Vaxt var idi at ələ düşərdi, meydan ələ düşməzdi. İndi meydan ələ düşsə də, at ələ düşməz. At ölər – meydan qalar. Meydanı boş görüb, bu meydan, bu şeytan deyib, yağışdan sonra çürüntülər üzərində bitən köbələk misalı təkcə öz alçaq gövdəsini, kökünü qoruyan çətirlər görsənməyə başlayar. At meydanında eşşəyin anqırmamasını bilsək də, görmədik. At meydanında eşşək də anqırdı, qoduq da oynadı. Qoduq demiş, burada el arasında yayılmış bir rəvayətlə haşiyə çıxım:

 

Deməli, bir kənddə Məhəmməd adlı kişi yaşayırmış. Bu Məhəmməd çox kobud və qanmaz adam olduğundan kəndin camaatı onu “Eşşək Məhəmməd” deyə çağırarmış. Bu, Məhəmmədin arvadına çox pis təsir edərmiş. Məhəmmədin qohum-əqrəbası camaata nə qədər yalvar-yaxar edib bu biabırçı ləqəbi onun üstündən götürmələrini xahiş etsələr də, bir nəticə vermir. Axırda kənd cavanlarından bir neçə nəfər toplaşıb Məhəmmədin yanına gəlir və şərt qoyur ki, bir yaxşı qonaqlıq versə bu adı onun üstündən götürüb başqa ad qoyacaqlar. Məhəmməd sevinir, təmtəraqlı qonaqlıq təşkil edib kənd cavanlarını və ağsaqqallarını çağırır. Yeyib-içib şadlıq edirlər, nəhayət, söhbət Məhəmmədin ləqəbindən düşəndə ağsaqqallardan biri deyir:

 

− Qardaşlar, Məhəmmədin üstündən “eşşək” ləqəbini götürək deyə bu qədər xərc çəkib qonaqlıq verib. Mən onun üzərindən bu ləqəbin götürülməsini və onun əvəzində ona “qoduq” ləqəbi verilməsini təklif edirəm!

 

Hamı bu fikirlə razılaşır. Qonaqlar dağıldıqdan sonra Məhəmməd sevinərək arvadının yanına gəlib əhvalatı ona danışır. Arvadı Məhəmmədə qulaq asdıqdan sonra deyir:

 

− Başına kül olmasın, ay kişi, daha nəyə sevinirsən, qoduq da axırda böyüyüb eşşək olacaq da.

 

İndi meydan şeytana meydanın düz ortasındaca papış tikənlərindir. İndi at izini it izinə qarışdıraraq gözlərə kül üfürürlər. Axı at ölüb, itlərin bayramıdır. Meydan iki eşşəyin arpasını bölə bilməyənlərə, atın qabağına ət, itin qabağına ot qoyanlara tapşırılıb. Məhəmmədhəsən əminin eşşəyinin qisasını Xudayar bəydən ala bilməyən amorf kütləni zaman Xudayar bəylərin yerinə eşşəkləri gətirməklə cəzalandırır elə bil. Hara gedirsən qarşına bir eşşək çıxır. Bilmirsən Xudayar bəyə söyəsən, ya eşşəyi kötəkləyəsən. Bir yandan Xudayar bəyin uzunluğu naçalnikə qədər gedib çatan şallağı, bir yandan da beynəlxalq heyvan hüquqları gəlib durur gözlərinin qabağında. “Qoy, Xudayar bəy anqırsın tayını tapsın” deyərək Xudayar bəyin eşşək cinsindən olduğunu qorxmadan-çəkinmədən bəyan edən Zeynəbin də aqibətini hələ unutmamışıq. Eşşəkdən şikayət yazmağın onsuz da mənası yoxdur, bir də görəcəksən ki, hansısa kəndxuda bu eşşəyin yiyəsi çıxdı və ya eşşəyin yiyəsinin kirvəsi hansısa nazirdir və sair. Daha ərizələri də Mirzə Səfərlər yazmırlar, odey, gir dəftərxanalara, ədliyyə evlərinə, şikayət yazanların (oxu: adını yaza bilməyənlərin), qol çəkənlərin, möhür basanların hamısı Həsən ağaların qohumlarıdır.

 

Bizim bu “tərəqqimizin” adı da elə atı eşşəyə dəyişməkdir, atdan düşüb eşşəyə minməkdir. Eşşəyə minmək bir ayıb, eşşəkdən düşmək isə iki ayıbdır. Bunun cəmiyyəti süquta uğradan, məhvə sürükləyən, hakimiyyəti əldə saxlamaq, idarə etmək üçün vasitə olduğunu tarix yaxşı xatırlayır. Tarix onu da yaddaşında saxlayır ki, süvarilərin çoxluğu ilə döyüşü qazanmaq şansının olduğu kimi, bir atla alınmaz şəhəri süquta yetirmək də olar – Troya atı kimi.

 

Bizim bu eşşəklərin arpa yediyi, atların samana həsrət qaldığı dövrümüzdə aparılan eşşəkləşdirmə siyasəti, bəd niyyəti, hiyləsi isə Troya eşşəyinə bənzəyir. Bir səhər latergiya yuxusundan ayılıb görəcəyik ki, bu nəhəng taxta eşşəyin içindən çıxanlar meydanları tam tutublar. Onda eşşəkdən danışmağın özü də tarixin qovluğunda tozlanacaq.

 

Azər MUSAOĞLU