Psixiatrik xəstəlikləri qədim dövrdə inanca bağlayıb, şeytan əməli olduğunu düşünürdülər. Psixiatrik xəstələri müxtəlif ayinlərlə, dualar oxumaqla, qurbanlar verməklə müalicə edirdilər. Dövrümüzdə tibb yüksək inkişaf mərhələsini yaşayır. Demək olar ki, hər xəstəliyin çarəsi tapılıb. Ancaq psixiatrik xəstəliklər insanın düşüncəsinə və davranışlarına təsir edən, dəyişən xəstəlik olduğu üçün bir çox hallarda müalicəsi çətin olur. Psixiatrik xəstəliklərin geniş yayılmışları arasında depressiyanı, şizofreniyanı, panikanı misal çəkmək olar.

 

Hər bir insanda zaman-zaman əsəb problemləri əmələ gələ bilər. Bu normaldır, ancaq tez-tez baş verdikcə bu, artıq psixi xəstəliyin əlaməti olur. Psixi xəstəliklər insanın həyatını alt-üst edir, bütün həyatımızı davranışlarımız və sözlərimizlə ifadə edirik. Problemli olduğumuzda bu, artıq ətrafımızdakı insanlara da təsir edir. Belə insanlar məktəbdə, işdə, insanlarla münasibətdə balansı qoruya bilməyib anidən kiçik bir sözə də əsəbiləşirlər.

 

Belə bir fikir var ki, insanın psixikası onun iradəsindən aslıdır. Bu fikir tamamilə səhvdir, beyində baş verən psixi probləmləri insan idarə etmir, bu, artıq xəstəlikdir və həmin bu xəstəlik insanı idarə edir.

 

Son vaxtlar cəmiyyətdə intihar, depressiya və oxşar halların artması elə bu səbəbdəndir. Bunlar hamısı psixi travma və pozuntunun nəticəsidir.

 

Əsasən bu günlərdə ətrafımıza nəzər saldıqda bu cür insanlara rast gəlirik. Depressiya gündəlik istifadə olunan bir sözə çevrilib və kiçik bir sıxıntı keçirən şəxs özünü depressiyada hesab edir. Depressiya ağır bir xəstəlikdir, depressiyada olan şəxs hər şeydən küsür, ümidsiz olur, gələcəyə dair heç bir ümidi və planı olmur, həyatda heç nədən zövq ala bilmir, günahkarlıq duyğusu olur, “mən heç kimə lazım deyiləm, bu həyatda artıq bir yükəm” fikri ağıllarından çıxmır. Bunun əsas səbəbi isə xəstənin bu vəziyyətini görən yaxınlarının psixoloji yardım almaqdan çəkindirən faktorlardır. Gənclərin psixi problemi olduğu zaman “psixoloqa psixlər gedir”, “depressiya o qədər də ciddi bir şey deyil, cavandır, özü həll edə bilər” və bu kimi xalq arasında güclü batil inanclar hər şeyi korlayır. Bu batil inanclar səbəbindən hər gün sonu bitməyən faciələr törədilir.

 

Çoxlarınız bu yaxınlarda baş vermiş – balta ilə öz ailəsini qətlə yetirən şəxs haqqındakı xəbərlərə təəssüflər içində qulaq asıb, seyr etdiniz. Kiminiz qınadınız “narkoman imiş, iynədən vurub, atasını-anasını öldürüb” dediniz, kiminiz “mal-mülk üstündə eliyib” dediniz. Hər şey bu deyimlər üstündə baş verir axı... Sonra nə oldu bəs? Aparılan araşdırmalar nəticəsində şəxsin travmalı olduğu, psixoloji problemləri olduğu meydana çıxdı. Uşaq vaxtı baş beyin nahiyəsindən aldığı zərbə nəticəsində sağalmayan yarası olduğu məlum oldu.

 

Hadisədən sonra qohum-əqrəbalarının verdiyi müsahibələrə qulaq asdım. “Biz demişdik bu uşaq xəstaxanada qalmalıdır, problemlidir, valideynləri bizə qulaq asmadılar, düzələcək dedilər, budur, öz övladları qatilləri oldu”. Bu sözləri eşidəndə bir anlıq durdum, doğrudan da bunları deyən qohum-əqrəba görəsən haçansa “uşaq dəlidirmi psixoloqa aparırsan” demişdirmi deyə düşündüm. Kim bilir o an hansı şəxsiyyət pozuntusunu yaşayırdı. Anasını, atasını, öz doğma bacı-qardaşını hansı cismdə görürdü ki, bu qətliamı törətmək onun üçün bu qədər asan olub.

 

Statistikaya görə, hər il dünyada bir milyona yaxın insan intihar edir. 25 milyon insan şizofreniyadan, 38 milyona yaxın insan epilepsiyadan əziyyət çəkir. 200 milyona yaxın insan isə ömründə ən azı bir dəfə depressiyaya düşür. Lakin buna baxmayaraq, bir çox insanlar psixi pozğunluğu olan yaxınları barəsində ətrafda duyulmaması üçün məlumatın gizli saxlanmasını istəyirlər. 

 

Nə vaxt psixoloji problemin, xəstəliyin, həkimə getməyin, dərman qəbul etməyin ayıb bir şey olmadığını anlayacağıq axı? Gec olmadan, insanlar ölmədən, intiharlar yaşanmadan ətrafımızdakı bu vəziyyətdə olan insanlara yardım etməliyik. Çünki bir gün kimin başına nə gələcəyini bilmirik. Heç kimi yaşadıqlarına görə qınamayasan gərək, çünki bu həyatda qınadıqlarımız imtahanımız, güldüklərimiz isə göz yaşımız ola bilər.

 

Aytən FƏTULLAYEVA