Nyutonun başına alma düşən kimi, Turgenevin də dünyaya səs salan “Atalar və oğullar” romanı vardı. Sadəcə bir ailədə atayla (əmiylə) oğulun mübahisəsi idi. Hansı ki, alma hamımızın başına düşdüyü qədər, o hadisələri də əksər yeniliyə gedən ailələr yaşayırdı. Əşşi, Turgenevlə nə işimiz, gəlin özümüzdən danışaq...

 

Tarix boyu köhnəliklə yeniliyin mübahisəsini yaşadıq. Sonra da bir ad qoyduq: zamana uşaqları.

 

Vallah bilmirəm bu gənclərdən nə istəyirlər?!

 

İnsanın ən böyük faciəsi odur ki, dönüb geri baxmır. Baxsaydı gördüklərindən ən azından ehtiyatla danışmağı öyrənədi.

 

Fikrimcə, zaman heç dəyişməyib, sadəcə adətlər, vərdişlər dəyişib. Əsrlər öncə qayaları daşla cızırdılar, sonra mürəkkəb tapıldı, əvvəl lələklə, sonra pero ilə, nəhayət avtomat qələmlə və nəhayət klaviatura... Daha xəttimiz də yadımızdan çıxıb. Əminəm ki, illər sonra yazı artıq səslə yazılacaq. Deməli, əsas odur yazılır, amma dəyişən istifadə qaydasıdır. Bax bu gün həyatımızdakı yeniliklərin hamısı eynidir, sadəcə mühit, şərait dəyişib...

 

Mən öz zamanıma, mühitimə görə savadlı, intellektual uşaq idim və mənim kimi uşaqlar çox az idi, çünki elə uşaqları yetişdirmək üçün maddiyyət və buna şərait yaradan valideyn lazım idi. Bu gün isə baxıram bir dənə telefonla bütün o sədləri keçmək olur. Daha uşaqlar kitabxanalara getmədən, qəzet-jurnal oxumadan, səyahət etmədən mənim mütaliyələrlə, səyahətlərlə qazandığım dünyagörşünün neçə qatını qazanırlar. Bunun nəyi pisdir? Muzeylərə belə onlayn giriş olursa, qəzeti, radionu, televizoru kölgədə qoyan internet varsa, necə savadsız olmaq olar!

 

Bəzi sözdüzəldici şəkilçi səviyyəsində olan adamcığazlar sosial problemlərdən qurtaranda keçirlər namus məsələsinə. Mən də deyirəm bütün zamanlarda o xətti keçənlər də, nəzarət edənlər də olub. Dediyim kimi, ancaq mühit, şərait dəyişib. Əsrlər öncə Leyli ayaqyalın, başı açıq səhralarda nə gəzirdi ki, Qeysi gördü. Nizami yazmırdımı ki, bu gecə bizə xəlvətcə yar gəlmiş idi. Bütün tarixi sürətlə keçib gəlirəm XX əsrin əvvəlinə. Cahandar Ağa kimi zəhmiylə dağ yaran qeyrətli bir kişi  “xalxın” arvadını qaçırdı, bacısını isə meyxanəyə getdiyi üçün güllələdi. Siyahını zaman-zaman uzada da bilərəm, amma qarafikirli olmaqdansa  yaxşıya köklənib yaxşı nəticə də almaq olar. Əgər o pis işi etmək qərarlısa, qərarverən qəfəsdə də olsa yol tapacaq.

 

Bu gün olan hər pis iş böyük maraqla paylaşılır. Sanki insanlar pis xəbərlər müjdəçisi olmaq həvəskarıdır. Bir yazımda yazmışdım, Stalin icazə verməzmiş mətbuatda kriminal, bəd məlumatlar yayımlamağa. Bir rayonda baş verən nalayiq işlərdən o biri rayonun xəbəri olmazdı. Bu gün biz dünyanın o biri ucunda intihar edən gəncin canlı yayımla ölümünü izləyərək həm əsəbimizi pozuruq, həm də pis tərbiyə olunuruq. Axı Əhmədlər də həmişə olub...

 

Fikrimin əsası odur ki, zaman dəyişib, amma uşaqlar da həmin uşaqlardır. Bu dünya onlar üçün yenidir, öz çətinlikləri ilə, maraqları ilə. Onlar səhv etməsələr heç vaxt düzü görməyəcəklər. Uşaqlarım təzə ayaq açanda barmaqlarını çaydana yaxınlaşdırıb yanmasını hiss etdirmişdim. Onlar heç vaxt ocağa yaxın getmirdilər. Mən qəddar ana deyildim, sadəcə ola biləcək təhlükəni anladırdım ki, qorunsunlar. B.Vahabzadə yazırdı: “Mən oddan qorxmadım yanana qədər”.

 

Biz valideyn olaraq övladlarımızı qəfəsdə saxlaya bilmərik, onları zamanın axarı olan mühitlə baş-başa qoymaq üçün yalnız barmağını istiyə tutmaq lazımdır. Nəzarət edək, amma qadağayla yox, həlim-həlim, usduf-usduf...

 

Unutmayaq ADAM dediyimiz insan həmişə qadağalara can atıb. Həvvaya almanı yemə dedilər – yedi, cəngavərlərə qırxıncı otağa getmə dedilər – getdi. Düzdür, Cırtdana da yat dedilər yatmadı, amma belə istisinalar az olur. Gəlin azlara yox, çoxlara nəzər yetirərək uşaqlarımızı qadağalar məngənəsində yox, sərbəst düşüncəylə seçimə buraxaq. Bir şərtlə, uzaqdan nəzarəti elə edək ki, o, bunu hiss edərək mübarizliyi  qırılmasın. Tək yolda olduğunu düşünərək etibarını itirməmək üçün daim özü özünə nəzarət edəcək. Unutmayaq ki, hamının balası CIRTDAN olmur.

 

P.S.

 

Tələbə olan gənclərimizə uğur diləyirəm! Arxanızda sizdən narahat qalan nigaran baxışları heç vaxt unutmayın. Atdığınız addımın əvvəl pis tərəfini, sonra yaxşı tərəfini düşünün. Cırtdan kimi inadkar olun, amma pusquda divlərin olacağı yaddan çıxmasın.

 

Esmira ƏLƏKBƏRLİ