Hər səhər eyni mənzərə: dayanacaqda onlarla insan, bir-birinə baxan yorğun üzlər, uzaqdan gələn “marşrutkanın” – mikroavtobusun səsi və bir çoxlarının beynində eyni fikir: “Görəsən bu dəfə yer olacaqmı”. Amma çox vaxt olmur. Yer olmadığı halda belə saxlayır, içəridəki sıxlığa baxmadan bir neçə sərnişin də götürür. Sanki insan yox, yük daşıyırlar.

 

Bu vəziyyət təəssüf ki, təkcə bir günün və ya bir avtobusun problemi deyil. Artıq illərdir ki, ictimai nəqliyyatda yaşanan bu narahatlıq insanlar üçün həm fiziki, həm də mənəvi əzaba çevrilib. Bir vaxtlar hamımız sosial şəbəkələrdə tez-tez rastlaşırdıq: “Yollar düzələcək, yeni avtobuslar gətiriləcək, hər biri vaxtı-vaxtında dayanacaqlarda olacaq”. Amma verilən sözlər tutulmur. Düzdür, yollar indi əvvəlkindən qat-qat yaxşı vəziyyətdədir, asfaltlanıb, dayanacaqlar yenilənib, piyada keçidlərini bildirən keçid zolaqları çəkilib. Amma problemin kökü bu deyil, sistemin içindədir. Çünki yollar düzəlməklə insan münasibəti dəyişmir. Sürücülərin çoxu düşünür ki, əsas məsələ “hamını aparmaqdır”. Amma bu “hamı” anlayışı bəzən insan ləyaqətini də tapdalayır. Sürücülər sərnişinlərə təkcə yol pulu verən fiqurlar kimi baxırlar. Sərnişinlər isə yorğun, tələsən, bəzən əsəbi və çox vaxt gərgin olurlar. Ayaq üstə, havasız, bir-birinə sıxılmış vəziyyətdə gedən insanların durumu acınacaqlı səviyyəyə çatıb. Ayaq üstə bütün yolu gedən nə üç nəfərdir, nə dörd. Sürücülər ayaq basmağa yer olmayacaq qədər sərnişin götürürlər.

 

Bəzi sürücülər bu hərəkətlərini haqlı çıxarmağa çalışır: “Mən nə edə bilərəm, özləri əl edirlər, ayaq üstə durarlar”. Amma heç kim sual vermir ki, sərnişin avtobusun içində yer olub-olmadığını haradan bilsin? Qapı açılana kimi içəridəki vəziyyəti görmək mümkün deyil axı. Yer olmadığını görüb bəzi geri düşənlərə isə hirsli şəkildə “niyə saxladırdın” deyirlər.

 

Düzdür, sərnişinlər də bəzən günahsız deyillər. Yer olmadığını görə-görə minənlər də var. Amma bu, çox vaxt seçim deyil, məcburiyyətdir. Çünki növbəti avtobus 30-45 dəqiqə sonra gəlir. İnsan ya gecikməlidir, ya da sıxlıqda getməyə razı olmalıdır. Bu da “günah” deyil, sadəcə sistemin yaratdığı çıxılmazlıqdır.

 

Hər səhər dərsə gedən, bazara, işə tələsən bir çox insan olur. Ən tez işləyən avtobus səhər saat 7-də gəlir (Qardabanidən Tbilisiyə getmək üçün). Məsələn, 17-18 nəfərlik mikroavtobusa 30 nəfər necə sığışa bilər? İnsanmı daşınır, yoxsa yükmü, bəlli deyil.

 

Sanki bu vəziyyətlə hamı barışıb. Sürücü “mənim işimdir, götürürəm” deyir, sərnişin “tələsirəm, minməliyəm” deyir, bu işlərə diqqət yetirənlər isə “problemi bilirik, çalışırıq” cavabını verir. Amma illər keçir, dəyişən çox az şey olur.

 

Halbuki bu məsələni həll etmək o qədər də çətin deyil. Əgər avtobuslarda gündəlik sərnişin axınına uyğun planlama aparılsa, avtobuslar arasında fasilə azaldılsa, həm sürücülərin, həm də sərnişinlərin vəziyyəti yüngülləşərdi. Sürücü də artıq sərnişini “əl edəndə” saxlamaq məcburiyyətində qalmazdı.

 

Ən pisi odur ki, bu vəziyyət artıq adi hal kimi qəbul olunmağa başlayıb. İnsanlar sanki ayaq üstə getməyə, havasız qalmağa, bir-birinə toxuna-toxuna səfər etməyə öyrəşiblər. Amma ictimai nəqliyyat “səbir sınağı” yox, insanların rahatlığı üçün yaradılmış vasitə olmalıdır.

 

Sərnişinlər bəzən deyirlər: “Heç olmasa hava olsun, nəfəs almaq mümkün olsun”. Amma açıq pəncərə belə bəzən kömək etmir. Bəzən isə o pəncərə hasarlı olduğu üçün heç açılmır. Bununla birlikdə içəridəki sıxlıq artıq fiziki deyil, emosional yorğunluq da yaradır. İnsanlar “marşrutkalardan” düşəndə sanki uzun yol deyil, döyüşdən çıxmış kimi olur.

 

Vəziyyəti dəyişmək üçün isə təkcə sürücüləri qınamaq kifayət deyil. Əgər bu problem illərlə davam edirsə, deməli, məsuliyyət bütün sistemin üzərindədir. Bəli, yollar düzəldi. Amma indi düzəldilməli olan insana münasibətdir. İctimai nəqliyyatda hər kəs – istər sürücü, istər sərnişin, istər idarə edən qurum olsun – bir-birinə hörmətlə yanaşmadıqca bu problem həll olunmayacaq.

 

Sonda isə yenə həmişə olduğu kimi bir sual cavabsız qalır. Biz nə vaxt ictimai nəqliyyatda “insan kimi” səfər etməyi öyrənəcəyik?

 

Validə FƏTULLAYEVA