Elə başdanca deyim: avropalılar cənnəti burada, yaşadıqları yerlərdə – ayaqlarının altında, başlarının üstündə, bir sözlə ətraflarında yaradıblar, bizimki isə “nisyə” söhbətdir. Avropalının cənnəti gerçəkdir, nəğddir. Onun cənnətini biz yalançı hesab edə bilərik, keçici adlandıra bilərik. Amma etiraf edək ki, avropalının cənnəti duyğu üzvləri vasitəsilə bəlirlənəndir.
Onun cənnəti gözlə görüləndir: al-əlvan çiçəkdir, steril təmizlikdir, komfortdur, lüks arabadır, kosmik gəmidir. “Madonna”dır, “Mona Liza”dır, canım sənə desin, sarısı gözoxşayan “Günəbaxanlar”dır.
Avropa çimməyi bizdən öyrənib, hamamı bizdən mənimsəyib kimi nağıllarla özümüzü aldatmayaq. O üzdən ki, ortada Qədim Romadakı hamamlar – termlər kimi təkzibolunmaz fakt var. Bir də ki, babalarımızla babalarını deməkdənsə, özümüzlə özlərini deməmiz daha doğru deyilmi?
Onun cənnəti gözəl qoxudur. “İci Paris”dir, “Chanel”dir. Burun bu ətri aldımı, unutmaz. Bunu da Avropanın keçmişindəki natəmizliyə bağlamamız baş qatmaqdan savayı heç nəyə yaramır.
Onun cənnəti ləziz daddır. Şokoladdır, keyfiyyətli təamdır, hər şeyin yaxşısıdır. Daddınmı, dilinə dəydimi dilin-damağın cana gələr.
Onun cənnəti iliyə işləyən səsdir. Bethovendir, Baxdır, Ştrausdur, Şopendir. Polifoniyadır. Daha çıqqıdı-çıqqıdı deyil, heç meyxana da deyil. Bu səsi beynə ötürmək hər qulağın işi deyil. Bu səsin sehrinə düşdünmü, özündən keçərsən.
Onun cənnəti əllə tutulandır, bütün bədənlə dərk ediləndir. Əlindəki telefondur, cibindəki puldur, tumarladığı saçdır.
Avropalının cənnətinin kökü dünəndədir, gövdəsi bu gündə. Bizim cənnətimiz nağıldır, mistikadır, xəyal məhsuludur. Baş aldatmadır, baş qatmadır bizimki. “Min bir gecə” nağılıdır.
Bizim cənnətimiz gələcəkdədir. Biz öləndən sonra orada yaşayacağıq. O da, ya bəxt, kimin qismətinə düşə, ya düşməyə. Avopalı cənnətini bu gün yaşayır. Bizim cənnətimiz sonra gələcək. O cənnətin gələcəyi gələcək naməlumluq, qeyri-müəyyənlikdir. Məchuldur. Bizə vəd olunan cənnət gözümüzlə görə bilməyəcəyimiz bir yerdədir. Onun gözəlliklərini yalnız təsəvvür edə bilərik. Onu da edə bilsək.
Biz cənnətimizin qoxusunu ala bilmirik. Nədən ki, onun ətri qoxu orqanlarımızdan uzaqdadır. Heç o qoxunun necəliyi barədə də bilgimiz yoxdur. Duymadığımız ətir haqqında nə deyə bilərik ki? Bizim bilgimiz ağız söhbətindən o yana keçmir. Heç bilmirik haradadır. Heç bilmirik kainatın harasındadır.
Onların yaratdıqları cənnət praktikdir, lazım olanda istifadə olunandır. Onların cənnətində içməli su orqanizmə yararlıdır, biz yararlı suyu gələcək cənnətimizdə içəcəyik. Bizə söz veriblər axı.
Onların cənnətində huri-qılmanlar hər yerdədir, əlçatardadır. Öz yaratdıqları cənnətlərində hurilər qılmanlarla əl-ələ, qol-qola gəzməklərində, keflərində-damaqlarındadırlar. Nəğdi qoyub “nisyə” dalınca düşəsi ha deyillər. Bizim üçün huri-qılmanlar gələcəkdə, xəyali cənnətdədir. Hər işdə olduğu kimi, burada da avropalınınkı nəğddir, cibindədir, ovcunun içindədir, bizimki verəsiyədir. Kor Alı kömbə gözləyən kimi o günü gözləməkdəyik.
Avropa dinin təklif etdiyi cənnəti satın alıb, bitirib, sonuna çıxıb. İndulgensiyanı, cənnətə düşməyin qarantı olan bu qəbzləri kilsə satıb, qurtarıb. Avropalı hələ orta yüzilliklərin sonunda Tanrının mistik cənnətində boş yerin qalmadığını anlayaraq, öz əliylə, öz zəhmətiylə alternativ cənnətini yaradıb. Onun artıq Tanrının cənnətinə ehtiyacı da yoxdur.
Avropalı özünün yaratdığı cənnətin hər qarışını – torpağını-daşını, havasını, suyunu qorumağa məhkumluğunu da anlamaqdadır. Kiminsə gəlib onun cənnətinin keşiyində duracağını da düşünmür.
Biz cənnətimizin harada olduğunu bilmədiyimizdən onu Allah ümidinə buraxmışıq.
Onlar cənnətlərini tapıblar, biz hələ də axtarışdayıq. Bu gedişlə tapacağımıza güman varmı-yoxmu? Cavabsız suala bənzəyir.
Müəllif: Afiq MUXTAROĞLU