İnsan tək olaraq görünsə də, əslində özünün daxilində bir mən var, kimsənin tanımadığı, bilmədiyi bir mən. İstək və arzularını, sevincini və kədərini kimsənin bilmədiyi, duymadığı bir mən.
Əgər daxildəki “mən”in arzu və istəkləri normal həyatın axışına tərs deyilsə və eqo tətmin edici deyilsə, istəklərində yalnız öz arzu və duyğuları ön plana atılmayıbsa daxildəki “mən” də xaricə yansıyır. İnsan yalnız tək özü ilə savaşır və qalib olur. Əgər insanın daxilindəki “mən”i xaricindəki mən ilə üst-üstə düşmürsə, arzuları, gözləntiləri fərqlidirsə, o zaman xaricdəki “mən”i görünüşcə tətmin etmiş olsa da, daxildəki “mən” hüzursuz və qəmgindir.
Həyatda bəzən insanların normal həyat standartlarının olmasına baxmayaraq qəmgin və bədbəxt görünmələrinin, özlərini elə hiss etmələrinin altında yatan səbəb də məhz budur.
Bəzən insanlarla söhbət zamanı həyatında dərdlənəcək ciddi məqamın olmadığını görürsən, lakin həyatındakı standartların gətirdiyi vəziyyət insana yansımır, həyatı pozitivdir, özü isə onun əksidir. O zaman anlayırsan ki, insan daxilindəki “mən”i ilə bir savaşdadır, onu tətmin edə bilmir, onu tətmin edə bilmək üçün onun istəklərini ifşa etməsi lazımdır. Onu ifşa etməsi ətrafdan iradlara səbəb olduğu üçün ifşa da edə bilmir və bu burulğan arasında ömür sürməyə çalışır. Gözlənilmədən ruh halının dəyişdiyini, aqressivləşdiyini və səbəbsiz yerə əsəbi olduğunun şahidi oluruq. Kənardan baxan biri olaraq səbəbsiz zənn etdiyimiz şeylərin altında əslində daxili və xarici mənlə mübarizə yatır. Kimin qalib olacağı bilinməz, ancaq bundan xilas olmağın yolu odur ki, daxildə kimsənsə xaricə yansıman da o olmalıdır.
Sən sənlə savaşarkən həyat axıb gedir, gedən ömür təkrar qaytarılmır, keçən illərin təlafisi olmur. Yaxşısı budur hər iki “mən”in tərbiyəsi ilə şəxs özü məşğul olsun və iki “mən”i bir etməyi bacarsın ki, ömür deyilən fəslin necə keçdiyini dərk eləsin, necə yaşadığını, kim üçün yaşadığını idrak etsin.
Fani həyat burulğanında sovrulub gedərkən durub bunları düşünmək və addım atmaq lazımdır.
Sən səni adam edə bilməsən kimsə gəlib səni adam edə bilməz. Ən təsirli qüvvə elə insanın özüdür.
Lamiyə HACIYEVA
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri