Bu dünyada bir çox ad-soyad ardıcıllıqları var ki, onlara xüsusi hörmət bəsləyirəm: məsələn, Sokrat – Platon (Əflatun) – Aristotel (Ərəstun) ardıcıllığı kimi. Bu ölməz üçlük əsrlər boyu bütün mədəni axınlarda tutiya misilli olublar: yəni, mənəvi mənada, əsl göz dərmanı sayılıblar!
Məhz həmin qədim müqəddəs Müəllim – Tələbə (Sokrat – Platon – Aristotel) ənənələrinin sayəsində bugünkü dünyada hər bir Elmlər Akademiyasının kökü qədim yunan fəlsəfə məktəbi olan Akademiyaya bağlıdır!
Müxtəsər arayışa görə, Akadem mifik yunan qəhrəmanlarından biridir. Qədim-qayım nəzər nöqtələrinə əsaslansaq, onu Afina yaxınlığındakı bir bağda dəfn ediblərmiş. Platon mühazirələrdən sonra öz tələbələri ilə məhz həmin bağda gəzməyi xoşlayırmış. Sonralar Platonun məktəbi Akademinin şərəfinə “Akademiya” adlanmağa başlamışdır. Və dünyada ilk akademiklər də Platonun tələbələri arasından çıxanlar ola bilərdi.
Əksər insanların, qrupların tarixdə qalmaq arzusu, seçilmək, fərqli görünmək iddiaları o qədər böyükdür ki, indi akademikliyin atributları sayılan mantiyalar – plaş şəklində qolsuz, uzun üst geyimi – və papaqlarla (şapkalar) birgə akademiyalara bir milli əlavəsi də gəlib: məsələn, milli elmlər akademiyası. Əslində elmin millisi anlayışı arada-sırada az-az arazbarı qərib də görünür.
Amma bütün hallarda, biz çox şeyin akademikini, yəni yaradıcılıq cəhətdən nümunəvi sayılanını istəyirik: akademik teatr, akademik kitabxana, akademik lüğət və sairə.
Baxmayaraq ki, indi yeni hərşeyşünaslar zümrəsi də yaranıb və onlar “akademik-akademik” danışmağı çox xoşlayırlar: sanki zoğallı yastanalarda lılıx zoğal yeyirlər. Məsələn, həyatda bircə dəfə də olsun sinəsi ilə top saxlamayan hərşeyşünas futboldan o qədər “emosional”, o qədər “ekspressiv” danışır ki, sanki Aristotelin “Ritorika”sından bir stadion imtahan verib! Ya da sanki Hakan Çalhanoğlunun müəllimi-məşqçisi olub! Danışıqları da feysbukdakı bəzi saxta profil sahiblərinin yazılarına çox oxşayır: hərcayı, müxənnət, nakəs...
Bu “akademik-akademik” danışmaq ifadəsini məşhur “Maraşlı” filmindən eşidib yadda saxlamışam. Orada bir personaj o biri personajın gəvəzə-gəvəzə ötdüyünü görüb, ona bərk təpinir:
– Akademik-akademik konuşma! – deyə var gücü ilə üstünə bağırır.
Baxmayaraq ki, özü də akademik səviyyədə deyil. Amma hərşeyşünas olmaq istəyindən də heç cür vaz keçmək istəmir.
Nitq mədəniyyəti, Natiqlik sənəti ölməz, sönməz dəyərlərdir. Bu, öz əmin-yəmin yerində! Akademik natiqliyə gəlincə, əgər Mirzə Halaypozanın dediklərinə inansaq, belə çıxır ki, onun nəvələri ingiliscədə və ruscada “simiçqa kimi çırtdadırlar”. Olsun! Amma ana dilimizdəki atbalaxanım axsamalarını hara yazaq?.. Bəlkə daha çox daxili nitqə bağlı bir unudulmaz akademikin belə bir ifadəsi var: “Mən düşünməyə başlarkən hiss edirəm ki, səs tellərim də işləməyə başlayır”.
Məgər dilotu yeyibmiş kimi, boş-boş başından böyük, “akademik-akademik” danışanların öz səs tellərinə heç yazıqları gəlmirmi? Axı bir zamanlar Süsən-Sünbüldə onların dili “hünər xəzinəsinin açarı” sayılırmış.
...Gördüyüm ilk akademik unudulmaz Həmid Araslı olub. Tarixin zülmətləri içində incilər arayan alim kimi tarixə düşən Həmid Araslı! Məşhur mətnşünas olaraq “Dədə Qorqud”u 1939-cu ildə nəşr etdirmişdi. Ən iztirablı-əzablı 30-cu illərdə. Səmavi simasını heç unutmuram: sanki Qorqud dövründən qopub qalmışdı!
Bir dəfə Yazının şirin əzabından, “qələmdən boylanmağ”ın, “kağızdan baxmağ”ın zövqündən xəbərsiz olan bir “akademik-akademik” danışan demişdi: “Bir zamanlar ibtidai insanlar qocaları yeyirdilər, bizim vətənimizdə isə qocaları Akademiyaya üzv seçirlər”.
Mirzə Qələm də şappadan cavabını vermişdi: “Bu ifadənin mənbəyi sənə yox, Anatol Fransa məxsusdur, özü də fərqli şəkildə. Bu bir. İkincisi, sənin kimilərini heç Mövlana da düzəldə bilməmişdi: bir dəlillə qırx alimi anlatdı, amma qırx dəlillə sənin kimi bir cahili qandıra bilmədi. Sən akademik normaları pozmaq yerinə, guya “dünya”nı düzəltmək əvəzinə, get Keçəl Həmzə kimi qırıq-quruqdan ye, qapı-bacanı süpür, zirəkliyinlə “xanımlar”ın, “dəlilər”in gözünə gir. Amma axırda onsuz da “Qırat”ı apara bilməyəcəksən”!
Yeri gəlmişkən, Mirzə Qələm indi dirilən sözləri araşdırmaqla məşğuldur: yəni xeyli müddətdir ki, məlum seyrağıb səbəblərdən dilimizi tərk etmiş, amma tarixi şəraitlə bağlı hazırda dilimizə yenidən qayıdan, üstəlik də ana dilimizdə özləşmə meylləri yaradan türk mənşəli sözləri araşdırır. Məsələn, ulu, çavuş, dürlü kimi sözləri.
P.S.
Bir dəfə ustad Aşıq Ələsgərin yubileyinə dəvət alanlar arasında mən də var idim. Yadımdadır, orada ustadın:
Nə sevda tapıbsan, nəyə talıbsan?
Hansı qəflətdəsən, gəl, qoca baxtım! – misraları ilə başlayan qoşmasını da oxumuşdum.
Bu il isə ustadın 200 illiyini keçirə bilmədik. Üzü qara olsun, pandemiyanın: imkan vermədi; özü də elə “akademik-akademik” danışır ki!
Amma heç qəm yeməyin. İradəmizdə Sokrat ruhu var: öhdəsindən gələcəyik!
İBRAHİMXƏLİL