Mənə elə gəlir heç bir xalqda “qonaq otağı” anlayışı yoxdur. Ev evdir də, kim gəlir gəlsin. Amma biz necə böyüdük? Bütün anaların qonaq üçün saxlancı, ehtiyat yataq dəsti... hətta son tikəni belə qonaq gələr deyə bişirmədik, saxladıq. Qonaq otağını gündəlik etmədik, özümüz narahat şəraitdə yaşadıq, amma qonaq otağı səliqəli və ciddi, nə vaxtsa gələcək qonağı gözləyir. O qonağın evdə şokoladı da, soyuducunun buzluğunda əti də, hətta qalacaqsa yorğan-döşəyi də hazır idi. Hər şeyin yaxşısı qonaq üçün olmalıdır. Yoxsa... xalq nə deyər?..

 

Analarımız “arvadlığı olub saxlancı olmayan” qadın kimi dilə düşməmək üçün uşağı “umsundurardı”.

 

Bax beləcə “xalqın xətri” üçün böyüdük. Hər addımımızda xalqın layiqli balalarına oxşamaq üçün yaşadıq.

 

Bu, uşaqlıqda, gənclikdə olsa nə vardı ki. “Xalq sindromu” məişətimizin ayrılmaz hissəsinə çevrildi. Nişan qoyursan, toy edirsən mütləq “xalq sindromunun” atributlarına əməl etməlisən: filan qədər qızıl al, bəzək üçün ən bahalı salona gedilməli, gəlin maşını da fərqli olmalı... bəs nə, xalq nə deyər? Xalqdan qorxa-qorxa uşaqgördü, doğum günü, kiçik toy və s. hamısı da xalq üçün, özünün istəyin yox, istəyin şahidi kimi yaşayırsan.

 

Adam tanıyıram ki, gözünü əməliyyat etdirməlidir, etdirmir ki, qışın günü xəstə ziyarətinə gələnlərin ayağı altında qalmasın. Onsuz da gələcəklər, yoxsa xalq nə deyər? Filankəsin hörməti yoxmuş kimi dilə-dişə düşərlər.

 

Sual budur: kimdir xalq?

 

Yıxılana balta vuranlar, öz fərasətləri olmayıb, hamını fərsiz görənlər – bu tip insanlar asta gedənə tənbəl, sürətli gələnə əngəl dedilər. Onların bu “sindromu” qəbir evinə qədər bizi izləyər. Ömründə ana şəfqəti etməyən biri xalq xətrinə anaya ehsan verir. Pandemiya belə bizi “xalq sindromundan” qurtara bilmədi.

 

Ümidimiz gənc nəslədir. Adətimizi sevək, milli dəyərlərimizə hörmət qoyaq, çünki bunlar bizim mənəvi kimliyimizdir. Qəti cahil pəncərəsindən baxmayın, çünki orada “xalq sindromu” yerləşib. Və heç vaxt  məğlub olmur.

 

Bugünkü gənclik öz fəallığı, savadı, intellektilə elə nöqtə qoya bilər ki, “xalq sindromu” tarixə çevrilə bilər. Gənclər, sizin inteqrasiyanız üçün hərtərəfli şərait yaradılıb. “Xalq sindromunu” tarixə çevirmək sizlikdir! Nə müasirlikdə, nə də cahillikdə əriməyək!

 

Esmira ƏLƏKBƏRLİ