“Hər canlı ölümü dadacaqdır”.

 

Bəli, ölüm hər bir canlının gec və ya tez dadacağı, yaşayacağı təbii bir prosesdir.

 

Yaxşı, öldün. Arxanca bu yolasalma prosesini necə və nə cür həyata keçirirlər, hansı formada “urvatlayırlar”? Bax, əsl həngamə burada başlayır...

 

İraq evdən-eşikdən, biri gecə ikən qəflətən düşür ölür. Ölü yiyəsi bilmir acısını çəkə, lazım olacaq “ləvazimatları” hazırlaya, qohum-qələvəsinə xəbər edə, yoxsa sabah yığılacaq bəzi canlı, yeriyən kameraların hədəfinə tuş gəlməmək üçün gecəylə pəncərəsini silib, pərdəsinimi dəyişə. Ölən can verir ha, evdəki qorxudan molla çağıra bilmir ki, yavaşın görək, hay-haray etməyin, hələ filan yeri də təmizləyin, o cehizlik döşəkləri tökün yığın, nə bilim, çarpayıyla stolun yerini dəyişin. Elə ki, hər şey hazır olur, daha həə, ölən rahat ölə bilər, ağlayan rahat ağlasın, necə istəyir elə də vay-şüvən salsın. Edilən “bayram təmizliyi”ndən sonra səhər “kameralar” mütləq şəkildə evin bir nöqtəsində bir barmaq toz tapır, ya yastıqdan bir tük çıxmış olur, ya şkafın içindəki stəkanlar simmetrik durmur. Və beləliklə də qırx çıxana kimi olursan dildə-ağızda. Bunlardan da əli boşa çıxanda lentə yazır filankəs nə qədər ağladı, filankəs niyə dillənmədi, bu birisi niyə bayıldı, o birisi niyə ayıldı, ölən niyə öldü, qalan niyə qaldı, bütün anketi doldurur, oradan çıxan kimi də qapı-qapı gəzib başlayır danışmağa “gözünə görünənləri”. Axı nəzərə almırlar ki, insandı, məsələn, ələlxüsus da anadır, tutalım ki, xəstə uşağı rəhmətə gedib, gözünə onun pərdəmi görünür, yastıqmı, evmi görünür, evi zatən başına uçub həmin an, ay insaf yiyəsi!

 

Bundan da keçək, bir də görürsən ki, bir qoldan qüvvətlisi girir ortasından çəkişdirir ki, eləmə, ağlama belə, camaat baxır. Guya ki, indi belə canı yanır. Əşi, burax son dəfə görəcəyi əzizini doya-doya sarsın, qucaqlasın, halallaşsın. Yazıq bilmir ki, acısını yaşaya, yoxsa bunun sıxma-boğmasından qurtara. Axı ağlamaq nə üçün ayıb olsun. Əzizini, candan bir parçasını itirmiş birinin gözünə omu görünür ki, camaat sənə baxır, ağlama.

 

Çox da elə dərindən dini bilgim olmasa da, kitabların birində oxumuşdum, yazırdı ki, “İbrahimi dəfn edərkən Allahın Rəsulu (s.ə.s.) onu qucaqlayıb öpdü, ətrini iylədi, göz yaşlarını gizlədə bilməyib ağladı. Yanındakı səhabələrə bu hərəkət qəribə gəldi, çünki onlar Allahın Rəsulunu həmişə güclü, iradəli bir şəxsiyyət kimi görməyə adət etmişdilər. Hətta Əbdürrəhman ibn Avf heyrətini biruzə verərək soruşdu: “Səndəmi, ey Allahın Rəsulu (ağlayırsan)?”. Peyğəmbər (s.ə.s.) onun cavabında buyurdu: “Ey Avfın oğlu, bu (yəni, göz yaşı) rəhmətdir. Yəni mən də atayam və öz körpə oğlumun ölümünə mərhəmətlə yanaşıram. Yaxud göz yaşları Allahın bizə bir lütfüdür ki, içimizdəki ağrı-acıdan bunun vasitəsilə xilas olmaq imkanını bizə verib. Həqiqətən, insan ağlamaqla yüngülləşir və təskinlik tapır”.

 

İndi, bu camaatı rahat buraxın, qoyun acısını yaşasın. Yas yerlərinə gedərkən “kameralarınızı” bağlayın, bir zəhmət. Bağlanmırsa, getməyin. İnanın ki, o kameralar bir gün də sizi işıqlandıracaq. O zaman vay sizin qara halınıza!..

 

Lətafət KƏRİMOVA