Həyat kompüterdə oynadığımız mərhələli oyun kimidir. Mərhələnin birindən digərinə keçməkdə çətinlik çəkirik. Bu çətinliklər içərisində nə qədər gözəlliyin olduğunu belə görmürük. Özümüzü qruplara bölürük. Məsələn, müsəlman-xristian, ağdərili-qaradərili, kişi-qadın, gözəl-çirkin, varlı-kasıb və s. Bunlardan günümüzün ən aktualı, demək olar ki, hələ nəyin necə olduğunu bilməyən uşağın belə problemi varlı olmaqdır.
Bəzi varlılar ata-babadan qalan mal-mülklə zəngindirlər. Bəziləri çalışıb öz əməkləri ilə bir yerə gələnlərdirlər. Bəziləri isə öz qədərlərini özləri yazanlardır. Öz savadı ilə, təhsili ilə bir yerdə özlərinə mövqe tapanlardır.
Hər il qəbul nəticələri açıqlandıqda ən yüksək balı kasıb ailələrin uşaqlarının topladığının şahidi oluruq. Kimin necə varlı olduğunu heç kəs sorğulaya bilməz, ancaq “könül zənginliyi” deyilən şey var, bax bu, hər varlının qəlbində yoxdur. Bunları gördükcə, şahid olduqca bir daha “toxun acdan nə xəbəri” atalar sözü yadıma düşür. Çox yaxşı müşahidə edilmiş, yerində deyilmiş ifadədir, atalar sözüdür. Əsrlər əvvəl deyilib və hələ də dəyişən heç nə yoxdur.
Doğrudan da varlının kasıbdan xəbəri yoxdur. Onu maraqlandırmır qışın soyuğunda çöldə yatan adamlar, evsiz-eşiksiz qalan küçədəki ailələr, bir ayağı yalın, bir qarnı ac, bir qarnı tox dilənən uşaqlar və digərləri. Eyni həyatı yaşamırıq deyə bir-birimizi başa düşməyimiz çox çətindir deyəsən. Ona maraqlı deyil metrodakı basabas, ona maraqlı deyil maaş, pensiyanın çatmaması, ona maraqlı deyil yolların palçıqlı olması, ona başqalarının problemi maraqlı deyil. Heç olmasa ömründə bir dəfə yoxsulluq yaşamayan, doğulduğu gündən ağzında gümüş qaşıqla böyüyən birinə niyə maraqlı olsun ki, ucqar kənddə məktəbdə istilik sistemi yoxdur, uşaqlar evdən apardıqları odunun tüstüsündə lövhəni görməyə çalışırlar...
Düşünüb bir-iki saç telini niyə ağartsın ki? Yaşayır da özü üçün.
Varlı və kasıb insanlar arasındakı fərq, sözsüz ki, təkcə pulun çoxluğundan və azlığından ibarət deyil. Bu iki təbəqə arasında əsas fərqlərdən biri onların dünyaya fərqli baxışları və fərqli düşüncə tərzləridir. Kasıb insanlar pul xərcləməkdə risk etmirlər, zənginlər isə pul xərcləməyin nə vaxt riskli olduğunu dəqiq bilirlər. Buna misal olaraq hər gün mağazada növbə gözləyərkən qarşılaşdığım bir hadisəni danışmaq istəyirəm. Üst-başından doğrudan da kasıb olduğu görünən bir ata qızı istəyir deyə ona son qəpiyini xərcləyir. Eyni növbədə duran başqa bir valideyn pul qabında saysız bank kartları olan biridir. Uşağına sadəcə istədiyi bir şeyi götürməyini tapşırır, artıq bir şey götürsə yerinə qoymağı üçün sərtlik eliyir və üstəlik ödəniş edərkən problem yaradır ki, “qəbzi nə üçün vermirsiniz”, “nəyə görə selofana pul ödəyirik” və s.
Əksəriyyətimiz kasıb və varlı sözünü eşidərkən çox asan şəkildə onlar arasındakı gözlə görünən fərqlərini beynimizdə formalaşdıra bilirik. Onun duruşunu, geyimini, görünüşünü, danışığını, hətta necə davrana biləcəyini belə kasıb və varlı sözündən anlayırıq. Bir çoxlarımız, məncə, kasıbdır dedikdə çirkli geyimi olan, özündən razı olmayan, qarşısındakı insanlara qarşı özünü müdafiə etməyi bacarmayan, bir sözlə, zəif bir xarakter düşünürük. Varlı dedikdə isə çoxlarımızın ağlına yaxşı geyimli, özündən razı, qarşısındakı insanlara qarşı özünü müdafiə etməyi bacara bilən biri gəlir, yəni güclü biri. Ancaq insanları yalnız iki sözə görə – varlı və kasıb sözlərinə görə təsəvvür etməyimiz nə qədər doğrudur ki?
Kiməsə görə kasıb yaxşı ola bilməzmi, yaxud da varlı pis ola bilməzmi? Məncə, artıq bu düşüncə tərzini dəyişməliyik. İnsanları xarici görünüşünə görə deyil, daxilinə görə sevsək, tanısaq, rəy bildirsək daha yaxşı olar...
“Kasıb yaxşı, varlı pisdir” – çoxunuza tanışdır bu sözlər. Bu kasıb düşüncəli ailənin kasıb sözləridir, uşaqlıqda imkanlı hər kəsin pis olduğunu beyinə yeridən ailədir və bunun səbəbi kasıb olub, varlı ola bilməmək və hər varlının haram yolla qazandığını bizə inandırmaq çabasıdır. Kasıb varlı olmağı sadəcə arzulayır, lakin düzgün çabalamır və varlıya kin bəsləyir, qazancının haram olduğunu düşünür, lakin dərk etmir ki, varlı olmaq beyin işidir, şans işi deyil, beyin güclü olduqda qazanmağı da, xərcləməyi də yaxşı bilir. Adi bir misal: gözəl maşın görəndə “bir gün mənim də olacaq” deyən də var, qarğış töküb pis niyyət edən də var. Pis niyyət edən elə o kasıb beyindi, özünə onu arzulamır, sadəcə özünün yoxdur, olanlara da pis baxış göstərir.
“Kasıb olaraq doğulmusunuzsa bu sizin günahınız deyil, ancaq kasıb olaraq ölürsünüzsə bu sizin günahınızdır” (Bill Qeyts).
Müəllif: Aytən FƏTULLAYEVA