Elə buradan başlayaq ki, Danimarkanın rəsmi dövlət dili dansk Azərbaycan tükcəsinə dan dili kimi tərcümə edilir. Bizdə şirin dan üzü, dan ulduzu, üzü dan yerinə ifadələri var; amma bunları elə-belə, yaddaş üçün deyirəm.
Danimarka deyilən ölkənin də ən böyük fəxri, uşaq ədəbiyyatı üzrə misilsiz yazıçı, nağıllar səltənətinin şahzadəsi, əfsanəvi Hans Xristian Andersen hesab olunur: yəni mənim (yaxşı, inciməyin, həm də sizin) Andersenim!
Yadımdadır: əmim oğlu Eldarla (torpağı nurlu olsun) mübahisə edirdik ki, Andersenin geyinib-bəzənmək ölüsü olan kral haqqında olan nağılının tərcüməsi dilimizdə necə səslənməlidir: “Kralın təzə libası”mı, yoxsa “Kralın yeni paltarı”mı?
Hər il aprelin 2-si, yəni Andersenin anadan olduğu gün bütün dünyada Beynəlxalq Uşaq Kitab Günü kimi qeyd edilir və nağıllara hələ də inanan yaşlılar uşaqlara təzə ərməğanlar-hədiyyələr edir və onları Andersenin kitabları ilə sevindirməyi xoşlayırlar.
İndi elə ki, aprelin 23-də Tiflis UNESCO-nun Dünya kitab paytaxtı (World Book Capital) elan olundu, birdən-birə mənə belə gəldi ki, dünyanın yeni kitab paytaxtına mənim Andersenim də təşrif buyuracaqdır. Və mən də bu yaşımda ondan həm özüm, həm də nəvələrim üçün avtoqraf alacağam. Axı Andersen özü bir zamanlar Puşkinin öz “Elegiya”sına atdığı imzanı əldə etmiş və ömrünün sonunadək də onu özündə ən qiymətli hədiyyə kimi qoruyub saxlamışdı. Xatirinizdə qalmış olar:
Və bəlkə də kədərli qürubum gələn zaman
Vida təbəssümüylə sevgi alışar bir an… (tərcümə X.Xəyalındır – İ).
Bu az qala post-truth, postpravda dövründə – yəni bəzi həqiqətlərin dəyərsizləşməsi, cəfəngiyyatların və total riyakarlığın, yaltaqlığın baş alıb getdiyi dövrdə mənim Andersenimə böyük təşəkkürlər düşür. Çünki onun “Kralın təzə libası” nağılı bəs elədi ki, biz sevgisizliyə deyil, sevgiyə xidmət eləyək. Yalandan, riyakarlıqdan, ikiüzlülükdən uzaq duraq.
…Təkrar da olsa, nağılın qısa məzmununu yenidən xatırladıram: iki kələkbaz guya kral üçün misli-bərabəri görünməmiş paltar tikmək adı ilə ondan böyük həcmdə mukafat qoparmaq istəyir. Onlar özlərini qeyri-adi dərzi kimi göstərərək, əslində heç bir parça olmadan krala “qızılı naxışlı” paltar “tikirlər” və deyirlər ki, bu xüsusi paltardır və axmaqların və bacarmadığı işdə işləyənlərin gözünə görünmür. Kim özünü axmaq kimi təsdiqləyər ki? Təbiidir ki, kral özü, onun əyanları öz axmaqlıqlarını büruzə verməsinlər deyə, bu olmayan paltarın varlığına inanır, durmadan onu tərifləyir və başqalarına da bunu təlqin etməyə çalışırlar. Kral bu olmayan paltarı guya əyninə geyinir və onu şəhər camaatına göstərməyə çıxır. Bütün camaat da bu tələyə düşür. Təsirə qapılmayan, ümumi ağılsızlığa uymayan, yaltaqlığa yaxın gəlməyən bir uşaq isə sonralar qanadlı ifadəyə çevrilən bu sözləri söyləyir: “O ki, çılpaqdır!” (danca: “Men han har jo ikke noget paa!”).
Biz, məhz həmin o adsız oğlanın yerində olmağı çox arzulayırdıq; həm də o qədər çox ki!..
Nağılda uşağın atasının dedikləri bizi elə incidirdi ki, dərhal uşağın yanında olmağı istəyirdik:
– Görün bu günahsız körpə nə danışır!
Halbuki “günahsız körpə”nin dediklərini hamı, bütün riyakarlar pıçıltı ilə bir-birinə ötürürdü:
– O ki tamam çılpaqdır! Bax, bu oğlan deyir ki, onun əynində libas yoxdur!
Özümüzü o cəsur oğlanın yerində görürdük.
Arzulayırdıq ki, həmin oğlan üçün ayrıca Günəş doğsun. Azadlığı, məktəbi olsun, maraqlı kitabları, qoma-qoma çiçəkləri olsun!
Baxmayaraq ki, indi bəlkə də kralın, padşahın, baş nazirin, hətta kütlənin əleyhinə getmək daha asandır. Amma bu, bəzən daha cəsurluq deyil, post-truth da sayıla bilir. Trolluq-əcinnəlik də hesab olunur. Emosiyalarla oynamaq olur.
P.S.
O vaxtlar biz bilmirdik ki, Andersenin heykəli hələ sağlığında ikən ucaldılıbmış. Abidənin memarlıq layihəsini görən yazıçı təəssüflə deyibmiş: “Bu əhatədə mən nəinki nağıl yaza, heç söz də deyə bilmərəm”.
Bəs biz necə?!
...amma burası da var ki, biz tərəflərdə uşaq yazıçısı yoxdur; yəqin inanırıq ki, biz ağıllı və yaxşıyıq.
O böyük ustadın “Homerin qəbrində bitən gül” hekayəsini unudulmaz Azər Abdulla da çox sevirmiş... Hətta “Qalay əsgərcik” nağılının son cümlələrini əzbərdən deməyi də xoşlayırmış: “Qalay əsgərcik əriyib yumrulandı. Ertəsi gün xidmətçi qadın külü yığarkən bir qalay ürək tapdı”...
İBRAHİMXƏLİL