Bu gün bir az təhsildən yazmaq istəyirəm. Bəri başdan qeyd edim ki, bu yazdıqlarım hərdənbir öz-özümə səsli düşündüklərimdir. Yəni hökmən bu cür olmalıdır və ya ən doğrusu belədir deyib insanlara öyüd-nəsihət vermək deyil məqsədim. Qayıdaq mövzumuza. “Ədəbiyyatçıdan riyaziyyatçı olmaz!” – nə deməkdir bu? Burada, əlbəttə, nəzərdə tutulan o deyil ki, bir insan həm ədəbiyyatı, həm də riyaziyyatı sevə bilməz və ya bilə bilməz. Keçdiyimiz günlərdə yutub platformasında qarşıma bir video çıxdı. Videoda belə bir sual mövcud idi: “Uşağınız ədəbiyyatdan 10, riyaziyyatdan 5 bal alırsa, onu hansı fəndən hazırlığa göndərərdiniz?” Suala, videoda olduğu kimi, bu yazını oxuyanların da böyük əksəriyyəti, yəqin ki, riyaziyyat cavabı verəcəkdir. Çünki düşüncə tərzi odur ki, uşaq ədəbiyyatı onsuz da bilir, riyaziyyatdan isə zəifdir, onda riyaziyyatın üstünə düşülməlidir. Gürcüstan və Qafqazda riyaziyyat fənni, demək olar, bütün sahələrdə ali təhsil qapısını açmaq üçün zəruri olduğuna görə, burada valideynləri qınamaq və demək olmaz ki, niyə riyaziyyat? Çünki bizim ölkədə bunu sistem tələb edir. Avropada və təhsil yönündən inkişaf etmiş bir çox ölkədə isə, valideynlərin əksəriyyətinin düşüncə tərzi odur ki, uşaq əgər ədəbiyyatdan 10 bal alırsa, deməli, gələcəyin yaxşı yazıçısı, şairi və ya ədəbiyyatşünası ola bilər. Və beləcə uşağı güclü və həvəsi olduğu sahə üzrə özəl müəllimlərin, mütəxəssislərin yanına göndərib onun daha çox inkişaf etməsinə təkan verirlər. Bu, eyni zamanda uşağa özəl olduğu, istedadlı olduğu hissini verir və onda özünə güvən yaratmış olur.

 

Əks halda, əgər bir uşağa güclü və uğurlu olduğu mövzuları yox, daim zəif olduğu mövzuları xatırlatsanız, müsbət olduğu yox, sadəcə mənfi olduğu yönləri vurğulasanız bu, bir müddət sonra onda kompleks yaradacaq və o, özünü tədricən dəyərsiz hiss edəcəkdir. Nəticə etibarilə zamanla yaxşı olduğu mövzularda da geriyə doğru gedəcək. Çünki bir insanın həvəsini qırmaq onun gələcəyini əlindən almağa bərabərdir. Məsələn, bir uşağa “filankəsin qızı, oğlu riyaziyyatı su kimi içir, amma sən bilmirsən” demək yerinə, “filankəsin qızı, oğlu riyaziyyatı su kimi içir, amma sən də ədəbiyyatı mükəmməl bilirsən” demək, əmin olun ki, övladlarınızda daha yüksək motivasiya yaranmasına səbəb olacaq və özünü daha çox inkişaf etdirməyə çalışacaqdır.

 

İllərdir gənclərlə çalışan və cəmiyyətdə insanlarla sıx-sıx ünsiyyətdə olan biri olaraq rahatlıqla deyə bilərəm ki, bu dünyada bacarıqsız insan yoxdur. Hər kəsin üstün və bacarıqlı olduğu müəyyən sahələr var. Hətta, bəlkə də bunların bir qismini hələ heç özünüz də kəşf etməyibsiniz. Çünki, təəssüflər olsun ki, ölkəmizdə fərdi inkişaf kursları (xüsusilə də sənətə aid kursları nəzərdə tuturam) çox azdır. Biz “Aktyorluq, teatr və kino” kursları təşkil etdiyimizdə ora gələn gənclərin bir çoxunun heç özləri də inanmırdı ki, onların aktyorluq istedadı var. Çünki bu günə kimi onları bu sahədə yönləndirən, həvəsləndirən heç kəs olmamışdı. Sadəcə aktyorluqda deyil, sənətin rəsm, musiqi kimi digər növlərində də bir çox istedadların ulduzu parıldamamış sönür. Bir çox mənalı şeirlər, hekayələr işıqlanmadan tozlanıb gedir...

 

İnsanlarda bir qorxu mövcuddur. Görəsən mən bacararammı və ya bacarırammı? Əmin olun ki, bunun cavabını yoxlamadan bir qırağa çəkilərək heç bir zaman öyrənə bilməzsiniz. Özünüzə mütləq şans verin.


Qayıdaq yenə işin təhsil yönünə. Bir insanın konkret olaraq hansısa sahəni bilməməsi, ya da az bilməsi onun bəşəriyyətə yararsız biri olduğu anlamına gəlmir. Hər adamın güclü olduğu sahələr qədər, zəif olduğu sahələr də mövcuddur. Böyük şəxsiyyətlərin, alimlərin adını hallandırarkən, onların mütəxəssis olduğu ən çoxu iki, ya da üç sahəni qeyd etmək mümkündür. Məsələn, Albert Eynşteyn dedikdə avtomatik olaraq ağıla fizika gəlir. Necə ki, Mendeleyev deyəndə kimya, Dostoyevski dedikdə isə ağıla ədəbiyyat gəlir. Bu və digər tarixi şəxslərin, əlbəttə ki, üstün şəkildə bildikləri digər sahələr də mövcud idi. Amma hər birinin mütəxəssis olduğu və ön plana çıxdığı əsas bir sahə vardı. Çünki bir insan həm riyaziyyatda, həm biologiyada, həm tarixdə, həm ədəbiyyatda eyni zamanda mütəxəssis ola bilməz. Bu, Albert Eynşteyn olsa belə mümkün deyil. Elə isə biz niyə uşaqlardan, yeniyetmələrdən hər şeyi bilmələrini, qavramalarını, bütün fənlər üzrə yüksək qiymətlər almalarını gözləyirik? Niyə bizim təhsilimiz bəlli bir müddət sonra şagirdin həvəsinə, qabiliyyətinə uyğun olaraq istiqamətlərə bölünmür? Məsələn, məktəbin 12 illik təhsil sistemində ilk 9 ili bütün fənlər, daha sonra imtahan və müsahibələrlə istiqamətlərə bölünüb, son 3 ili hər bir şagird sırf öz istiqamətinə uyğun fənlər üzrə daha çox dərs alsa, görəsən bu daha effektiv olmazdımı? Axı şagird qərarını verib, riyaziyyatçı olacaq, universitetdə də riyaziyyat fakültəsini seçəcək. Sən də müəllimi olaraq onun bu sahəyə daha uyğun olduğunu bilir və təsdiqləyirsən. Elə isə, o niyə digər fənlər ilə eyni dərəcədə, eyni saat miqdarında təhsil almalıdır? Yəni bundan sonra onun musiqi, ya da idman dərslərinə girməsinin nə kimi vacibliyi var? Ya da tam tərsi, musiqiçi və ya idmançı olmaq istəyən birisi, seçimini də bu yöndə edibsə və müəllimləri də onun bu yöndəki istedadını təsdiqləyirsə, onda bu uşağı riyaziyyat, kimya kimi dərslərdə süründürməyin mənası nədir? Universitetə hazırlaşdığı son illərdə bütün gücü ilə sadəcə sevdiyi, seçdiyi sahə üzrə hazırlaşsa, o sahəyə uyğun dərslərə daxil olsa, əminəm ki, universitet həyatına da 1:0 öndə başlamış olar...

 

Anar RAFİQOĞLU

“Era Teatrı”nın bədii rəhbəri, rejissor