İndiki vaxtda böyük bir mənəviyyat böhranı yaşanır. İnsanlar arasında təhlükəsizlik, əxlaq və mədəniyyət yox dərəcəsinə çatıb. Hər kəs qarşısındakını aldadır, günahkar və düşmən olaraq görür. Fürsət tapanlar, ən yaxınındakıları aldatmaqdan belə çəkinmir. İslam dəyərlərindən uzaqlaşdıqca və dünyanın keçici bəzəklərinə bağlandıqca yaradılış məqsədimizdən uzaqlaşırıq. Kimin doğru, kimin səhv söylədiyi müəyyən deyil. Bu faciəvi mənzərə qarşısında uca Allah imdadımıza yetişərək belə buyurur: “Allaha çağıran, saleh əməldə olan və həqiqətən mən müsəlmanlardanam deyəndən daha gözəl sözlü kim ola bilər?” (Fussilət; 33).
İmanlı müsəlman küfr əhlinin oyunlarına gəlməz. Çünki inancının doğruluğundan əmindir. Bugünkü kitablar içərisində təhrif edilməmiş olan yalnız Qurani-Kərimdir. Kim nə deyirsə desin, mühüm olan Quranın dediyidir. Küfr əhli qarşısında zəlil və alçaq olmaqdan çəkinmək lazımdır. Günümüzün insanı bir çox pozğun məzhəbin və dünya görüşünün içərisində həyatla mübarizə aparır. Bu qruplaşmalar gənclərimizi təhlükəyə sürükləyir. Kütləvi informasiya vasitələri gecə-gündüz evlərimizə qədər girib şəri bir nasos kimi beynimizə doldurur. Əzbərində “Fatihə” surəsi belə olmayanların yaddaşında nə qədər lazımsız məlumatlar vardır. Mahnı sözləri, maqazin xəbərləri, futbol ulduzları, daha bilməm nələr... Yaddaşlarımız zibilliyə dönmüş kimidir.
İman həqiqətləri gündəmimizdən düşüb. Gündəlik məsələlərlə vaxt öldürürük. Əncir toxumunu doldurmayacaq mövzuları bəzəyib-düzəyib günlərlə danışırıq. Namaz mövzusunda bir arpa boyu yol ala bilmiş deyilik. Cümə namazının bizi qurtaracağını sanırıq. Vaxt namazlarını qılanları “molla” məqamına yerləşdirib lağ edirik. Əzanlar qaralmış qəlblərimizə yol tapa bilmir. Hansımız gecənin ağaran vaxtında qalxıb oxunan səhər əzanını dinləyib nəfsimizi sorğulayırıq? Səhər namazının hikmətindən və sirrindən nə qədər bəhrələnə bilirik?
Gecəyarılarına qədər televiziya başında oturub günortaya doğru qalxırıq. Sanki gecəylə gündüzü tərs çevirib eləcə yaşayırıq. Sanki narkoz almış kimi yatırıq. Narkozdan xilas olduğumuzda isə çox gec olacaq. Halbuki edilməsi lazım olanlar bəllidir. Rəsulullah yaxşı bir müsəlmanın necə olması lazım olduğunu belə açıqlayır: “Bir-birinizə həsəd etməyin. Alverdə bir-birinizi aldatmayın. Almayacağınız malın qiymətini – müştərini zərərə soxmaq məqsədiylə – artırmayın. Bir-birinizə kin tutmayın. İncik durmayın. Bazarlığı bitmiş olan bir alveri pozmayın. Ey Allahın qulları, qardaş olun. Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməz, darda qalmış isə öz halına buraxmaz, yalan danışıb aldatmaz. Onu kiçik görüb təhqir etməz. (Peyğəmbərimiz sinəsini işarə edərək) Təqva, yəni Allah qorxusu, Allaha qarşı hörmət duyğusu buradadır. Bir adama, mömin qardaşını xor görərək təhqir etməsi günah olaraq yetər. Müsəlmanın hər şeyi, qanı, malı və namusu digər müsəlmana haramdır” (Buxari).
Pul qazanılar da, xərclənər də. Vəzifə də gəlib keçicidir. Lakin qalıcı olan, iç dünyamızı diri tutan mənəvi cəbhəmizdir. Cəbhə başı boş qalınca döyüşdən məğlub olaraq çıxarsan. Eləcə də ruhumuza laqeydliklə yanaşdığımızda gələcəkdə sağalmaz yaralar açıla bilər. İndiki vaxtda bunun canlı nümunələrini görürük.
Mənəvi böhranlardan qurtuluşun tək yolu Qurana və sünnəyə sarılmaqdadır. Dünyada yaşanan mənəvi böhranın tək dərmanı bunlardır.
Sağalmaz kimi görünən mənəvi yaralarımız Rəsulullahın mənəvi reseptləriylə yaxşılaşa bilər. Lakin xəstə də yaxşılaşmağı istəməlidir. Məsələlərimizin çoxu iç dünyamızın tarimar olmasıyla əlaqədar olduğu üçün müalicəsi də psixolojidir. Bu yaralar xaricdən görünməsə də iç dünyamızı gəmirir. Ürəklər qaralmağa başlayarsa bir müddət sonra təmizləmək mümkün olmaya bilər. O dərəcəyə gəlmədən iç dünyamızı aydınlatmanın yollarını axtarmalıyıq.
Mənəvi inkişafın əsasını əxlaq təşkil edir. Nurani əxlaqa sahib olmadıqca qurtuluş üçün çırpınmamız bihudədir. Çünki çırpındıqca daha da batarıq. Texnoloji inkişafla mənəvi inkişafı tarazlıqda tuta bilməsək çətinliklər baş göstərər. Müvazinəti təmin etmək və o istiqamətdə yaşamaq lazımdır.
Müəllif: Hacı Bəkiroğlu