Son vaxtlar bir şey diqqətimi çox çəkir. Elə bil insanlar artıq rəngli heç nə seçmək istəmirlər. Geyimlərdən tutmuş ev əşyalarına, uşaqların paltarlarından tutmuş Yeni il bəzəklərinə qədər hər şey eyni rənglərdədir. Qara, ağ, boz, bej, pudra, toz çəhrayısı, körpə mavisi... Sanki göy qurşağının yeddi rəngindən geriyə yalnız bir neçəsi qalıb. Ən qəribəsi isə budur ki, heç kim bunun fərqində deyil. Hamı eyni şeyləri bəyənir, eyni rəngləri seçir və bütün bunları müasirlik, zövq, hətta “aesthetic” adlandırır.

 

Məsələn, uşaq geyimlərinə baxaq. Əvvəllər oğlan uşaqlarını mavi, qız uşaqlarını çəhrayı geyimlərdə görərdik. İndi isə sanki bütün uşaqlar eyni rəngdə geyinməlidir. Bej, süd rəngi, açıq boz, torpaq tonları... Niyə? Axı uşaqlıq dediyimiz şey elə rəngarəngliyi ilə gözəldir. Uşaqların dünyasını belə solğun rənglərə bürüməyə nə ehtiyac var? Hələ bir neçə il əvvəl rəngarəng geyimlər adi hal idi, indi isə göz oxşayan rəng seçəndə elə baxırlar, sanki narıncı, sarı, qırmızı geyinmişik deyə günah iş görmüşük.

 

Evlərimiz də dəyişib. Uşaqlığımın rəngarəng naxışlı xalçalarını xatırlayıram. Hərəsinin ayrı naxışı, ayrı rəngi vardı. İndi isə onların yerində çox vaxt dümdüz, birrəngli xalçalar görürük. Pərdələr, divarlar, mebellər də bir-birinə uyğun çalarlarda seçilir. Əlbəttə, hər kəs öz evini istədiyi kimi bəzəyə bilər. Sadəcə, düşünürəm ki, biz nə vaxtdan rəngarəngliyi zövqsüzlük, hər şeyin bir-birinə bənzəməsini isə gözəllik hesab etməyə başladıq?

 

Yeni il də əvvəlki kimi deyil sanki. Yadımdadır, şam (yolka) ağacımızı müxtəlif rəngli oyuncaqlarla bəzəyər, rəngbərəng işıqlar yandırardıq. Ağacın hər tərəfi ayrı rəngdə olardı. Altına da müxtəlif rəngli kağızlara bükülmüş hədiyyələri düzərdik. İndi isə böyük, eyni rəngli oyuncaqlar, bir rəngdə işıqlar, qızılı və gümüşü hədiyyə bağlamaları dəbdədir. Hər şey bir-birinə uyğun olmalıdır. Bəs o rəngbərəng oyuncaqların yaratdığı sevinc hara getdi?

 

Küçələrdə də vəziyyət fərqli deyil. Maşınların əksəriyyəti ağ, qara və boz rəngdədir. Rəngli bir avtomobil görəndə istər-istəməz diqqətimizi çəkir. Çünki artıq buna o qədər də öyrəşməmişik. Halbuki bir vaxtlar rəngli binaların arasında, küçələrdə sayrışan rəngbərəng maşınlar görərdik...

 

Mənə maraqlı gələn odur ki, rəngli geyimlər, rəngarəng ev əşyaları, müxtəlif çalarlardakı bəzəklər niyə birdən-birə zövqsüzlük kimi görünməyə başladı? Niyə hər şeyin sadə, sakit, solğun olması daha gözəl hesab edilir? Axı rəngli olmaq qarışıq olmaq demək deyil. Hər şeyin bir-birinə uyğun gəlməsi də mütləq gözəllik demək deyil.

 

Bəlkə də biz monotonlanmış bir modanın arxasınca gedirik. Bir neçə il əvvəl hamı başqa cür geyinirdi, indi isə hamı eyni tərzdə görünməyə çalışır. Birinin seçdiyini digəri də seçir, bir evdə gördüyümüz dizaynı başqa evdə də görürük. Sanki fərqli görünməkdən çəkinirik. Ən pisi isə odur ki, bunu öz seçimimiz hesab edirik, halbuki bəzən sadəcə hamının etdiyini edirik.

 

Mən demirəm ki, hamı rəngli geyinməli, evini naxışlı xalçalarla bəzəməli, yolkasını mütləq müxtəlif rəngli oyuncaqlarla doldurmalıdır. İnsan nəyi sevirsə, onu da seçsin. Sadəcə, rənglərin həyatımızdan bu qədər səssizcə çıxması mənə qəribə gəlir. Bir vaxtlar adi hesab etdiyimiz rəngarənglik indi sanki keçmişə aid bir şeyə çevrilib. Dədə-baba vaxtından qalmış bir vərdiş kimi olub.

 

Bəlkə də məsələ yalnız rənglərdə deyil. Bəlkə də biz hər şeyin eyniləşməsinə o qədər alışmışıq ki, artıq bunu hiss etmirik. Eyni rənglər, eyni üslublar, eyni zövqlər... Halbuki təbiət bizə bu qədər müxtəlif rəng və çalar bəxş edib. Niyə onların gözəlliyindən gündəlik həyatımızda da istifadə etməyək? Niyə rəngləri yalnız təbiətdə seyr etməli, öz həyatımızda isə onlardan uzaq durmalıyıq?

 

Bəzən insanın həyatında böyük dəyişikliklər etməyə ehtiyac yoxdur. Bəlkə də rəngləri geri qaytarmaq elə ən kiçik şeylərdən başlayır: rəngli bir geyimdən, naxışlı bir xalçadan, yolkaya asılan sarı, qırmızı, mavi bir oyuncaqdan... Yaxud küçədə qarşımıza çıxan bir insanın qırmızı şərfindən. Bəlkə həmin şərf boz bir günün içində gözümüzə dəyən, üzümüzdə təbəssüm yaradan yeganə rəng olacaq.

 

Axı həyatın gözəlliyi hər şeyin bir-birinə uyğun gəlməsində deyil, fərqli rənglərin bir arada olmasındadır. Göy qurşağının bütün rəngləri eyni olsaydı, ona yenə də heyran qalardıqmı?

 

Aytən Fətullayeva