İlin-günün bu vaxtında, dünya gündəminin hər keçən gün qırmızıya boyandığı – qanla yazıldığı, ölkə gündəminin seçki sonrası siyasi qarşıdurmalarla, qarşılıqlı ittihamlarla zənginləşdiyi bir dönəmdə mənim bunları arxa plana atıb, bəlkə də kimlərinsə əhəmiyyətsiz hesab etdiyi bir məsələni qabartmam, gündəmə daşımam məntiqsizlik kimi görünə bilər. Və belə düşünənlərin düşüncələrinə hörmətlərimizi izhar etməmiz gərəkdir. Niyəsini də ara qarışıb, məzhəb itməmiş buradaca yazıram: biz demokratik cəmiyyətdə yaşayırıq, kimin necə düşünməsinə mane olmaq kimi bir haqqımız yoxdur.
Mövzunun birbaşa bizim toplumla, bizim icma ilə bağlıdır deməyimi qəribliyə salmayın. Bunun ən çox bizə – azərbaycanlılara aid olduğuna isə növbəti abzaslarda özünüz də şahidlik edəcək, mənim səsləndirdiyim fikirləri dəstəkləyənlər də tapılacaq.
Bir az uzaqdan başlayım. Kapitalizm insanlarımızı yarışmağa alışdıra bilib. Bizi istehlak cəmiyyətinin bir parçasına çevirib. İnsanımız bu yarışmada önə çıxmaq üçün, qonşusundan daha yaxşı yaşadığını, geyindiyinin, yediyinin fərqli olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxır. Bu məqsədinə çatmaq üçünsə bir çox maddi-mənəvi dəyərləri tapdalayaraq, çöllərə düşməyi də, qürbət ölkələrdə ən alçaldıcı işləri görməyi də özünə rəva bilir.
Öz kəndində, öz şəhərində bu işlərin birini də görməyi ağlından keçirməyən, bunun insanı alçaldan bir hərəkət olduğunu qəbul edən birinin bunları yad ölkələrdə can-başla etməsi paradoks təsiri bağışlaya bilər. Amma bu, gerçəklikdir. Daha çox qazanc əldə etmək istəyi, kimdənsə bir addım öndə olmaq ehtirası onun bütün bunlara göz yummasına, bütün bunlara keçici hal kimi baxmasına səbəb olsa da, gerçəkliyi bir damcı da dəyişməyə qadir deyil.
İnsanımız çöllərə düşür, məşəqqətlərdən keçir, az-çox qazanır, niyə az, lap kefin istəyən qədər gəliri olur və evinə dönür. Və onun evə dönməsindən sonra baş verənlər isə daha təəccüblü, daha heyrətləndiricidir. Mənim bundan sonra danışacaqlarım da məhz insanımızın evə dönüşündən sonra baş verən hadisələrlə bağlıdır.
Evə dönüşün elə ilk günündən insanımız min bir əziyyətdən, min bir təhlükədən keçərək qazandıqlarını başına sovurmağa start verir. O başlamaq, bu başlamaq qazandığının axırına çıxanacan onu dayandırmaq mümkün olmur. O, gözünü açanda baxır ki, qazandığı pullardan bir qara qəpik də qalmayıb. İnsanımız bu bədxərcliyin yorğunluğunu canından çıxarmaq üçün bankların yolunu tutub, soluğunu son çarə kimi baxdığı bu məkanda alır.
İndi gəlin görək bizim insanımız yayın boğucu bürküsündə, qışın sərt ayazında qazandığını nəyə xərcləyir. Mən də elə danışıram ki, guya siz başqa planetdən gəlibsiniz. Hər birimiz gündəlik həyatımızda eyni müşkülləri yaşamırıqmı? Hər birimiz eyni hadisələrin iştirakçısı deyilikmi? Bir-birini təkrarlayan toyların, eyni yas mərasimlərinin gah sıravi iştirakçısı, gah da təşkilatçısı bizik axı? Bütün bunları biz guya adətlərimizə dayanaraq, etmirikmi?
Bəzən başımıza gələn sosial-iqtisadi, siyasi bəlaların səbəblərini yerli-yersiz kənarda axtarsaq da, məişətimizin öz əlimizlə eybəcərləşdirdiyimiz durumuna görə kimisə günahlandıra bilmərik. Heç bir kənar qüvvə və ya heç bir əcnəbi bizim başımıza silah dirəyib toyunu belə etməlisən, ölünü bu cür dəfn etməlisən demir. Kim bizi məcbur edir ki, iki gəncin evlənməsi mərasiminin hər anını pul xərcləmək ayininə çevirək və o iki gəncin izdivacından sonra müflisləşək, evimizə süpürgə çəkək? Gənclərin gələcəyinə yatırım edəcəyimiz vəsaitin havaya sovrulmasını heç kimin əmriylə, fərmanı ilə etmirik axı?
Elə yas mərasimlərimizi də eyni yöntəmlə keçirmirikmi? Elə bil hamı – qohum-əqrəba, qonum-qonşu, yaxın-uzaq ölənin son nəfəsini verməsini gözləyirmiş kimi bir əl-ayaq da satın alaraq, hərəkət etməyə başlayır. Ölü yaddan çıxır. Hamı dəfn mərasimində, dəfndən sonra başsağlığına gələn adamların yaxşı qarşılanması, doyunca yeyib-içməsi qayğısına qalır. Mərasimin hər addımı ölü yiyəsinin maddi itkiləri ilə müşayiət olunur. Dəfn mərasimimizin belə təmtəraqlı keçirilməsini də, bizim üstümüzdə durub, tələb edən yoxdur. Bütün bunları biz dədə-baba adətlərimiz deyib yaşatmırıqmı?
Orasını da deməkdə fayda var ki, bizim insanımızın qazanc üçün getdiyi məmləkətlərdə həyat tərzi tamam fərqlidir. Həmin yerlərin adamları bizim etdiklərimizi, ən azından pulla davranışımızı təəccüb qarışıq maraqla qarşılayır. Onların təəccüb ifadə edən sifətlərindən “elə bunun üçünmü çöllərə düşmüsünüz” sualını oxumaq o qədər də çətin deyil. Bankda altırəqəmli, yeddirəqəmli ədədlərlə ifadə olunan sərvətə malik bu adamlar üçün bizim etdiklərimiz ağılsızlıq, düşüncəsizlik təsiri bağışlamazmı? Burasını da etiraf edək, kişi kimi boynumuza alaq ki, hərəkətlərimizin naqisliyini hərdənbir özümüz də dilimizə gətiririk.
Sonda onu da altını cızaraq deməliyəm ki, bütün bunların israfçılıq olduğunu, məişət mərasimlərimizə çəki-düzən verməli olduğumuzu hamımız – bizli-sizli etiraf edirik. Lakin məqamı yetişəndə heç birimiz dediklərimizə əməl edə bilmirik. Hamımız eyni səhvi təkrarlayaraq, Sizif daşını yenidən zirvəyə qaldırmaqla məşğul oluruq, adətlərimizin əsarətində yaşamağı davam etdiririk.
Afiq MUXTAROĞLU