Bir el yığıncağında idim. Təsadüfən elə bil müxtəlif düşüncəli adamları seçib bizim masaya yığmışdılar ki, mən də kənardan onları izləyərək gerçəklik axtarışına çıxım. Müşahidəmin nəticəsinə keçmədən əvvəl xatirəmi vərəqləyim.

 

Yaxın ötən illərin birində Bakıda avtobusla gedərkən adətimiz üzrə telefonda qurdalanırdım. Birdən ucadan elə bil kimsə qəsdən diqqəti çəkmək üçün dedi: “Ora bax eee, işığı yanılı qoyublar. Günəş işığı varkən bu izafi xərc yersiz...”

 

Bu zaman ikinci səs: “Əgər o işığı söndürsələr kiminsə işığı yanacaq”.

 

Bütün avtobusun diqqəti gənclərdə idi. Hamı, həmçinin mən də maraqla tanış cümlələrin istiqamətinə baxırdım.

 

Üçüncü gənc oğlan davam etdi: “Uşaqlar, həmişə boşa axan su kranını bağlayanda düşünün ki, kiminsə evinə su gedəcək, nə gözəl, eləmi?”

 

Hamı təəccüblə bu yersiz alınan danışığa diqqət kəsilsə də, yerlərdən sözlər atmağa başladılar: “Ay bərəkallah!”, “İndiki cavanlarda hanı belə düşüncə”, “Day belə olsa sosializm olardı ki”...

 

Bir nəfər dözə bilmədi: “A bala, film cəkirsiniz?”

 

Gənclər dönüb mənə baxdılar, hörmətlə gülümsədilər. Əvvəl biri, sonra digər ikisi əlini sinəsinə qoyub baş əyməklə salamlaşdılar. Növbəti dayanacaqda düşdülər. Sonda düşən geri dönüb gülümsəyərək dedi: “Düşərsiniz, müəllim”.

 

Hamı çox maraqla mənə baxırdı. Qəribə bir sükut yarandı, çünki mən səssizcə ağlayırdım. Nə qədər istəsəm də göz yaşlarıma hakim ola bilmədim. Xatırladım onları. Mən beşinci sinifdə onların sinif rəhbəri olmuşdum. Bir il sonra analıq məzuniyyətinə getdim, qayıdanda isə o sinfə başqa müəllim təyin olunmuşdu. Artıq onlar 18-20 yaşlarında olardılar. Amma nə gözəl ki, onlara insanlıq təbliğlərimi unutmamışdılar. Hətta dediyim cümlələrin dəyərini yarıciddi, yarızarafat özümə xatırlatdılar...

 

Bəli, mən uşaqlarımla da elə danışırdım. Hətta Qorqudun dörd yaşı olanda bir qonaqlıqda yerə düşən çörək parçasını götürüb demişdi ki, Somalidəki uşaqlar buna həsrətdir. Əlbəttə, o coğrafi yox, anasının təbliğ etdiyi müqayisəni demək istəmişdi. Təbii ki, ətraf birmənalı qarşılamadı...

 

Əksəriyyət elə qəbul edir ki, mənim heç bir çətinliyim yoxdur, ona görə müsbət köklənirəm. Əslində isə, bəzən çətinliklərin yağışına düşürəm, nə kimsəyə deyir, nə şivən salıram, sakitcə səbirlə vəziyyətdən çıxmaq yollarını axtarır və tapıram – kimsəni incitmədən. Mən naşükür olmamağı anlatmaq üçün illərimi xərcləsəm də, görürəm ki, dünya köhnə dünyadır...

 

İndi gəlirəm gördüklərimə, eşitdiklərimə. Bütün insanlar eyni istiqamətdə təbliğat yönümlü yol seçməsələr də bir “görüb-götürmək” düşüncəsi də var yəqin. Əgər bunu mənə deməyiblərsə, bilmirəmsə, öyrənməyi kim mənə qadağa qoyur ki, niyə yaxşı olanları seçməyim ki...

 

Psixologiyada insanın ətraf mühitə reaksiyası temperament tipləri ilə yekunlaşır, amma o tip heç də dörd tipə bölünmürmüş. Mən hər dəfə məclislərdə olduqda yeni kəşflər edirəm. Bu dəfəki komanda 8 nəfərdən ibarət bir masa idi. Mən burada 8 növ xasiyyət, 8 növ həyata baxış, 8 növ də nəticə gördüm. Kiminsə geyimindən  şəxsi həyatına, kiminsə rəqsindən əxlaqına və daha nələr müzakirə etmədilər. Sonra keçdilər sağlıqlarına. Heç biri xəstə görünməsə də xəstəhal olduqlarını, özəl problemlərini böyüdərək danışmağa başladılar. Yalnız mən dinləyirdim. Belə çıxırdı ki, ən problemsiz, xoşbəxt adam mən imişəm. Halbuki maddi səviyyələri də, fiziki vəziyyətləri də sağlam görünürdü. Adama elə gəlirdi ki, sadəcə “nəzər qaytarmaq” üçün danışırlar.

 

Anam deyərdi ki, xoşbəxt olmaq üçün həmişə özündən aşağı bax, yuxarı baxsan heç vaxt xoşbəxt olmayacaqsan. Əgər sənin sağlığın yerində, övladların varsa, bu, həyatın birinci xoşbəxtliyidir. Anlayışı olan ailən varsa ikinci xoşbəxtliyindir. Başın üzərində daxman və bir tikə ruzin varsa “hələ yaşamağa dəyər bir az da”... Bəs bu adamlar niyə naşükürdürlər? Maddiyyat artdıqca nəinki sosial izafi, hətta doğmalıq, dostluq, yoldaşlıq da dəyişir...

 

Deyirlər ki, kimləsə ilk görüşdə gülərüzlə qarşılayanda qarşıdakına da müsbət enerji verirsən, bu əks olunaraq özünə də təsir edir. Əksinə, mənfi enerji verdikdə yenə özünə qayıdır. Olmazmı adamlar bir-biri ilə qarşılaşanda xoş niyyətlə danışa. Guya kim kimin tökdüyü “qaramatı” qəbul edir ki... Axı heç kim xoşbəxt deyil, heç kim bədbəxt olmadığı kimi.

 

İnanın, xoşbəxt olmaq şansımız var. İstəyərək onu yaxınlaşdırmaq olar. Bax, bizim masada oturan qadınların heç biri bədbəxt deyildi, sadəcə xoşbəxt ola bilmirdilər, “qaramat” yığını idilər. Onların yaratdığı aura başımı gicəlləndirirdi, tezcə oradan uzaqlaşmaq istəyirdim.

 

Gəlin xoş niyyətlərimiz, gülər üzümüzlə ətrafımıza işıq saçaq, dünyamız işıqlansın, çünki o işıq hamımıza düşəcək.

 

Esmira ƏLƏKBƏRLİ