Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edilir. Qeyd edilir deyəndə ki, “quş qoymaq” xətrinə yola verilir – elə ölkəmizdə də, dünyada da. Çünki sözün həqiqi mənasında tolerant olmaq, necə deyərlər, hər kişinin işi deyil, nər kişinin işidir.
Nədir tolerantlıq? Latın sözü olan tolerantia dözüm deməkdir. Lüğətdə fərqli fikirlərə, mövqeyə, rəylərə, adət-ənənələrə, inanclara, həyat tərzinə, dünyagörüşünə dözümlü münasibət kimi izah edilir. İzah edilir... əməl edilmir.
Çünki, yenə təkrar edirəm, tolerant olmaq üçün ya gərək anadan belə doğulasan, ya da ki, xala xətrin qalmasın, öhdəliklər götürəsən.
Məsələn, biz çox tolerant xalqıq, hətta deyərdim ki, bizdə tolerantlığın dozası normadan yuxarıdır. Bu isə, anomaliyadır.
Özü də bizim bu tolerantlığımız özgələrədir. Özümüzə qarşı isə tolerant deyilik. Özgələrin fikirlərinə, mövqeyinə, rəylərinə, adət-ənənələrinə, inanclarına, həyat tərzinə, dünyagörüşünə və sairinə tolerant, dözümlü olduğumuz halda, ahəng qanunu pozulmuş, vurğusu bir az qüvvətli tələffüz edilən bir balaca sözümüz belə özümüzə xoş gəlmir, özümüzə qarşı dözümsüz oluruq.
Tolerantlığımızın bu cür qütbləşməsinin səbəbini axtarıb-araşdırsaq bəlkə də ibtidai icma quruluşuna qədər gedib çıxarıq.
Özümüzdə dözümsüz olduğumuz şeylərə başqalarında dözümlü oluruq.
Özümüzdə bəyənmədiklərimizi başqalarında bəyənirik.
Başqalarına yaraşdırdığımızı özümüzə yaraşdırmırıq.
“Biz dözümlü xalqıq” ifadəsi bəlkə də tolerant sözündən daha qədimdir. Sadəcə olaraq, biz tolerantlıq sözünə dözümlülük sözündən daha çox tolerantıq. Axı, yeni olan daha maraqlıdır, daha çox dəbdədir, müasirlik deməkdir, cəlbedicidir, “abrazavonskilikdir”.
Mən əsla tolerantlığın əleyhinə-məleyhinə deyiləm, haşa! Sadəcə olaraq başa düşməyə çalışıram, bizlərə tolerantlığı aşılayanlar niyə özləri tolerant olmurlar?.. Tolerantlıq bu qədər yaxşı zaddırsa götürün özünüzə qalsın, cənablar. Biz onsuz da əyyami-qədimdən dözümlü xalqıq, yenə də dözərik.
Tolerantlıq da, inteqrasiya da qarşılıqlı olmalıdır. Mən sənə qarşı tolerant olum, sən də mənim bu sadəlövhlüyümdən istifadə edərək başıma min oyun aç, mən sənə inteqrasiya olum, sən də məni assimilyasiya elə... bu, cənablar, uşaq başı qatmaqdan başqa bir zad deyil.
Tolerant olmalıdırsa bütün dünya olmalıdır. Təkcə bizim tolerantlığımız dünyanı xilas edən deyil. Tolerantlıqda da ifrata varmaq ziyan gətirər.
Bütün dünyanın tolerant olması ümidi ilə Beynəlxalq Tolerantlıq Gününüzü təbrik edirəm, hörmətli dözümlülər!