İnsanın mahiyyəti onun arzularında təzahür edir (Benedikt Spinoza).
Doğum günlərində, yubileylərdə, toylarda, bayramlarda, tədbirlərdə, sosial şəbəkələrdə deyilən, yazılan arzulara baxsaq mahiyyətimizi aydın görə bilərik...
Bu yaxınlarda parkda 7-8 yaşlarında iki oğlan uşağının bir-birinə ən böyük arzularını deməsini eşitdim. Birinin ən böyük arzusu “Gelandewagen”, digərininki isə “BMW X6” markalı avtomobil idi. Uşaqlar çoşqun halda, qışqıraraq hərəsi öz arzuladığı avtomobili tərifləyir, öz arzuladığı avtomobilin daha sürətli, güclü, bahalı olmasını bir-birinə sübut etməyə çalışır, biri digərinin arzuladığı avtomobili pisləyirdi...
Dəbdə olan bahalı avtomobil arzulamaqda pis heç nə yoxdur, amma halva-halva deməklə ağızın şirin olmamasını yaxşı bilirik. Onu da yaxşı bilirik ki, dəbdə olan bahalı avtomobilləri əldə etmək üçün heç bir iş görməyib, oxumayıb, təhsil almayıb, əlini ağdan qaraya vurmayıb, avaragor həyat yaşayaraq sadəcə arzulamaq ac toyuğun yuxuda darı görməsi kimi bir zaddır.
Əslində isə bu bahalı avtomobillər uşaqların öz arzuları deyil, onların valideynlərinin arzularıdır. Ümumiyyətlə, bizdə uşaqların öz arzuları olmur, onlar atalarının, analarının, babalarının, nənələrinin, əmilərinin, dayılarının, xalalarının, bibilərinin, böyük qardaşlarının, böyük bacılarının, qonşularının, televiziya kanallarında hər gün çal-çağır edən “xolodilniki” dolu müğənnilərin, aparıcıların, tik-tokçuların arzularını arzulayırlar, arzularını yerinə yetirirlər, arzularını həyata keçirirlər, çin edirlər.
Buna görə də bizdə uşaqdan böyüyə – hamının arzusu eynidir, hamı eyni şeyləri arzulayır. Ən böyük arzularımız yeddi oğul, bir qız yiyəsi olmaq, qırx gün, qırx gecə toy edərək övlad evləndirmək, üskükdən tutmuş güzgülü şkafa qədər maşın-maşın cehiz vermək, nəvə-nəticə sahibi olmaq, bütün nəvələrin-nəticələrin toyunu görmək, bütün nəvələrin-nəticələrin toyunda qollarını qaldırıb bütün nəvələrlə-nəticələrlə “Nənəm, nənəm” mahnısına sındırmaq, hasarı özündən hündür iki mərtəbəli ev tikmək, “Gelandewagen” və ya “BMW X6” almaq, uzun ömür, can sağlığı, qazanmağa Rusiya yaxşı, ölməyə vətən yaxşı, nə ilə olur olsun, hansı vasitə ilə olur olsun çoxlu-çoxlu pul qazanmaq, varlanmaq, qonşudan dala qalmamaq, qohumdan qabağa getmək və sair və ilaxır.
Mən hələ heç bir doğum günlərində, toylarda, bayramlarda məktəbi uğurlu bitirməklə, universitetə qəbul olmaqla, sənət, elm sahələrində müvəffəqiyyətlər qazanmaqla bağlı arzu və diləklər eşitməmişəm. Eşitməmişəm ki, bəylə gəlinə yeddi oğul, bir qız arzulayanlar o yeddi oğul, bir qıza da heç olmasa məktəbi uğurla bitirmək, universitetə qəbul olmaq arzulasınlar. Biz sünnət toyuna kiçik toy adını qoyub uşaqlarımızın kiçik toylarında onlara böyük toy arzu eləmişik, böyük toylarında da gəlinlə bəyə bir yastıqda qocalmağı arzu edərək həyatdakı missiyamızın təkcə çoxalmaqdan ibarət olduğu mesajını nəsildən-nəslə ötürmüşük...
Əvvəl bütün uşaqlar rəssam olmağı arzulayardılar. İndi bizdə uşaqlar nə rəssam, nə müəllim, nə kosmonavt olmağı arzulayırlar. Bizdə uşaqlar böyüklərin arzularını həyata keçirmək üçün, gerçəkləşdirmək üçün dünyaya gətirilirlər. Dünyaya gətirilirlər ki, öz atalarının, analarının, babalarının, nənələrinin, əmilərinin, dayılarının, xalalarının, bibilərinin, böyük qardaşlarının, böyük bacılarının, qonşularının, televiziya kanallarında hər gün çal-çağır edən “xolodilniki” dolu müğənnilərin, aparıcıların, tik-tokçuların arzularını icra etsinlər – böyüsünlər, kiçik toyları olsun, böyük toyları olsun, onlar da nəsildən-nəslə ötürülən ümummilli arzuları gerçəkləşdirmək üçün yeddi oğul, bir qız dünyaya gətirsinlər, bir yastıqda qocalsınlar...
“Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?” (Mikayıl Müşfiq).
Azər MUSAOĞLU