Pul – bu söz yalnız üç hərfdən ibarətdir, qısa olmasına baxmayaraq, bu gün, demək olar ki, hər kəsi qarşısında kölə etməyi bacarıb. Pul bizlərə nə üçün lazımdır? Həyatmızda hansı rolu oynayır? Pulsuz həyatda insanların var olması mümkündürmü? Bu sualların cavabları müxtəlifdir.
Fikrimcə, pul həqiqətən də bizlərə lazımdır. Kimisinə görə pul hər şeydən dəyərlidir, hətta pulun varsa hər şeyin var deməkdir; pulun varsa sağlamlığın, yeməyin, içməyin, mükəmməl yaşamın, karyeran, sevənlərin, dostun, ailən var deməkdir. Kimisinə görə isə pul yalnız adi bir kağız parçasıdır – ona tamah etdiyi insanları qarşısında kölə etməyi bacaran kağız parçası. Əgər bizlər dərk etsək ki insan olmasa pul heç nədir, o zaman insan kölə olmaqdan qurtular. Axı ilk öncə insanlar yaranıb, pulu da yaradan insanlar olub. Nə üçün bunu unuduruq? Demirəm ki, pul heç nədir, sadəcə onu demək istəyirəm ki, pulun köləsi olmayaq, ona tamah edərək doğru olmayan işlərə baş qoşmayaq.
Uşaqkən pulu heç sevməzdim, ancaq böyüdükcə nə qədər sevməsəm də puldan asılı olduğumuzu anlayıram...
Keçmişdə insanlar gözlərində pulu bu qədər böyütmədiklərinə görə yaşamaq bir o qədər asan idi. Pulu nə qədər böyüdəriksə, əldə etmək istədiyimiz də bir o qədər böyüyər. Keçmişdə müharibələrlə əldə edilən torpaqları bu gün pulla satın almaq mümkündür. Hansı ölkənin pul gəliri çoxdursa o ölkə liderdir. Yəni, bir sözlə, pulun görünüşündən çox dəyəri var imiş. Büyüdükcə bunları anlamağa, dərk etməyə başladım, bununla yanaşı xoşagəlməz hadisələrə də şahid oldum. Mən pulun yalnız ehtiyacımız olduğu hansısa bir şeyi almaq üçün olduğunu düşünürdüm. Sən demə belə deyilmiş, pulla insanın canını da satın almaq olurmuş.
Təəssüflər olsun ki, günümüzdə narkotik istifadəçilərinin sayı artıb. Kimisi satır, kimisi isə istifadə edir. Satan adam bu işdən karlı çıxır, bəs istifadə edən, onun sonu necə olur? Sanki heç dünyaya gəlməyibmiş kimi həyatına öz əlləri ilə son qoyur, bir anlıq düşüncəsizliyinin, hirsinin qurbanı olur. Halbuki belə insanlara narkotiki vermək yerinə, onlarla uzağı 5 dəqiqə danışıb problemini dinləyə bilərik. Doğrudur, psixoloq deyilik, ancaq insanların yaşadıqlarını dinləmək psixoloq olduğumuz mənasına da gəlmir. Bu, insanlıqdır. Hər bir insan qarşısındakı şəxsi dinləyərək çox böyük səhvlər etməsinə mane ola bilər. Ancaq problemini dinləmək yerinə, həll yolunu axtarmağın əvəzinə fürsətdən istifadə edənlər daha çoxdur. Nədi-nədi ki, əllərindəki mallarını sataraq pullarına pul, varlarına var qatacaqlar. Sən o pulu yeyə bilərsənmi ki? O pulun, varın içində rahat nəfəs ala bilərsənmi ki? O pulla bir insanın həyatını, gələcəyini, xəyallarını əlindən alırsan. Nə qədər mümkündür ki, sənin də rahat yaşayacağın, normal bir gələcəyin, ölümün olacaq? Bir kağız parçası üçün insan canı da alınırmış. Pulun hökmü budurmu? Əgər pul bunu da etməyi bacarırsa, nə üçün belə bir şeyi sevək ki?..
Pulla çox şey əldə edə bilərik, ancaq hər şeyi deyil. Biz insanlar bunu nə vaxt başa düşəcəyik axı. Bəlkə bir gün başa düşəcəyik, ancaq hələ ki, o günə çox var. Deyə bilərsiniz, sən guya pulu sevmirsən. Pulu sevməkmi lazımdır? Pulun duyğuları da varmı ki? Pul yalnız əldə etmək istədiklərimiz üçün vasitədir. Əgər pul qarın doyuzdurursa, o zaman nə üçün pulu yemirik? Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə biz insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacağıq. Yəni əgər bu gün çörək olmasaydı onu əldə etmək üçün pula ehtiyacımız olan deyildi. Bir sözlə, pul özlüyündə bir heç nədir. Pul bu gün “tanrımız” olubsa, bu qədər dəyərli olubsa, bunu da edən biz insanlarıq. Bir kağız parçası insanı qarşısında kölə etməməlidir! Bir kağız parçasının qarşısında kölə olmayaq!
Alina Fətullayeva