Ay qız, nə oxumaq, oxuyub alimmi olacaq?! Yaxşı ailədir, təmirli ev, varlı, pullu... bundan yaxşısınamı gedəcəkdi. Mən özüm də oxumamışam.
Gülbəniz xəyal qırıqlığına uğramış üz ifadəsi ilə:
– Allah xoşbəxt eləsin, amma bil ki, qızın ən böyük sərvəti təhsildir. Mənim qızım da artıq 1-ci kursda oxuyur, tibb universitetində. Anası ölmüşün uşaqlıqdan arzusu idi həkim olmaq.
Sürəyya:
– Hə ay bacı, yadımdadır, sən özün də yaxşı oxuyurdun məktəbdə.
Gülbəniz:
– Hə, sənin də aran yox idi oxumaqla.
Mən o qadınları tanımırdım, onlar da məni. Mən təsadüfi olaraq onların söhbətinə qonaq olmuşdum. Ancaq onların söhbəti tanış mövzu idi. Hər iki qadını müqayisə edir, gözümdə onların həyat portretini canlandırmağa çalışırdım. Etiraf edim ki, Sürəyya xanımın “oxuyub alimmi olacaq?!” cümləsi məni ümidsizliyə qapdırmışdı. Bu nə cür düşüncə idi? Bu cür düşüncə ilə hara gedirik belə? Sürəyya xanımın timsalında bu cür fikirləşən qadınlar və onların övladlarının da uyğun olaraq elə beləcə taleləri olacaqdı.
Birdən avtobus tərpəndi və biz kəndə doğru yola düşdük. Cavabını axtardığım suallar isə hələ də mənə dinclik vermirdi.
Dilarə TƏHMƏZOVA