Səhərin alaqaranlığında reyhanmərzələrə su açmışam. Hava yenicə ağarışdanırdı.
Baxdım ki, bir qarğa dimdiyində böyük çörək parçası arxın üstündə şəstlə dayanıb ətrafı gözdən keçirir. Məndən ona xətər dəyməyəcəyinə əmin olduqdan sonra kamali-ədəblə çörəyini kiçik su arxına buraxıb o tərəfə, bu tərəfə çevirərək islatdı. Sonra da islanmış çörəkdən kiçik parçalar qopardıb iştahla yeməyə başladı. Əppəyinin ucunu tapmaq buna deyirlər yəqin.
Çöllü, çölləmələr – əkinçilər, suçular, sığırçılar bilməmiş deyillər, başlarına gəlmiş olmalıdır. Çöldə iş görənlər naharlanmaq üçün evdən özləri ilə götürdükləri yemək çantasını, bağlamanı qarğanın caynağının, dimdiyinin çatmadığı bir yerdə gizləməsələr yerini görərlər. Qarğa çantanın zəncirbəndini, bağlamanın düyününü elə ustalıqla açar, içindəki dişə dəyən hər şeyi də çinədanına ötürər, yeməyinin yoxa çıxdığını görən çöl adamı da qalar mat-məəttəl. Bəzən kiminsə zarafat etdiyini güman edib, fikri yüz yerə gedər. Yazıq nə etsin? İtik bir, güman min. Qarğa hamıdan yediyi kimi, bir əppək para da ondan yeyər, o da quru süfrəyə dua etməli olar.
Qarğanın su arxında əppəyini suya batırıb yeməsi əhvalatı məni heyrətləndirmədi desəm yalan olar. Və mənim bu heyrətlənməyim də belə bir yazının ortaya çıxmasına vəsilə oldu. Bunu da elə-belə yazdım.
120 növü olan qarğalar haqqında dildə-ağızda dolaşan onlarla yanlış təsəvvür var. Onlardan biri, bəlkə də birincisi qarğaların 300 il yaşamaları ilə bağlıdır. Əslində bu quşlar cəmi 10-15 il, bəzi növləri isə 30-40 il yaşaya bilirlər. 10-15 il hara, 30-40 il hara, 300 il hara? Çox yaşamaq istəyən birinə: “qarğa kimi üç yüz ilmi yaşayacaqsan?” – deyirlər. Biçarə qarğanın adı çıxıb!..
Söhbətə körpü salmaq üçün deyim ki, başımızın üstündə – səmada Şir bürcü, Böyük Ayı bürcü olduğu kimi Qarğa bürcü də var.
Qarğa deyib, quş deyib keçməyək. Qarğa çox ağıllı bir quşdur. Bədəninə nisbətən beyni çox böyükdür. Sahənin biliciləri yetkin qarğanın yeddi yaşlı uşaq ağlına sahib olduğunu söyləyirlər. Yaddaşı yaxşıdır. Gördüyü hər şeyi yadında saxlaya bilir. Yeni öyrəndikləri bacarıqları nəsildən nəslə ötürür. Bütün bunlar qarğanın çoxbilmişlik statusu qazanmasına səbəb olub.
Qarğa yuvası bizə görə pintilik rəmzidir. Amma qarğa pinti deyil. Bəlkə də vasvasılığına görə təmizlik simvolu da sayıla bilər. Əldə etdiyi qidanı yumadan yeməz.
Sürü halında yaşasalar da, hər bir cütlük ayrıca ailə sayılır, hər bir cütlüyün ayrıca ailəsi var. Qarğalar monoqamdırlar, sadə dillə desək, təknikahlıdırlar. Xanım yumurtaya yatdığı dövrdə bəy onu yemləməklə də məşğul olur. İraq feministlərin qulaqlarından. Qarğa ailəsini qoruyandır, onu ölümünə müdafiə edəndir. Yuvasına, balasına toxunan insanların, heyvanların başına od ələyər. Sürü ilə ailə şərəfini tapdamış canlıya hücum edərlər. Bəzən günahsız olanlar da belə hücuma məruz qala bilərlər. Qonşu uşaqlardan biri bilərəkdənmi, yoxsa başqa səbəbdənmi qarğanın balasını öldürdüyü il bizim məhəllə içi mən qarışıq qarğaların belə hücumlarından bəndi-fərman olmuşdu. O üzdən də qarğa ilə işiniz olmasın, a qarğa, məndə qoz var deyib qaşınmayan yerdən qan çıxarmayın. Bunu da qafanızın bir küncünə yazın.
Bir qarğa ölərkən yüzlərlə həmcinsinin onun ətrafına toplaşması qarğaların cənazə mərasimi keçirməsi mənası verirmi? Bax, bunu mən də deyə bilməyəcəm. O üzdən başınızın çarəsinə baxın.
Biz səsli-küylü, tünlük yerə “qarğa bazarı” deyirik. Çox danışan adamların yığnağına “qarğa kimi qarıldaşırlar” bənzətməsi qoşuruq. Həyasız adamlara, toplumlara “qarğa çartdadan” deyirik. “Sizin aranızda ala qarğa bala çıxarmaz” dediyimiz adamlara qarğadan həyasız, qarğadan pis olduqlarını bildirmək istəyib qarğanı həyasızlığın rəmzinə çeviririk. Amma əslində qarğa da bütün canlılar kimi, mühitlə, – biz insanlar da o mühitin içərisindəyik, – yaşamaq uğrunda mübarizə aparır. Biz də adını qoyuruq həyasızlıq. Hətta xalq inamlarımız bir az da dərinə gedir: qarğa qarıldayanda qar istəyir. Yox bir daha nə!
Qarğalar dəstə şəklində yaşayırlar. Onların uçarkən, budaqlara qonarkən qarıldaşdıqlarını hər zaman müşahidə etmək olar. Əslində qarıldaşmaqla öz aralarında əlaqə yaradır, inanın ki, biz anlamasaq da söhbət edirlər.
“Qarğa dili” deyilən bir ünsiyyət vasitəsi də var ki, bunun qarğalarla əlaqəsi yoxdur. Müəyyən qrup adamlar ətrafdakıların anlamaması, müəyyən bilgini, sirri gizli saxlamaq üçün bu üsluba baş vurublar.
Qarğa deyib addamayaq.
“Qarğa və tülkü” təmsilindən də xəbəriniz var. Düzdür, təmsildə tülkü qarğanı aldadıb pendirini ələ keçirir. Amma qarğa nə asan qarğadır ki, ağzındakı yemi tülküyə verə. Yəqin ki, pendir heç yeməyə yararlı bir şey deyilmiş. Qarğa onu tülküyə verərək canını qurtarıb.
Müəllif: Afiq Muxtaroğlu