Qəribə fobiyalar – qorxular haqqında ordan-burdan az-çox məlumatım var idi, amma bu yaxınlarda Qarayazının qar ayazında aptekin qarşısında qatarlaşmış sırada növbə gözləyərkən hər gün bir təzə söz eşitməsə kar olmaq təhlükəsində olan qulağım birini də eşitdi: növbə gözləmək fobiyası. Bilmirəm bu fobiyanın da latın, yunan dillərində adı, soyadı var ya yox, amma dəqiq bilirəm ki, bu fobiya olsa-olsa təkcə qafqazlılarda olacaq.

 

Məsələn, təxminən on nəfərlik bir sırada səbrinin yüyənini möhkəm tutub soyuqda, istidə növbə gözləyirsən, birdən hansısa əmi, dayı, xala, bibi, əmioğlu, dayıqızı, xalaoğlu, bibinəvəsi hürkmüş at sürəti ilə yanından çapıb növbədə duranların heç birini eyninə almadan özünü verir aptekə. Etiraz edirsən ki, ay əmi, ay dayı, ay xala, ay bibi, ay əmioğlu, ay dayıqızı, ay xalaoğlu, ay bibinəvəsi, sən də bizim kimi adamsan, bir saatdır soyuqda gözləyirik, sırada dur, gözlə, növbən çatar girərsən. Qarşına elə arqumentlər qoyur ki, heç Rusiyanın “Arqumentı i Faktı” (Dəlillər və Faktlar) qəzetində də tapa bilməzsən. Deməzsənmi, bu tələsir, növbə gözləyənlərin hamısı avaralardı; bu xəstədi, gözləyənlər sağlam olduqları üçün dərman almaq istəyirlər; bu dərman alasıdı, gözləyənlər ayaqqabı mazı və sair və ən əsası, deməzsənmi, bunun növbə gözləmək qorxusu, fobiyası varmış.

 

Gözləməyə qalsa, inanmıram ki, insanın vaxtını və sinirlərini öldürən bu feildən, əslində isə hərəkətsizlikdən kiminsə xoşu gələ. Hamı məcbur gözləyir.

 

Gələk fobiya məsələsinə. Elə qəribə fobiyalar var ki, daha çox avropalılara aid etmək olar, bizlərdə axtarıb-arasan tapa bilməzsən. Məsələn, araxibutirofobiya – fıstıq yağı qorxusu, dekatriaparaskevifobiya – ayın 13-nün cümə gününə təsadüf etməsi qorxusu, ataksofobiya – qarmaqarışıqlıq və ya səliqəsizlik qorxusu, bakteriofobiya – bakteriyalar qorxusu, xionofobiya – qar qorxusu, qamofobiya – evlilik qorxusu, ginekofobiya – kişilərin qadın qorxusu, kumpunofobiya – düymə qorxusu, mageyrokofobiya – yemək bişirmək qorxusu, mizofobia – kir qorxusu, obesofobiya – kökəlmək qorxusu, verminofobiya – mikrob qorxusu, İslamofobiya – müsəlmandan qorxmaq və sair.

 

Elə fobiyalar da var ki, ətrafımızdakı hər beş adamdan dördündə rast gəlmək olar. Məsələn, ablutofobiya – yuyunmaqdan, çimməkdən qorxmaq. Koronavirusun peyda olması ilə səhiyyə qurumlarının tez-tez yuyunun tövsiyəsi bu insanlar üçün lap dəhşət oldu. Bunlara həm də hidrofobiyası (su qorxusu) olanları da əlavə etmək olar.

 

Və ya götürək elə yatrofobiya (həkimlərdən qorxmaq) və nozokomefobiyanı (xəstəxanalardan qorxmaq). Etiraf edək ki, ölənə yaxın xəstəxanaya üz tutan, həkimə müraciət edənlər daha çox bizlərdədir. Elə ki, xəstələndin, get mollaya, falçıya, duadan-zaddan yazdır, otdan-əncərdən dəmlə iç, xəstəxanaya ölənə yaxın gedərsən, Allah qoysa.

 

Və yaxud da papirofobiya – kağızdan qorxmaq, bibliofobiya – kitabdan qorxmaq, skolyonofobiya –məktəbdən qorxmaq, epistemofobiya – yeni biliklər əldə etməkdən qorxmaq. Bu fobiyalar canımıza-qanımıza elə hopub ki, üzərindən əsrlər ötsə də hələ də kağızdan, kitabdan, məktəbdən, yeni biliklərdən qorxanlarımız kənd-kənddi, şəhər-şəhərdi.

 

Hələ əlimizə mikrofon alıb kənd-kənd, şəhər-şəhər düşüb sorğu aparsaq görərik ki, politikofobiyası (siyasətçilərdən qorxmaq), dikefobiyası (ədalətdən qorxmaq), teatrofobiyası (teatrlardan qorxmaq) olanlarımız da yetərincədir. Bu sonuncuya isə Tiflisdə indi fəaliyyətsiz öz bağlanmağını gözləyən bədbəxt teatrımızın təmiri ilə bağlı əhalimizdən imza toplayarkən rast gəlmişdik. Teatrofobiyası olan gənc xanım “mənə teatr lazım deyil” deyib imza kağızını görəndə isterikaya düşmüşdü. Bəlkə də papirofobiyası və bibliofobiyası da var idi yazığın.

 

Nə isə, sözü uzatmaq istəmirəm, qorxuram aranızda hippopotomonstrosesquippedaliofobiyası (uzun sözlərdən qorxmaq) olanlar olar. Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür deyib Bernard Şou. Bəlkə də ən yaxşı fobiya elə fobofobiyadır.

 

Azər MUSAOĞLU