Dostluq bir insanın həyatında ən gözəl və eyni zamanda ən mürəkkəb bağlardan biridir. O sanki bir nağıl kimi başlayır, zamanla həyatın bütün çalarlarını özündə əks etdirir. Sevgilər, xəyanətlər, sevinclər, kədərlər, ölümlər və barışlar – hər biri dostluğun bir hissəsinə çevrilir.

 

Dostluq güvənlə toxunmuş bir bağdır. Başlanğıcda hər şey saf və gözəldir: iki insan bir-birinin sirdaşı olur, xəyallarını, sevinclərini və hətta qorxularını paylaşır. Hər baxışda inam, hər sözdə dəstək hiss olunur. Dostlar bir-birinə həyatın çətinliklərini aşmaqda kömək edir, ən xoşbəxt anlarını birlikdə yaşayırlar. Onlar üçün dünya sanki daha parlaqdır.

 

Amma həyat həmişə yalnız xoşbəxtlik gətirmir. Xəyanət dostluğun ən ağır zərbələrindən biridir. Bir baxış, bir hərəkət və ya bir kəlmə illərlə qurulan etibarı bir anda sarsıda bilər. O anda dostluq güzgü kimi çatlayır. Çox çalışılsa belə o bağ heç vaxt əvvəlki kimi olmur. Amma bəzən insan nə qədər xəyanətə uğrasa da, bağışlamaq və davam etmək istəyir. Çünki dostluq eyni zamanda dərdləri və səhvləri qəbul etməyi tələb edir.

 

Dostluq təkcə xəyanət və ağrıdan ibarət deyil, içində sevinc və xoşbəxtlik dolu anlar da çoxdur. Dostlar birlikdə o qədər gülür, o qədər sevinir ki, həyatın ən gözəl anlarını yaşayırlar. Onların paylaşdığı xatirələr ömür boyu unudulmur. Amma xoşbəxtlik qədər, kədər də dostluğun bir hissəsidir.

 

Sonra ölüm gəlir... Dostluğun bir parçasını, hətta bəzən bütün bağını özü ilə aparır. Ölüm dostların qəlbində sağalmayan yaralar buraxır. Dostlar sevdiklərini itirir və bu boşluğu heç nə doldura bilmir. Amma hər dəfə xatirələrdə o itirilənlər canlanır, yaşanmış günlərin izi qəlblərdə qalır.

 

Dostluq təkcə bir hiss deyil, bir həyat dərsidir. O, insanı güldürür, ağladır, böyüdür və dəyişdirir. Dostluğun içində həm sevinc, həm qəm, həm sevgi, həm də xəyanət var. Bəzən o, həyatın özündən də mürəkkəb olur. Amma hər nə olursa olsun, dostluq insanın ruhunda unudulmaz bir iz buraxır.

 

Dostluq xoşbəxtliklə başlayan, xəyanətlə sarsılan, ölümün ağır çətinliyi ilə sınan, amma yenə də xatirələrdə yaşayan bir bağın izləridir. Həyat davam edir, dostluğun izi qəlblərdə əbədi qalır.

 

Raul BƏDƏLOV