Mən ilk dəfə idi Rustaveli teatrında olurdum. Tarixi binaları çox sevirəm, belə məkanlarda mənim qulağıma fayton atının nal səsi, qəzet satan uşaqların çığırtısı, qoçuların, kintoların qəh-qəhəsi gəlir. Bəzən mənə elə gəlir ki, o neft milyonçularını da indicə görəcəm və onlara təşəkkür edəcəm ki, nə yaxşı siz belə gözəl binalar inşa etdirdiniz.

 

Məktəb illərində Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını elə maraqla oxumuşdum ki, özümü bir-birinin bəhsinə mülklər tikdirən Bakı və milyonçular şəhərinin o dövründə hiss edirdim. Bu binalar içində Opera və Balet Teatrı maraqlı tarixçəsiylə ən sevdiyim bina idi. Bakının neft xəzinəsi maraqlı talelərlə neçə milyonçular yetirdi. Əlbəttə, yalnız birindən yazım:

 

Neft maqnatı Mayılovun Bakıya qastrola gələn opera müğənnisinə – “Bir də nə zaman gələcəksiniz?” – sualına müğənni kəskin – “Heç vaxt” – söyləyib, sonra əlavə edib: – “Opera səhnəsi olsa gələrdim!” Cavab, əlbəttə, milyonçunun qüruruna toxunub və “Sizin şərəfinizə gələn il bu zamana mütləq təşkil edəcəm” deyib. 

 

Milyonçular öz aralarında mübahisə edərkən “Bir ilə opera teatrı yaradacam” fikrinə Tağıyev mümkünsüz deyib və mərc gəliblər ki, əgər vaxtında başa çatsa xərcini Tağıyev ödəyəcək. Beləliklə, binanın tikintisi 10 aya başa çatır və xərci Tağıyev (bəzən Muxtarov da yazırlar) ödəyir. Başı müsibətlər çəkən bina Bakının mərkəzini – Nizami (Tarqovıy) küçəsini gözəlləşdirən tarixi abidələrdən biridir.

 

Rustaveli teatrının sevdiyim tarixi bina üslubu ilk addımdan məni valeh etdi. Böyük zalı isə ilk görünüşdə Bakı Opera və Balet Teatrını xatırlatdı. İlk anda kövrəldim, Bakı üçün darıxdım, sonra alışdım...

 

Sizə də maraqlı olar deyə bir az tarixə səyahət edək, sonra gələrik bu günə.

 

Bakının neft qoxusuna Nobellərdən Rotşildlərə qədər çoxları gəlmişdi. Neft milyonçuları içində Mantaşyev də qazanan və qazandıranlar siyahasında idi. O, erməni əsilli, Tiflis doğumlu bir neft maqnatı və xeyriyyəçi idi.

 

Cənubi Qafqazın mədəniyyət beşiyi Tiflisin mərkəzində tarixi 1887-ci ildən başlayan “Sənətkarlar Cəmiyyəti Evi” fəaliyyətə başladı və indiki Rustaveli prospekti (keçmiş Qolovin) boyu bina inşa olundu. Bir çox tanınmış rəssam və heykəltəraşların yolu bu binadan başladı və davam etdi. Sonra gürcü ziyalıları, sənətsevərləri mədəni həyatı canlandırmaq üçün burada teatr binasının inşasını təklif etdilər. 1898-ci ildə teatr binasının inşası başladı. Məhz bu binanın maliyyəsini Mantaşyevin qarşıladığı yazılır. Bina xarici və daxili gözəlliyi ilə bir sənət əsəridir. Düzdür, Bakı opera teatrına oxşasa da, ondan həm böyükdür, həm də xeyli fərqləri var.

 

Rustaveli teatrı Bakı opera tetrından 10 il qabaq fəaliyyətə başlamaqla həm də çoxşaxəli idi. Rustaveli teatrı üslubca barokko, rokoko, klassik, Bakı opera teatrı isə barokko, modern üslubda işlənib. Bakı Opera və Balet Teatrı məhz musiqi, teatr yönümlü akustik olsa da, Rustaveli teatrı böyük zallı, mədəniyyət fəaliyyətli, eyni zamanda divarları rəsmlidir. Rustaveli teatrının tutumu 850 nəfərə çatır, Bakı opera teatrı isə 600 nəfər.

 

Gözəlliyi ilə göz oxşayan paytaxtımızın ilk mədəniyyət mərkəzidir.

 

Gürcüstan və Azərbaycan Mədəniyyət Nazirliklərinin və Gürcüstanda Azərbaycan Səfirliyinin dəstəyi ilə seçilmiş ziyalılarımızı, tələbələrimizi xüsusi dəvətnamə ilə “Şükriyyə”nin harayına yığdı.

 

İlk foyeyə daxil olanda tamaşaçını sanki teatr tarixi sərgisi qarşıladı. Hər kəs ayaq saxlayıb fotosərgini izləyirdi. Azərbaycan teatr tarixini zənginləşdirən görkəmli şəxsiyyətlərin fotoları və bioqrafik məlumat da bir maarifləndirmə idi. Yaradıcılığı Tiflisdən başlayan bir çox yaradıcıların da fotoları sərgini rövlənqləndirirdi. Xoş təəssüratla böyük zala daxil olduq.

 

Azərbaycan Akademik Milli Dram Teatrının tanınmış aktyorlarının təmsil olunduğu bu tamaşa, təbii ki, həmişəki kimi möhtəşəm idi. Məncə, heç vaxt nə bu zal belə qaynar olmamışdı, nə də bu aktyorlar belə tamaşaçı görə bilməzdilər. Bunun məcazi və həqiqi mənası vardı...

 

Bu soyuq payız axşamı Kvemo Kartli – Borçalının müxtəlif ərazilərindən hətta xüsusi avtobus, taksi kirayələyib gələn tamaşaçıları axşam qaranlığında gətirən, gecə qaranlığında uzaq yola qaytaran qüvvənin cazibəsini, gücünü bizim özümüz qədər kimsə duya bilməz.

 

Qadınlar Şükriyyənin taleyinə kövrəlib, kişilər qəhərlənib, gənclər “bu günə şükür” deyib tamaşa boyu sükutla izlədilər. Tamaşa sona çatdı. İşıqlar söndü. Sanki hər kəsin içində gizlənib tamaşaya köklənən insani hiss getdi və bir millət olaraq sevgi önə keçdi. Alqış möhtəşəm zalda əks-səda verdi. Yox, dayanmadı. Kimsə də ilk dayanmaq istəmirdi. İçindəki həsrəti, bağlı sərhədlərin soyuqluğunu ovcundakı istiliklə isitmək istəyirdi. Alqış dayanmırdı. Aktyorlar vidalaşmaq istərkən dönə-dönə səhnəyə qayıdırdılar. Bütün böyük zal ayaqüstə idi. Alqış səsi kəsmirdi. Kövrək insanlar duyğulanmışdı... Azərbaycan sevgisi, doğmalıq həsrəti alqış sədalarıyla ovunurdu. Aktyorlarımız gül-çiçək ağuşunda əl sallayırdılar. Nəhayət, pərdə bağlandı və alqış hələ də davam edirdi.

 

Yan lojada oturduğumdan mən nə qədər adamın göz yaşlarını sildiyinin şahidi oldum. O göz yaşları tək Şükriyyələrin taleyi üçün deyildi, həm də bugünkü günün doğmalığından qəhərlənmişdi.

 

Bəli, bunları mənim kimi hiss etmək üçün mütləq o zalda olmalı idin! Mən tanıdığım neçə nəfər bu gündən o qədər məmun idilər ki... Bizə yaşatdıqları bu hisslər üçün təşkilatçılara sonsuz təşəkkür edirəm!

 

Sevə-sevə ötən yaxın günü xatırladı və kövrəldi: Esmira ƏLƏKBƏRLİ