Qızımın hürkək şəkildə “cinçıxarma nədir” deməsi məni necə narahat etdisə, bəlkə də 40 dəqiqə izahat verdim. Narahatlığımın əsası isə yeniyetmə yaşında hər kəsin keçirdiyi o qorxulu anları xatırlamağım oldu. Düşündüm, bunu niyə yazmayım ki?

 

Adım kimi əminəm, hər kəsin bir “cin tutan babası” olub. Baba hər səhər görərmiş at tərləyib, cindən şübhələniblər. Sonra o cinə iynə (sancaq) taxıblar. Həmin cini istədikləri qədər işlədərlərmiş, “cin əli dəyən hər şey bərəkətli” olarmış, qurtarmazmış. Bir gün təsadüfən kimsə o iynəni çıxarar və cin adamlardan qaçıb öz cin dünyasına qovuşarmış. Babaların bu qəhrəmanlığını da nənələr nəvələrə danışardı. Maraqlı tərəfi isə odur ki, bütün nənələrimiz eyni ssenarini müxtəlif məkanlarda danışarmış. Bu nənələr Qarabağdan Göyçəyə, Zəngəzurdan Borçalıya, Qazaxdan Naxçıvana tanıdığım bütün tələbələrin nənələri idilər.

 

Mən bir az araşdırma və məntiqi düşüncə yürüdərək psixoloji və fizioloji nöqteyi-nəzərlə ixtisasıma uyğun gələn nəticəni bölüşürəm.

 

Belə deyilir ki, Tanrı Adəmi torpaqdan, mələkləri nurdan, şeytanı oddan, cinləri tüstüdən yaratdı: “Biz cinləri tüstüsüz oddan yaratdıq” (Qurani-Kərim, Hicr surəsi, ayə 27). Cinlər gözə görünmür, istədikləri rola girir və ərəb dilində tərcüməsi də gizlənmiş mənasındadır. Digər dinlərin kitablarında da “pis ruhlar”, “şeytani qüvvələr” kimi təsvir olunur. Və bu qüvvələrdən qorunmağın yolu kimi dualar oxumaqla təmizlənmək tövsiyə olunurdu. Sovet nənələri də babalarımızın qəhrəmanlıq nağıllarının sonunda özünüzü qorumaq üçün mütləq “bismillah” deyin deyərdilər. Beləcə “bismillah” qaranlıq otağa girəndə, qaranlıq yol gedəndə, gecə ev işi görəndə özünütəqlin idi. Beləcə nəvələr nənələrdən aldığı talisman sözlə yaddaşlarına uzunmüddətli bir “bizimlə birlikdə yaşayan cinlər” xofu həkk elədi. Sonra o uşaqlar böyüdü, ziyalı sayı çoxaldıqca daha nəvələr cin tutan babalardan danışmadılar. Beləcə bu xatirələr folklora döndü.

 

İnsanda şüuraltı yaddaş deyilən, bizdən asılı olmayan genetik məlumatlar var. Mən bu gün o mövhumata inanmasam da, şüuraltı genimdə o məlumat özünə yer edib. Mütləq şəkildə məndən sonrakı nəslə ötürüləcək. Genetikamızda olan qurd yağı kimi, lax yumurta kimi və s. Canında olan ağrını “cin girmə” kimi anlayan və anladan xəstə həmin nənələrin nəticəsidir. Mümkün deyil firəng olsun, rus da ola bilməz, hələ afrikalı heç ola bilməz. Ona görə ki, onlarda cin yox, qurd yağı da yox, fil sümüyü var. Kiminsə üstündən fil sümüyü çıxsa, hələ iki dəfə də rəqs etmiş olsalar, bu ölüm hökmüdür. Niyə? Ona görə ki, şüuraltı inam artıq genetikaya təsir edib, amma o qurd yağından xörək də bişirsən onlara təsir etməz; biz fil dişindən qorxmayan kimi. Eynilə dualar oxumaqla insan psixoloji, emosional şəkildə bu ağırlığı öz üzərindən kənarlaşdırır. O dualar dinindən asılı olmayaraq hər bir insana psixoloji, mənəvi rahatlıq gətirir. Bütün bu qarabasmaları yetkin yaşda dəf etmək asandır, amma yeniyetmələrdə, zəif iradəli gənclərdə bu mif qorxu şəklində psixoloji zərbə və pis nəticə yarada bilər. Din insanları çərçivədə saxlayan elə böyük bir səbəbdir, inamsızlıq olan zaman isə qiyamət olacaq. Əminəm ki, elə zamanda da belə qorxunc miflər yaratmaqla özəl olaraq əsarət xofu yaradırlarmış.

 

Quran-Kərim kitabımızda 1400 il əvvəl deyilən bəzi fikirlərin elmi sübutu XX əsrdə öz əksini tapdı. Elmlə aça bilmədiklərimizi isə ya möcüzə, ya da mövhumat kimi qəbul edirik. Bu gün bizim fəza sistemi üç ölçülüdür (X, Y, Z). Kənar qüvvələri isə dərk etmirik. İnanıram ki, bir gün dərk edəndə bablarımızın cin toyuna necə gedib düşdüyünü də, uzun saçlı sarı cin qızların necə at çapmağını da izah edə biləcəyik. Hələlik, istəsək də, istəməsək də nənələrin formalaşdırdığı psixoloji yaddaşımızda cin xofu var. Məhz ona görə hər qaraltıdan müdafiə üçün instinktiv olaraq “bismillah” deyirik.

 

Bax indi gecənin üçündə bu yazını yazarkən pəncərə taqqıldadı. Ola bilsin quş dəyə bilərdi, amma mən özümdən asılı olmayaraq “bismillah” dedim. Əminəm, siz də oxuyarkən belə dediniz. Yusaq yuyulmaz, silsək silinməz...

 

Hamımıza bu cinli dünyada cinlənmədən yaşamaq arzu edirəm.

 

Esmira ƏLƏKBƏRLİ