Çox önəmli və dəbdə olan bir mövzudan yazmaq istədim. Başlanğıcını bioloq kimi elmi dəlillərlə başlayım.
Təbiətdə həyatımıza çox bənzəmələr var, çox təəssüf ki, ibrət götürmürük. Hamımızın hər gün gördüyümüz ağaclar təbiət qanununa uyğun olaraq hər il bir illik həlqələr qədər böyüyür. Həlqələrin sayı ağacların yaşını göstərir. Heç vaxt təzə fidan yaşlı ağacı xatırlatmır, yaşlı ağac da fidanı. Heyvanlarda da eynən. Hətta yaş dərəcəsinə görə adlandırdığımız adları var (çəpiş, quzu, beçə, fərə və s.).
Bir naşükürləşmiş insan övladıdır ki, hər sahədə təbiət qanunlarını nəinki pozur, hətta dəyişməyə çalışır – fəsadın dərinliyini anlamadan...
Əgər şüurumuz varsa zənginik. Zənginliyimizin bəhrəsini qiymətləndirmədən, sözün həqiqi mənasında, küyə gedirik. Mən ətrafdakı qadınların şüursuz şəkildə bəhsəbəhslə arıqlamaq missiyasını qavraya bilmirəm. Bəli, arıq olmaq yox, arıqlamaq.
Məsələn, mən yaşıma görə bir az fərqli görünə bilərəm – 3-5, uzağı 10 yaş, daha 20, 30 yaş fərqiylə görünmərəm axı. Görünsəm belə əcayib olar. Yaş artdıqca orqanizmin hüceyrələri belə zamanla fərqlənir – cizgilərdən tutmuş baxışlara qədər. Dəridəki təravətdən saçlara, dırnaqlara qədər nəinki forma, hətta tərkibi belə dəyişir (qatılıq səviyyəsində). Bu dəyişiklik orqanizmdə özünü göstərir. Ağıllı sistem o dəyişikliyi gizlətmək üçün yaş artdıqca çəkidə artım yaradır ki, fərqi müsbətə doğru düz mütənasib etsin. Solğun dəri, qırışlar, dəridəki piqmentləşmə – dəri ləkələri dərini dartmaqla, kökəlməklə gizlədir. Əlbəttə, bu, birdən artmır, tədricən və yerində baş verir. Əks halda, insan yaşlaşdıqca dəri kəskin qırışar, büzüşər və getgedə çirkinləşərdi. Deməli, təbiət bilir neyləmək lazımdır.
Amma imkan verirlərmi ki, təbiət öz funksiyasını yerinə yetirə. Hə, bilirəm, oxuyan deyəcək ki, bəlkə sən kökəlməyə meyilli adam deyilsən, biz suyla da kökəlirik. Başa düşürəm, var belə orqanizmlər, amma heç niyəsini düşündünüzmü? – Yox, vallah yox!
Hamı səbəbi düşünmədən nəticənin ləğvinə çalışır – müxtəlif pəhriz formaları ilə. Bu da, təbii ki, müvəqqəti çəki dəyişmə və ya istənilməyən nəticəyə gətirir. Axı siz orqanizmin gedişatını pozursunuz. Yüksək kaloriyə öyrənmiş bədən birdən zülaldan imtina edir. İmtina – birinci zərbə. Genetik olaraq orqanizmin irsi təlabatı var, üzdə istəməsə də şüuraltı olaraq orqanizm tələb edir, özü psixoloji olaraq özünü inandırır ki, istəmir. Bu da ikinci zərbə.
Bir məclisdə ətrafındakı insanlar əylənir, yeyir, deyir-gülür, pəhrizli xanım isə özünü aldada-aldada ətrafdakı insanlara qarşı da aqressiv olur. İstəmədən kimisə acılayır, kəskin olur, əlbəttə, istəmədən, psixiloji olaraq gərgindir axı, tələbatı var, yemək istəyir.
İrsi şəcərə olaraq yeddi nəsil kababı iştahla yeyən bir gen, sahibinin kahı salatı ilə onu aldatmasına necə dözər?! Dözmür. Boğulan tələbatını əsəb gərginliyi ilə çıxarır. Pəhrizə oturan xanımla süfrə arxasında oturmamaq, “nəfsin günahına batmamaq” üçün ondan uzaqlaşanlar isə üçüncü zərbəni vurur.
Birində yaxşı alınan pəhriz menyusu digərində mütləq fərqli olacaq, axı fərqli təlabatlıdırlar, nəticə yeni xəstəliklərə yol açır (tanıdığımız məşhurlardan nə qədər adam saymaq olar).
İndi keçək nəticəni yaradan səbəblərə. Məişət texnologiyasının inkişafı insanı fiziki əməkdən daha da uzaqlaşdırır. Yenilikləri çox gözəl qarşılayırıq. Hər yeniliyin gəlişi ilə bizə yeni xəstəliklər gətirdiyini heç düşünmədik – eləmi?
Fizikada mexanikanın bir qızıl qaydası var. Cisim işdə qazandığını məsafədə itirir. Fiziologiyaya tətbiq etsək təxmini belə olar: orqanizm qidadan aldığı enerjini (kalorini) fiziki işdə itirir. Nəticədə fiziki işlə məşğul olan adam istədiyi qədər ürəyi istəyəni yeyir və lazım olan təlabatı orqanizm götürür, qalanı isə fiziki iş, hərəkət nəticəsində parçalanır və enerji – istilik, su, buxar şəklində orqanizmdən çıxır. Beləliklə, qidadan alınan ehtiyat enerjisi piy halında orqanizmdə yığılıb qalmır. Heç bir fəsad da vermir (kökəlmə olmur).
Qadınlar paltaryuyan maşınları əvəzsiz besab edirlər, amma əllə paltar yuduqları zaman itirdikləri kalorini və hərəkət edən oynaqların necə sevindiyini bilmirlər yəqin. Həmçinin ət çəkəndə, ev süpürəndə, piyada yol gedəndə və sair...
Bəli, texnoloji yeniliklər sağlamlığa çox böyük zərbələr vurub. Düymələrlə iş planımızı qurarkən sağlığımızın fərqində deyilik. Səhər oyan, düyməni bas çay qaynayır... Yalnız süfrəni açıb-yığırsan. Qabları maşın yuyur, paltarı maşın yuyur, xəmiri yoğurur, evi süpürür və s. İş saatları da otraq və yenə texnologiya. Bax, budur nəticəyə aparan səbəb.
Dükanlarda yarımfabrikant yeməklərə, hansı ki, guya yararlığını saxlamaq üçün xüsusi qatqılar əlavə olunur; eyni zamanda ət məhsullarını məhsuldar etmək üçün hormonal preparatlarla bəslənməsi birbaşa istehlakçının orqanizminə daxil olur... İstəsək az zəhmətlə daha kefiyyətli, ucuz və az kalorili yeməklər hazırlamaq olar.
Mən əminəm ki, insanların xəstəliklərinin 90 %-i, qadınların xəstəliklərinin səbəbi məhz hərəkətsizlik və düzgün olmayan qidalanmadır. Fiziki iş elə hərəkət deməkdir. Hərəkət bütün dərmanları əvəz edir, amma hərəkəti əvəz edən heç bir dərman yoxdur.
Düşünək, nəticə çıxaraq!
Müəllif: Esmira Ələkbərli